300 spartalının əfsanəsi gerçək oldu ŞUŞADA

A- A A+

Şuşa əməliyyatı barədə.

Bir anlıq düşünün: dörd tərəfdə düşmən, hər yandan aramsız mərmi, güllə, mina yağır.

Fasiləsiz, dayanmadan. 

Düşmən baş qaldırmağa imkan vermək istəmir. Məhv etmək, yox etmək istəyir. 

Və düşmənin sayı aramsız artır. Ermənilər hər yerdən əlavə qüvvələr yığırlar.

Tanklar, haubitsalar, toplar, iriçaplı pulemyotlar, müxtəlif çaplı minaatanlar, PDM-lər və güllə yağışı yaradan düşmən əsgərləri.

Sən isə Xüsusi Təyinatlı Qüvvələrin əsgərisən.

"Bir addım geriyə çəkilməməli!" əmri alıbsan.

Şuşanı azad etməlisən.

Bu ölüm yağışı altındasan. Nə səngər var, nə istehkam, nə top, nə tank, nə minaatan.

Olanın avtomat, tapança, əl qumbaraları, pulemyot və bıçaqdır.

Ən böyük silahın isə Vətən təşnəsi, Yurd sevgisi və bir də kamuflyaj formanın sol döş cibində olan Azərbaycan bayrağı.

Hərəkət etdikcə o bükülü bayrağın xışıltısını duyursan.

Sanki sənə "İrəli!" pıçıldayır.

Sanki sənlə danışan 28 il əvvəl şaqqalanan, yandırılan, işgəncələrlə öldürülən soydaşlarınızın ruhlarıdır.

Müdafiə olunmalısan hərb qanunlarına görə.

Sənsə "Azərbaycan!" hayqırıb irəli atılırsan.

Avtomatın gülləsi qurtarır. Tapançaya əl atırsan.

Sonra səni öldürmək istəyən düşməni haqlayıb bıçağı işə salırsan.

Dünya qarışıb, gecədir, sadəcə, səslərdən bilirsən qardaşlarının harada olduğunu.

Şuşa yeni Fermopil savaşı oldu.

XTQ döyüşçülərimiz isə 300 spartalı.

Sayları da elə o qədərdi təxminən.

Bir addım nədir, bir millimetr geri çəkilmədilər.

Axınla, dalğa ilə gələn düşmən leşlənib qalaqlandılar Köhnə Qala ilə "Türmə"nin qarşısında.

Sonra "İrəliiii!" səsləndi.

Sən qanın, tərin içində, yorğunluqdan xırıldayaraq dikəlirsən.

Yanındakı qardaşın yaralıdır. Tutursan onun əlindən. Ağırdır, amma dikəldirsən onu. «Haydı, gəl, gəl» deyirsən. 

Gülümsəyir, «Boş şeydir, çərtib keçdi» deyir qan içrə olan qardaşın və «Getdik!» deyib səndərləyir, amma belini dik tutur.

Ölüm nə ki, onun qarşısında əyiləsən. 

Qanın axsa da, başın gicəllənsə də, əl əssə də yorğunluqdan və halsızlıqdan.

Hər tərəf dəmir iyi verir.

Qan dəmir iylidir, anlayırsan.

Qarşıda düşmənin güllələri, zirehləri.

Səninsə zirehin ananın südü ilə yoğrulmuş qətiyyətin, bir də yanındakı əsgər qardaşındır.

Adın kimi bilirsən ki, səni qoyub getməz.

Yaralansan da, ölsən də...

Güllələrə meydan oxuyursan.

Çünki sən Azərbaycan əsgərisən!

Xırıltılı səslə qışqırıb irəli atılırsan.
Şuşadır, geriyə yol yox.

300 spartalının əfsanəsi gerçək oldu Şuşada.

Biləsiniz...

 

Elçin Alıoğlu

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: