Komandası da Paşinyanın istefasını tələb edir - FOTOLAR

A- A A+

Ermənistanda cərəyan edən son hadisələrin təhlili göstərir ki, Paşinyan hakimiyyətinin mövqeləri əhəmiyyətli dərəcədə sarsılıb. Ermənistan iqtidarına qarşı ictimai narazılığın miqyasının daha da genişlənməsi müşahidə olunur. Yerevanda hər gün keçirilən etiraz aksiyaları hakimiyyətin təzyiqləri nəticəsində yatırılsa da, gərginlik səngimir.

Görünən həm də budur ki, dünənə qədər demokratiya və qanunçuluqdan dəm vuran Paşinyan vəzifəsini qoruyub saxlamaq üçün ən radikal addımlara gedir. Bütün ölkəboyu repressiv tədbirlər həyata keçirilir. Belə vəziyyətdə hakimiyyətin zorla dəyişdirilməsi ehtimalı da yüksəlir.

"Kimsə görübmü ki, müharibəni uduzan rəhbər öz vəzifəsində qalsın?”

Baş nazirə qarşı çıxan qüvvələr indi sərt şəkildə Paşinyanı müxtəlif məsələlərdə ittiham edərək, ölkəni uçuruma doğru yuvarladığını bildirirlər. Hətta hakim "Mənim addımım” fraksiyasında təmsil olunan deputatlardan da Nikol Paşinyandan narazılıq halları artır. Noyabrın 10-da kapitulyasiyadan sonra fraksiyanın üç üzvü bloku tərk edib və bir neçə yüksəkvəzifəli məmur istefa verib. Hazırda iqtidar komandasında baş nazirin istefası tələbi ilə bağlı ciddi fikir ayrılığı yaranıb.

"İrates” nəşrinə açıqlama verən erməni deputatlardan biri deyib: "Əlbəttə, Nikol getməlidir. Kimsə görübmü ki, müharibəni uduzan rəhbər öz vəzifəsində qalsın? Baş verənlərlə barışmamışıq. Sadəcə olaraq, ölkəni daha da sarsıtmaq və sərt açıqlamalar vermək istəmirik. Özümüzə yer tapa bilmirik, məlum hadisələr hamı kimi, mənə də sürpriz oldu”.

Adı açıqlanmayan deputat fraksiya üzvlərinin təqribən 80 faizinin Paşinyanın istefasının tərəfdarı olduğunu bildirib: "Paşinyan getsə də, növbədənkənar parlament seçkilərindən əvvəl komandamızdan biri onu əvəz edəcək. Məsələn, baş nazirin müavini Tiqran Avinyan və ya digər nazir Suren Papikyan müvəqqəti bu vəzifəni icra edə bilər”.

General dövlət sirrini yaymaqda ittiham olunur

Çətin duruma düşən Ermənistan rəhbərliyi isə vəziyyətdən çıxış yolu kimi Müdafiə Nazirliyində çoxsaylı həbslər aparmaqla, kadr dəyişiklikləri həyata keçirməklə ictimai qəzəbdən xilas olmaq istəyir. Bu arada "Aravot” nəşri yazıb ki, Ermənistanın müdafiə naziri David Tonoyan da istefa verib.

Ermənistan Müdafiə Nazirliyi Hərbi Nəzarət Xidmətinin keçmiş rəisi, general-polkovnik Movses Akopyan isə keçirdiyi mətbuat konfransında Ermənistanın müharibə yalanlarını ifşa edib. O, əvvəlcə istefasının səbəbini açıqlayıb. Bildirib ki, baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana irad tutduğuna görə vəzifəsindən ayrılmalı olub. Bundan əlavə, erməni general etiraf edib ki, Qarabağda müharibə zamanı döyüşlərlə bağlı yaydıqları məlumatların hamısı yalan olub. Akopyan həmçinin döyüşlərdə Azərbaycana qarşı "İsgəndər” raketindən istifadə etdiklərini də vurğulayıb.

Movses Akopyan həmçinin Qarabağda müharibə gedərkən baş nazir Nikol Paşinyanın arvadının komanda məntəqəsində olduğunu təsdiqləyib. Bildirib ki, Anna Akopyandan otağı tərk etməyi xahiş etdiyi üçün Yerevana geri çağırılıb. Xatırladaq ki, A.Akopyanın Qarabağda döyüş əməliyyatları zamanı erməni generallarının müşavirə keçirdiyi komanda məntəqəsində olduğu, bu zaman generallardan birinin ondan otağı tərk etməyi istədiyi üçün Paşinyan tərəfindən işdən çıxarıldığı haqda xəbərlər bir neçə gün əvvəl yayılmışdı. Movses Akopyan deyib ki, Paşinyanın arvadı hərbi müşavirə keçirilən komanda məntəqəsinə icazəsiz daxil olmuşdu. Hansı ki, kənar şəxslərin ora daxil olması qəti qadağan idi. Buna baxmayaraq, general içəri girəndə A.Akopyanı monitorun qarşısında oturub döyüşlərin videoyazısına baxdığını görüb. Bu vaxt general-leytenant Samvel Babayan da orada olub. Movses Akopyan deyir ki, Paşinyanın arvadı suallar vermirdi və heç nə danışmırdı. General ona yaxınlaşıb və komanda məntəqəsini tərk etməyi xahiş edib. Deyib ki, onun burada olması lazım deyil: "Bildirdim ki, burada kişilər danışır, söyüş söyürlər. O da dedi "yaxşı”. Dörd saat sonra məni Yerevana, müdafiə nazirinin yanına çağırdılar. Mən bu gözlənti ilə getdim ki, tezliklə Qarabağa geri qayıdacam. Amma nazir mənə dedi ki, daha ora getməli deyiləm”.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, nazirliyin Hərbi-Nəzarət Xidmətinin keçmiş rəhbəri Movses Akopyanın dedikləri nəinki həqiqətə uyğun deyil, həm də özündə dövlət sirrini ehtiva edir. Eyni zamanda qeyd edilir ki, M.Akopyanın açıqlamalarında Ermənistanın müdafiə sahəsində beynəlxalq əməkdaşlığına dair məlumatlar da yer alır. Açıqlamalardan sonra M.Akopyan Xüsusi İstintaq Xidmətinə çağırılıb. Bunu onun özü "İravunk” qəzetinin müxbirinə açıqlamasında təsdiqləyib.

Gərginlik Ermənistanda bütün sahələri əhatə edir

Ermənistanda bir fikir hakimdir ki, N.Paşinyan bu ölkəyə rəhbərlik etmiş ən zəif rəhbərdir. O, sələfləri Robert Koçaryan və Serj Sarkisyanla müqayisədə Ermənistanı daha çox problemlərə düçar edib. "4rd.am” saytı yazır ki, onun rəhbər kimi uğursuzluqları demək olar ki, ölkə həyatının bütün sahələrini əhatə edir: "Onun baş nazirliyi dövründə müharibədə uduzmaqla yanaşı, ölkə iqtisadiyyatı davamlı eniş dövrünü yaşayıb, investisiyalar kəskin azalıb, yoxsulluğun səviyyəsi artıb. Ermənilər daha yaxşı həyat arzusu ilə kütləvi şəkildə başqa ölkələrə üz tuturlar. Ermənistan iqtisadiyyatı hazırda dəhşətli geriləmə yaşayır, üstəlik, heç bir sağlamlaşma perspektivlərinə malik deyil. Azərbaycanda isə tamam fərqli vəziyyət müşahidə olunur. Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsindəki uğurları beynəlxalq aləm tərəfindən təqdir olunduqca Ermənistanın dünya arenasındakı siyasi nüfuzu daha sürətlə azalır. Dünyanın aparıcı beynəlxalq təşkilatları, qurumları və tanınmış siyasətçilər, iqtisadçılar Azərbaycanın reallaşdırdığı hərtərəfli islahatları inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi göstərirlər. Bu fonda Ermənistan Azərbaycanla müqayisəyə belə gəlmir”.

Erməni mediası onu da yazır ki, əslində, Paşinyan komandasının üzvlərinin böyük əksəriyyətinin xaricdə çoxsaylı daşınmaz əmlakı var. Elə baş nazirin özünün də belə əmlaklara sahib olması inkar edilmir, sadəcə, onlar dövlət başçısına yaxın şəxslərin adına rəsmiləşdirilib. Bu səbəbdən də digər məmurlar çəkinmədən xaricdə daşınmaz əmlaka milyonlar yatırırlar. Çünki nəticə etibarı ilə məmurların hamısı korrupsiya sisteminin üzvləridir.

Mövqeləri sarsılan Nikol Paşinyanın yaxın zamanda hakimiyyətdən uzaqlaşdırılacağı şübhə doğurmur. Çünki indi tək müxalifət deyil, komandasının üzvləri və tərəfdarları da onun istefasını tələb edirlər.

Elçin Cəfərov

"Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: