Hakan Çavuşoğlu: Ermənistanın mülki əhaliyə hücumları müharibə cinayətidir

Türkiyə Böyük Millət Məclisinin komissiyası Ermənistanın Gəncəyə hücumu nəticəsində insan hüquqlarının pozulması faktlarını araşdırır

A- A A+

Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı insan hüquqlarının pozulması hallarının araşdırılması məqsədilə Türkiyə Böyük Millət Məclisinin nəzdində komissiya yaradılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Gəncədə jurnalistlərə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin İnsan hüquqları komitəsinin sədri Hakan Çavuşoğlu deyib.

O bildirib ki, bu komissiya noyabrın 13-dən işə başlayıb. Komissiyanın vəzifəsi Türkiyədə və xarici ölkələrdə insan hüquqları ilə bağlı baş verən pozuntuları araşdırmaq, təsbit etmək, müvafiq hesabatlar hazırlayıb beynəlxalq forumlarda təqdim etməkdir. Biz Gəncəyə Ermənistanın hücumu nəticəsində insan hüquqlarının pozulması faktlarını araşdırmaq, təhlil etmək və hesabat hazırlamaq məqsədilə gəlmişik.

“Ermənistan ərazisindən Azərbaycanın cəbhədən uzaqda yerləşən şəhərlərinə, mülki insanların sıx məskunlaşdığı məntəqələrə çoxlu raket, mərmi atılıb, hücumlar olub. Cenevrə konvensiyasının protokollarına görə hər hansı döyüşlər zamanı bir dövlətin mülki vətəndaşlara, xüsusən də cəbhə xəttindən kənarda yerləşən dinc sakinlərə mərmi, raket atması cinayətdir. Bu baxımından Ermənistan ərazisindən heç bir hərbi obyekti olmayan Gəncə və Bərdə şəhərlərinə, həmçinin Tərtər şəhərinə və digər yaşayış məntəqələrinə edilən hücumlar müharibə cinayətidir. Bu hücumlar nəticəsində uşaqlar, gənclər, qocalar, hətta erməni əsilli insanlar həlak olub. Ermənistanın törətdiyi bu cinayətlər, eyni zamanda, bəşəriyyətə qarşı yönəlib”, - deyə Türkiyə Böyük Millət Məclisi komitəsinin sədri vurğulayıb.

Qeyd edək ki, oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulub. Nəticədə 1 körpə, 5 uşaq, 10 qadın da olmaqla 30-a yaxın dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: