Paşinyanın komandası tam parçalanır - FOTOLAR

A- A A+

Ermənistanda baş verənlər daha da gərginləşməkdə olan ictimai-siyasi durumun qanlı nəticələrə gətirib çıxara biləcəyini istisna etmir. Çünki baş nazir Nikol Paşinyan müharibədə məğlubiyyətdən sonra istefasını tələb edən insanları susdurmaq, habelə ona qarşı fəallaşan rəqiblərini sıradan çıxarmaq üçün daha sərt və repressiv addımlara üstünlük verməyə başlayıb. Bu da öz növbəsində təkcə müxalifətdə yox, elə bütün cəmiyyətdə narazılıq yaradıb, qarşıdurma əhvali-ruhiyyəsini yüksəldib.

Müxalifət baş nazirin etirazlara tab gətirəcəyinə inanmır

Yerevanda Paşinyan hökumətinin istefa verməsi tələbi ilə keçirilən aksiyalar günlərdir davam edir. Baş nazir isə küçələrə hərbi və polis qüvvələri çıxararaq sələfləri kimi etirazları güc yolu ilə dağıtmaqda israrlı olduğunu göstərir.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan Paşinyanın ictimai təzyiqlər artdıqca istefa verəcəyini bildirib. O qeyd edib ki, Paşinyan "baş nazir” adlandırılmasın, çünki artıq onun belə adlandırılmasına mənəvi haqqı yoxdur: "O, baş nazir postunu ələ keçirən, öz fəaliyyəti ilə Ermənistanı dərin bir uçuruma aparan adamdır. Müxalifət işləyir və Paşinyan ictimai təzyiq artdıqca istefa verəcək”.Vanetsyan deyib ki, Paşinyanın 2,5 illik fəaliyyəti bütün istiqamətlərdə uğursuzluqla nəticələnib. Belə bir şəxs yol xəritəsi dərc edə bilməz. Ölkənin dövləti bu çətin vəziyyətdən çıxara biləcək mütəxəssislərə, vətənpərvərlərə, milli fikir daşıyıcılarına ehtiyacı var.

Xatırladaq ki, Artur Vanetsyan ötən ilin sentyabrında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən istefa vermişdi. Onun anidən istefa verməsi ölkədə yeni gərginliyin başlanğıcını qoymuşdu.

Sabiq prezident Serj Sarkisyanın lideri olduğu Ermənistan Respublika Partiyası isə keçmiş hakimiyyətini geri qaytarmaq fikrində deyil. Bunu partiyanın mətbuat katibi Eduard Şarmazanov müxalifətin Yerevanın mərkəzindəki mitinqində deyib. Qeyd edib ki, müxalifətin etiraz aksiyalarını hakimiyyətə qayıtmaq üçün təşkil etdiyini düşünənlər yalan danışırlar.

Təbii ki, onun bu sözlərinə heç kim inanmayıb. Çünki Paşinyanın xalqın etimadını itirməsindən yararlanaraq Ermənistanda hakimiyyəti ələ almaq istəyənlərdən birincisi keçmiş hərbi xuntadır.

Prokurorlar qiyam edirlər

"Qraparak” qəzeti yazıb ki, Ermənistanda bəzi prokurorlar son günlər başlayan cinayət işlərinin araşdırılmasında iştirakdan imtina edirlər. Çünki həmin prokurorlar gec-tez bu cinayət işlərinin siyasi təqib olacağının aşkarlanacağını başa düşürlər: "Ermənistanın baş prokuroru Artur Davtyan özünə sədaqətli adamlardan ibarət qrup yaradıb. Qrupun tərkibinə baş prokurorun müavini Gevork Baqdasaryan, Kotaykın prokuroru Petros Petrosyan, Baş Prokurorluğun Hüquqi nəzarət bölməsinin rəisi Arsen Martirosyan daxildir. Onlar siyasi xarakterli işlərə baxmaqdan imtina edən prokurorların səlahiyyətlərini öz üzərinə götürəcəklər. Gevork Baqdasaryanın Ermənistanın N.Paşinyana sui-qəsd hazırlanması ilə bağlı məhkəməyə təqdim olunan işin baxış prosesində iştirak etməsi buna sübutdur”.

Post-müharibə dövründə Ermənistanda reallıq həm də ondan ibarətdir ki, xalq aclıq çəkir. Paşinyan isə hakimiyyətini möhkəmlətmək üçün bütün vasitələrə əl atır. Buna görə hər an sosial partlayışların olacağı istisna edilmir. Son illər səfalət içində yaşayanların sayı bir qədər də artıb. Ermənistanda azgəlirli ailələr çörək məmulatlarını artıq kartofla əvəz ediblər. Yoxsul həyat tərzinə dözə bilməyən əhali miqrasiyaya üstünlük verir. Nəticədə kəndlər boşalır, əməkqabiliyyətli kişilər ölkə xaricində miqrant kimi çalışır.

Ermənistan hakimiyyətinin silah korrupsiyası

Rusiyanın "discover24.ru” nəşri yazır ki, sovet silahlarına olan ümidləri ilə Ermənistan Azərbaycanın gücləndiyini görməyib. Ermənistanın silahlı qüvvələri hələ bir neçə il əvvəl tənəzzülə uğramışdı, lakin böhranı heç kim görmək istəmirdi. N.Paşinyanın rəhbərlik etdiyi yeni hökumət isə pullarını boş yerə xərclədi və özünün piar ordusunu gücləndirməyə üstünlük verdi.

Qeyd olunur ki, Su-30SM qırıcılarının alınması Ermənistan Silahlı Qüvvələrini gücləndirməyib. Rusiya qırıcıları Ermənistana 120 milyon dollara başa gəlib. Ekspertlərin fikrincə, bu pulların xeyli hissəsi Paşinyan üçün mənfəət gətirən korrupsiya sxemlərində fırlanıb.

Xatırladaq ki, erməni mediasında Paşinyanın silah alveri ilə məşğul olması haqqında da materiallar dərc olunub. Bildirilir ki, baş nazir Müdafiə Nazirliyi vasitəsilə David Qalstyana Ermənistan Respublikası adına silah alma səlahiyyəti verib. "4rd.am” saytı yazır ki, "Royalsys Engineering” şirkətinin sahibi David Qalstyanın adı münaqişə zonalarında silahların qanunsuz daşınması və satışı ilə bağlı yayılan xəbərlərdə çoxdan yer alıb. Qalstyan və onun çoxsaylı şirkətləri BMT Təhlükəsizlik Şurasının hesabatlarından birində Liviyaya və daha sonra Suriyaya (Əsəd hökumətinə qarşı çıxan adı açıqlanmayan qruplara) silah tədarük edənlər kimi düşüb.

Paşinyandan növbəti populist müraciət

Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanın Respublika meydanına toplaşan tərəfdarlarına müraciət edib. Qeyd edib ki, sizə iki şeyi söyləməliyəm. "Birincisi, sizə söz verirəm ki, xalqıma xəyanət etməyəcəyəm. İkincisi, sizdən dağılışmağınızı xahiş edirəm, çünki bu mitinq lazım deyil. Ehtiyac yarananda hamınızı meydana çağıracağam”, - deyə o bildirib.

Paşinyanın bu müraciəti heç bir hüquqi və mənəvi əsası olmayan diktator çıxışı idi. Paşinyan çox sayda islahat və dəyişikliklərlə bağlı vəd verib. İndi bu vədlərə əməl edilməsə, o zaman Paşinyan hər kəsi aldatmış olacaq. Əgər əvvəllər o, S.Sarkisyana qarşı mübarizə aparırdısa, indi faktiki olaraq onun siyasətini davam etdirir. Diktatorların özlərinə daim mübarizə aparacaqları düşmən yaratmaq xüsusiyyətləri var. Bununla, Paşinyan Ermənistanda siyasi böhranı dərinləşdirmək yolunu tutur.

Bu arada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş sədri, general-polkovnik Yuri Xaçaturovun oğlu İqor Xaçaturov da Qarabağdakı ağır məğlubiyyətə görə Paşinyanı ittiham edərək onu şizofren adlandırıb.

Paşinyan vəd etdiyi islahatları yerinə yetirmək əvəzinə, ona qarşı çıxanları neytrallaşdırmaq siyasətini davam etdirsə, Ermənistanda daha böyük problemlər yaranacaq.

 

Elçin Cəfərov

"Azərbaycan" qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: