Milli Məclisin növbəti iclası keçirilib - YENİLƏNİB - FOTOLAR

A- A A+

Noyabrın 13-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan xalqı 30 ildən bəri həsrətlə gözlədiyi böyük Qələbənin sevincini yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin yenilməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində xalqımızın qurtuluş savaşı zəfərlə başa çatıb, işğalçı Ermənistan təslim olmağa məcbur edilmiş və ölkəmizin ərazi bütövlüyü təmin olunub.

Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın işğaldan azad edilməsi xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtarıb və onu qalib xalqa çevirib. Təəssüf ki, müharibə itkisiz olmur. Biz də bu müharibədə itkilər verdik.

İclasda Milli Məclis sədrinin təklifi ilə döyüş meydanında, dinc şəhər və kəndlərimizdə şəhid olmuş insanlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sədr Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyib.

Sonra spiker bildirib ki, bu gün Azərbaycan bayrağı Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Şuşada qürurla dalğalanır, tezliklə Kəlbəcərdə, Ağdamda, Laçında, digər torpaqlarımızda yüksələcək.

Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın işğaldan azad edildiyi gün oldu. Sədr Şuşanı, digər şəhər və kəndlərimizi düşməndən təmizləyən əsgər və zabitlərimizin qəhrəmanlığının dillərdə dastan olacağına əminliyini bildirib. Qeyd edib ki, Azərbaycan Ordusu döyüş meydanında göstərdiyi hünərlər ilə xalqımızın nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi.

O vurğulayıb ki, bu tarixi günlərin bizim üçün ən mühüm nəticələrindən biri də xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi və bütövləşməsi oldu. Azərbaycan xalqının birliyinin rəmzinə çevrilən bu yumruq düşmənə endirilən ağır zərbələrin ifadəsi idi. Çətin sınaq qarşısında Azərbaycan xalqının yenilməz gücə çevrildiyini hər kəs görüb yəqin etdi. Bu birliyin, bu qüvvətin qarşısında düşmən duruş gətirə bilməzdi və gətirə də bilmədi.

Spiker xatırladıb ki, noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Bu bəyanatın Azərbaycan Respublikası üçün çox böyük tarixi əhəmiyyəti var. Belə ki, bəyanatın müddəalarına əsasən 2020-ci il dekabrın 1-dək Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazisindən çıxarılacaq, Kəlbəcər, Ağdam və Laçın rayonları isə qan tökülmədən, şəhidlər verilmədən Azərbaycana qaytarılacaq. Bununla da ölkəmizin ərazi bütövlüyü təmin ediləcək, məcburi köçkünlərimiz doğma yurdlarına dönə biləcəklər. Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin bərpası da milli maraqlarımızın təmin edilməsi baxımından vacib məsələdir.

Sədr bir məqamı da xüsusi qeyd edib ki, bu müharibədə Ermənistan elə ağır zərbə aldı ki, onun özünə gəlməsi üçün neçə illər lazım olacaq. Biz bu gün hamımız Yerevanda baş verənləri müşahidə edirik: “Bir tərəfdən, şəhərin küçələrində kütlə azğınlıq edir, hərc-mərclik hökm sürür. Digər tərəfdən, iqtidar müxalifətin bütün liderlərini həbs edir, müxalif deputatların mandatdan məhrum edilməsi barədə söhbətlər gəzir və s.

Diqqət yetirin, bütün bu rüsvayçı hadisələr Qərbin bəzi dairələrinin demokratik dövlət kimi qələmə verməyə çalışdığı bir ölkədə baş verir. Ancaq nə Qərb dövlətlərinin rəhbərləri, nə də onların dırnaqarası “informasiya vasitələri” bu qanunsuz əməllərə münasibət bildirmir, susmağı üstün tuturlar. Güman edirəm, hər şey aydındır. Hər kəs öz simasını göstərir. Doğrudan da, möhtərəm Prezidentimizin dediyi kimi, bizə demokratiya dərsi keçməyə çalışanlar əvvəl güzgüdə özlərinə baxsınlar.

Bu müharibədə dünya bir həqiqəti də gördü ki, erməni vandalları işğal altında saxladıqları şəhər və kəndlərimizi viran qoymuş, tarixi-mədəni abidələrimizi yerlə-yeksan etmiş, milli sərvətlərimizi talan etmişlər”.

Sədr diqqətə çatdırıb ki, həmin ərazilərdə infrastruktur tam sıradan çıxarılıb. Ancaq biz əminik ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bütün dağıdılmış yaşayış məntəqələrini bərpa edəcək və Qarabağ sakinləri ata-baba yurdlarında yenidən qurub yaradacaqlar.

Biz bilirik ki, müharibənin davam etdiyi dövrdə dövlət başçısı nə qədər böyük təzyiqlərə məruz qalsa da, geri çəkilməmiş, Ordumuzun zəfər yürüşünü qələbə ilə başa çatdırmağa nail olmuşdur.

Bu isə düşmən üzərində böyük Qələbədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin nə qədər böyük rol oynadığını bir daha təsdiq edir.

Spiker deyib ki, möhtərəm Prezidentimiz xalqa müraciətində bu məsələyə toxunmuşdur. Demək olar ki, hər gün ondan dayanmağı tələb edirdilər. Amma möhtərəm Prezidentimizin dediyi kimi, “...biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi.

Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq...

Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”

Sədr vurğulayıb ki, biz sonsuz qürur hissi ilə yurd yerlərimizə, doğma Qarabağa qayıdırıq. Bu haqqı bizə qəhrəman ordumuz, onun Ali Baş Komandanı qaytarıb. Biz şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyini və fədakarlığını heç vaxt unutmayacağıq.

Spiker bir məsələni də diqqətə çatdırıb ki, möhtərəm Prezidentimizin bir il əvvəl Soçi şəhərində “Valday” beynəlxalq diskussiya klubunun iclasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” ifadəsi Azərbaycanın qələbəsinin rəmzinə çevrildi.

Bu gün yüz minlərin, milyonların dilindən eşidilən bu milli şüar artıq reallığa çevrilib. Bəli, Qarabağ Azərbaycandır!

Eşq olsun Ali Baş Komandanımız İlham Əliyevə!

Eşq olsun qəhrəman Ordumuza!

Yaşasın Azərbaycan xalqı!

Daha sonra spiker deyib: “Yəqin xatırlayırsınız, 6 ay bundan əvvəl mənim dəvətimlə şuşalı gənc qız Əsra Məmmədli bu salonda çıxış etmişdi. O zaman Şuşa şəhəri işğal altında idi və gənc qızımızın çıxışı da o vaxtın ovqatına uyğun idi. Onun çıxışı yadımdadır ki, hamımızı duyğulandırdı və böyük təsir bağışladı. Mən bu gün yenə də Əsra Məmmədlini bu zala dəvət etmək istəyirəm. Düşünürəm ki, onun nə hiss etdiklərini dinləmək maraqlı olar”.

İclasda çıxış edən şuşalı qız Əsra Məmmədli bildirib ki, bir neçə ay əvvəl burada çıxış edərkən təsəvvür belə etməzdi ki, Vətənə qovuşmaq və Şuşanı görmək bu qədər yaxın olacaq. Artıq işğala son qoyuldu. Azərbaycan əsgəri, Azərbaycan xalqı qanı və canı bahasına öz torpağına sahib çıxdı. Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla müzəffər Azərbaycan ordusu bizi doğma torpaqlarımıza qovuşdurdu. Bizim ailəmiz babalarımın evinə qayıdır!

Sədr bildirib ki, Əsranın sözləri bütün millət vəkillərinin fikirlərini əhatə edir.

Sonra Milli Məclis Aparatının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin böyük Qələbə münasibətilə hazırladığı videoçarx nümayiş etdirilib.

Daha sonra sədrin təklifi ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin müraciətinin mətninin hazırlanması üçün Milli Məclis sədrinin birinci müavini Əli Hüseynlinin başçılığı ilə komissiya yaradılıb. Komissiyaya Milli Məclisin deputatları Nizami Cəfərov, Tural Gəncəliyev, Nigar Arpadarai və Erkin Qədirli daxil edilib.

İclasda Mili Məclis sədrinin müavini Adil Əliyev, deputatlar – Əhliman Əmiraslanov, Ziyafət Əsgərov, Hicran Hüseynova, Eldar İbrahimov, Səməd Seyidov, Şahin İsmayılov, Siyavuş Novruzov, Tahir Mirkişili, Məlahət İbrahimqızı, Razi Nurullayev, Fəzail Ağamalı, Cavid Osmanov, Jalə Əliyeva, Zahid Oruc, Nəsib Məhəməliyev, Anar İsgəndərov, Vahid Əhmədov, Eldəniz Səlimov, İsa Həbibbəyli, Fazil Mustafa, Azay Quliyev, Musa Qasımlı, Sabir Rüstəmxanlı, Etibar Əliyev, Elman Nəsirov və Qüdrət Həsənquliyev xalqımızın qazandığı böyük Qələbə münasibətilə ürək sözlərini bildiriblər. Qeyd ediblər ki, bu Qələbə daxili həmrəyliyimizin, milli birliyimizin və Ali Baş Komandanımızın dediyi kimi, yumruq kimi birləşməyimizin parlaq nəticəsi oldu. 44 gün davam edən müharibədə Prezident İlham Əliyev Azərbaycanın haqqını ən yüksək səviyyədə qorudu və qəbul etdirdi. Prezidentin xarici ölkələrin televiziya kanallarına verdiyi müsahibələr isə bu işin avanqardı oldu. Bildirilib ki, bu Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq və Dünya hərb tarixinə yeniliklər gətirmiş müharibə kimi düşəcək.

Sonra Milli Məclisin deputatı Nigar Arpadarai Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin müraciətinin mətnini oxuyub.

Müraciət səsə qoyularaq təsdiqlənib. Bununla da Milli Məclisin iclası başa çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: