Azərbaycan Ordusunun şanlı Qələbəsi Yeni Zelandiya mətbuatının da diqqət mərkəzindədir - FOTOLAR

A- A A+

Azərbaycan Ordusunun Ermənistan qoşunlarının işğal altındakı torpaqlardan çıxarılması uğrunda apardığı müharibədə qazandığı şanlı Qələbə Yeni Zelandiyanın kütləvi-informasiya vasitələrinin də diqqət mərkəzindədir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Radio New Zeland”, “New Zeland Herald” kimi nüfuzlu KİV-lər, “cairnspost.com au” və digər saytlar yaydıqları materiallarda 44 gün davam edən müharibənin Azərbaycanın şanlı Qələbəsi, Ermənistanın isə məğlubiyyəti ilə başa çatdığını qeyd edib. Bildirilib ki, tərəflər arasında razılaşma Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən noyabrın 10-da imzalanıb.

Məlumatlarda bəyanatın mətni ilə Azərbaycan xalqını tanış edən Prezident İlham Əliyevin xalqa müraciətinə də geniş yer verilib. Azərbaycan Prezidentinin sözləri sitat gətirilib: “Faktiki olaraq bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir”.

Münaqişənin son mərhələsinin sentyabrın 27-də başladığı qeyd edilib, döyüşlərin gedişində Rusiya və ABŞ-ın təşəbbüsü ilə üç humanitar atəşkəsin elan olunduğu, lakin heç birinə əməl edilmədiyi bildirilib. Azərbaycan Ordusunun azad etdiyi torpaqları geri qaytarmağa çalışan Ermənistan qoşunlarının cəhdlərinin heç bir nəticə vermədiyi, əksinə, noyabrın 8-də Dağlıq Qarabağın ikinci böyük şəhəri Şuşanın işğaldan azad olunduğu qeyd edilib. Vurğulanıb ki, strateji əhəmiyyətə malik olan bu şəhər Dağlıq Qarabağın paytaxtı Xankəndini Ermənistanla birləşdirən yolun üzərində yerləşir.

Azərbaycan Prezidentinə istinadla bildirilir ki, bununla da uzun müddətdir davam edən münaqişəyə son qoyulacaq, Dağlıq Qarabağın ətrafında Ermənistan tərəfindən işğal edilən bütün ərazilər Azərbaycana qaytarılacaq və Türkiyə regionda yerləşdiriləcək sülhməramlı qüvvələrə qatılacaq.

Bu xəbəri böyük sevinclə qarşılayan Azərbaycan xalqının möhtəşəm Qələbə münasibətilə küçələrə axışdığı, müxtəlif mahnı və rəqslərlə şanlı qələbəni qeyd etdiyi də məqalələrdə əksini tapıb.

Bunlarla yanaşı, birgə bəyanatın elan olunmasından sonra Ermənistanın paytaxtı Yerevanda baş nazir N.Paşinyanın istefasını tələb edən etirazların başladığı, etirazçıların hökumət binasını ələ keçirdikləri də bildirilib. Həmçinin N.Paşinyanın sözləri sitat gətirilib: “Başqa yol yox idi. Bu, hərbi vəziyyətin təhlilinin nəticəsidir”.

Məqalələrdə, həmçinin Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olduğu və 1988-ci ildə başlanan separatçı hərəkatın Ermənistan tərəfindən dəstəkləndiyi diqqətə çatdırılıb. Bildirilib ki, 1991-1994-cü illərdə davam edən Birinci Qarabağ müharibəsi Ermənistanın qələbəsi ilə yekunlaşıb və Dağlıq Qarabağdan əlavə, Azərbaycanın yeddi rayonu işğal edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: