Bəhreynin rəsmi informasiya agentliyinin saytında Azərbaycan, Rusiya və Ermənistanın imzaladığı birgə bəyanatdan bəhs edilib

A- A A+

Bəhreyn Krallığının “Bahrain News Agency” (BNA) rəsmi informasiya agentliyinin saytında “Ermənistan və Azərbaycan Dağlıq Qarabağda mübarizəni dayandırmağa razıdırlar” sərlövhəli xəbər yayılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, agentliyin xəbərində noyabrın 10-da Azərbaycanın Dağlıq Qarabağ regionu uğrunda döyüşlərin dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya arasında razılaşmanın əldə olunduğu və həmin razılaşmaya əsasən Rusiyanın sülhməramlı qüvvələrinin həmin regiona yerləşdirildiyi, həmçinin Ermənistanın işğal etdiyi ərazilərdən öz qoşunlarını çıxaracağı bildirilir.

Xəbərdə Ermənistanın baş naziri N.Paşinyanın özünün “Facebook” səhifəsində döyüşlərə son qoymağın şəxsən onun və xalqı üçün son dərəcə ağrılı olduğunu söylədiyi, rəsmi açıqlamalardan qısa müddət sonra minlərlə insanın razılaşmaya etiraz edərək Ermənistanın paytaxtı İrəvanın əsas meydanına axışdığı, bəzilərinin isə Paşinyanı axtardıqlarını söyləyərək hökumət binasına girdikləri qeyd edilib.

Agentliyin xəbərində Ağdamın şərqində yerləşən torpaqlar, Dağlıq Qarabağdan Ermənistana aparan əsas yolun keçdiyi Laçın rayonu daxil olmaqla Dağlıq Qarabağa bitişik bütün ərazilərdən Ermənistanın silahlı qüvvələrinin çıxacağı, Laçın dəhlizinin açıq qalacağı və Rusiya sülhməramlı qüvvələri tərəfindən qorunacağı da bildirilir. Əlavə olunur ki, razılaşmada Rusiyanın 1960 nəfərlik sülhməramlı qüvvələrinin regionda beş illik mandat əsasında qalacağı və Ermənistan üzərindən Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək nəqliyyat kommunikasiyalarının qurulması da yer alıb.

BNA-nın xəbərində ATƏT-in Minsk qrupunun beynəlxalq vasitəçilik səylərinin ləngidiyi və Minsk qrupunun qoyduğu hədəflərin heç birinə nail olmadığı da qeyd edilib. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-da keçirilmiş prezident seçkilərində qələbə qazanması münasibətilə Co Baydenə göndərdiyi təbrik məktubunda rəsmi Bakının ABŞ-dan və ATƏT-in Minsk qrupunun digər həmsədrlərindən münaqişənin ədalətli həlli üçün vasitəçilik səylərini artıracağını gözlədiyini qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: