Gürcüstan mətbuatı: İlham Əliyev: 8 noyabr Azərbaycan tarixində əbədi qalacaq. Şuşa şəhəri işğaldan azad olunub - FOTOLAR
Gürcüstanın nüfuzlu report.ge, 24news.ge, interpressnews.ge, aktual.ge kimi informasiya portalları, eləcə də bir sıra televiziya və radio kanalları və digər kütləvi informasiya vasitələri 8 noyabrın istirahət günü olmasına baxmayaraq, dost və qardaş Azərbaycanın uğurlarına laqeyd qalmayıb, Prezident, Ali Baş Komandanın xalqa bugünkü müraciətini işıqlandırıblar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan, gürcü, rus və ingilis dillərində oxuculara müxtəlif sərlövhələrlə təqdim olunan əsas xəbər Azərbaycanın mədəniyyət beşiyi, gözü, qürur mənbəyi olan qədim Şuşa şəhərinin işğaldan azad olunmasıdır.
“İlham Əliyev: 8 noyabr Azərbaycan tarixində əbədi qalacaq”, “İlham Əliyev: Şuşa şəhəri işğaldan azad olunub”, “İlham Əliyev: Elə bir qüvvə yoxdur ki, bizi dayandıra bilsin”, “İlham Əliyev Şuşanın azad olunduğunu açıqladı”, “İlham Əliyev Şuşanın azad olunduğunu elan etdi” və s. kimi materiallarda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Fəxri xiyabanda Ulu Öndərin abidəsi və Şəhidlər xiyabanını ziyarət etməsi, xalqa müraciəti və Şuşanın azad olunması barədə müjdə verməsi xüsusi qeyd olunur.
Materiallarda, həmçinin Azərbaycan Ordusunun işğal altında olan bütün torpaqları azad edəcəyi barədə Prezident İlham Əliyevin qətiyyətli fikirləri də yer alıb.