Naxçıvanla quru yolun yaradılması Azərbaycana gələcəkdə bu region üçün geniş perspektivlər vəd edir - Hərbi ekspert

A- A A+

Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etməsi Ermənistanın geridə qalan rayonlardan döyüşsüz geri çəkilməsi və yerləşdiyi əraziləri azad etməsi ilə nəticələndi.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Trend-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, Azərbaycanın əldə etdiyi nailiyyətlər fonunda Ermənistanın məğlubiyyətlə barışaraq kapitulyasiya haqda aktı imzalaması hər bir azərbaycanlını sevindirir:

"Şərtlərdən məlum olur ki, Azərbaycan ordusu sonrakı əməliyyatları dayandırmaqla güllə atmadan, itki vermədən üç böyük rayonu Ağdam, Kəlbəcər və Laçın rayonlarını tamamilə erməni qoşunlarından dekabr ayının 1-nə qədər azad edəcək. Bunun özü belə çox böyük uğurdur. Ermənistan 30 ilə yaxın işğalçılıq dövründə bu ərazilərdə kifayət qədər möhkəmlənmişdi. Onlar Azərbaycanın ərazilərini 4 ilə əldə edib və 26 il möhkəmlənmə işləri aparmışdı".

Ə.Verdiyev qeyd edib ki, son hadisələr Ermənistan ərazisində böyük kataklizmlərə və siyasi dəyişikliklərə gətirib çıxaracaq və biz bunun artıq ilk siqnallarını görməkdəyik. O, əlavə edib ki, Azərbaycanın bu müqavilədə əldə etdiyi həm də digər uğurlar mövcuddur. Bunlardan biri Azərbaycanla Naxçıvanı və dolayısıyla Türkiyəni birləşdirəcək quru yolunun əldə edilməsindən ibarətdir:

"Bu birləşmə eyni zamanda qardaş ölkənin Orta Asiyaya çıxşını təmin edəcək. Azərbaycan vətəndaşlarının quru yolu ilə Qarabağdan Naxçıvana keçməsi həm də Naxçıvan əhalisinin birbaşa qərb rayonları ilə birləşməsinə gətirib çıxaracaq. Belə ki, bu infrastruktur layihələrində Azərbaycan Kəlbəcər istiqamətində Ermənistanla sərhədini qoşunlarla təmin etməsi üçün mütləq yol infrastrukturu yaradacaq. Çünki hazırda orada ordunun hərəkət etməsi üçün normal yol infrastrukturu mövcud deyil. Bütün bu layihələrin birgə olaraq həyata keçirilməsi gələcəkdə bu region üçün geniş perspektivlər vəd edir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: