Prezident İlham Əliyev: Ağdam rayonu bizə bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıdır

A- A A+

Onlar bu istehkamları qurarkən və eyni zamanda, digər addımlar atarkən bir məqsədi güdürdülər ki, bu işğalı əbədi etsinlər. Əks-təqdirdə, onlar bizim tarixi şəhərlərimizin, kəndlərimizin adlarını dəyişdirməzdilər. Ağdama bir eybəcər ad veriblər, Füzuliyə başqa bir eybəcər ad veriblər. Yeni xəritələr tərtib ediblər və bu xəritələrdə qondarma “Dağlıq Qarabağ respublikası” keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini yox, işğal edilmiş digər bütün torpaqları da əhatə edirdi və bunu onlar beynəlxalq ictimaiyyətə təqdim edirdilər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 20-də xalqa müraciətində səsləndirib.

Dövlətimizin başçısı sözünü davam etdirərək deyib: “Mən bu məsələ ilə məşğul olan vasitəçilərə dəfələrlə demişdim ki, siz buna diqqət yetirin. Siz indi bu məsələnin sülh yolu ilə həll olunmasından danışırsınız. Amma biz bunun tam əksini görürük. Görürük ki, Azərbaycan irsi bu torpaqlarda silinir, Azərbaycan abidələri, tarixi abidələr erməniləşdirilir, Azərbaycan məscidləri dağıdılır, bizim bütün tarixi-mədəni irsimiz silinir, yeni xəritələr tərtib edilir. Ermənistan məktəbləri üçün hazırlanan dərsliklərdə qondarma “Dağlıq Qarabağ respublikası”nın xəritələri dərc edilərkən orada işğal edilmiş bütün torpaqlar bu qondarma quruma aid edilir... İndi nə oldu bu xəritələr? İndi bu xəritələr cəhənnəmə getdi, bu xəritələr artıq yoxdur”.

Prezident qeyd edib ki, indi Kəlbəcər rayonunu boşaldan işğalçılar bütün evləri, binaları, məktəbləri dağıdırlar, sökürlər, öz vəhşiliklərini göstərirlər. “Bütün beynəlxalq aparıcı media qurumları bunu lentə alır və dünyaya yayır, biabır edir onları. Onlar özləri özlərini biabır edirlər, qorxaqcasına qaçıblar bizim qabağımızdan. Bizim qabağımızda duruş gətirə bilmədilər. Özlərini yenilməz ordu adlandıranlar, döyüşkən xalq adlandıranlar, bəs nə oldu sizin döyüşkən ordunuz? Haradadır bu? Pərən-pərən oldu, vurduq, dağıtdıq, məhv etdik. Yoxdur Ermənistan ordusu, biz onu məhv etmişik. Bizim döyüş meydanındakı qələbəmiz siyasi qələbəmizi də şərtləndirdi. Ağdam rayonu bizə bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıdır. Bu, böyük siyasi uğurumuzdur. Amma əgər o hərbi qələbə olmasaydı, bu da mümkün olmazdı”, - deyə Müzəffər Ali Baş Komandan vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: