Helsinkidə erməni terroruna etiraz edilib - FOTOLAR
Finlandiyada təhsil alan tələbələrin təşəbbüsü və Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Azər-Türk Gənclər təşkilatının rəhbəri Ülviyyə Cabbarovanın dəstəyi ilə Helsinki şəhərinin Mərkəzi dəmiryolu vağzalının önündə işğalçı Ermənistan ordusunun hərbi təxribatlarını qınayan icazəli aksiya keçirilib.
Diaspora ilə iş üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan aksiyada soydaşlarımız təcavüzkar Ermənistan ordusunun mülki şəxslərə qarşı törətdiyi vandalizm aktlarını, münaqişə bölgəsindən uzaqda yerləşən Gəncə və Bərdə şəhərlərinin və digər yaşayış məntəqələrinin dinc əhalisinin qadağan olunmuş ağır artilleriya silahlarından istifadə etməklə qətlə yetirilməsini, mülki obyektlərin dağıdılmasını pisləyiblər.
Terror qurbanlarının şəkilləri önündə şamlar yandırılıb, onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əllərində erməni təcavüzünü pisləyən məlumatverici plakatlar və Azərbaycan bayrağı tutan gənclər fin və ingilis dillərində “Gəncə üçün dua et!”, “Erməni təcavüzünə son!”, “Bərdə üçün dua et!”, “Erməni terrorçuluğuna son!” kimi şüarlar səsləndiriblər.
Həzin Azərbaycan musiqilərinin canlı səsləndirildiyi dinc aksiya şəhər sakinlərinin və turistlərin də diqqətini çəkib. Finlandiyada təhsil alan fəal gənclər Ofeliya Verdiyeva, Fərhad Savoji, Şəfiqə Qasımzadə, Sevda Hüseynova, Aylin Cabbarlı, Üzeyir Abbas, Ömər Mirzəyev, Fərid Əhmədiv, Aysu Saedi, Əsmər İbrahimzadə və Mona Savojifar yerli sakinlərə Ermənistanın dinc əhaliyə qarşı terror aktı törətməsi və günahsız insanların, o cümlədən azyaşlı uşaqların qətlə yetirilməsi barədə məlumat veriblər.