İtaliyanın Neapol şəhərinin bələdiyyələri Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən sənədlər qəbul edib - FOTOLAR

A- A A+

İtaliyanın Neapol şəhərinin Ottaviano bələdiyyəsi “Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri dərhal icra edilməlidir” adlı sənəd qəbul edib. Eyniadlı sənəd, habelə şəhərinin Liveri bələdiyyəsi tərəfindən də qəbul olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sənədlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, azərbaycanlılara qarşı müharibə cinayətləri və Xocalı soyqırımının törədildiyi bildirilir.

BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının münaqişə ilə bağlı qətnamələrinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verərək Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş həmin ərazilərdən dərhal çıxarılmasını tələb etdiyi vurğulanır.

Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarında da Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalının təsdiqləndiyi bildirilir.

Sənədlərdə, həmçinin rəsmi İtaliyanın davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə diqqət çəkilir və bu xüsusda, Azərbaycan Respublikası Prezidentinin cari ilin fevralında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”yə istinad edilir.

Münaqişə ilə bağlı mövcud hüquqi əsaslara və 30 ilə yaxındır ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aparılan danışıqlara baxmayaraq, Ermənistanın destruktiv siyasəti nəticəsində danışıqların dayandırıldığı, Azərbaycan xalqının böyük ədalətsizliklə üzləşdiyi, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına qayıda, ailə üzvlərinin məzarlarını belə ziyarət edə bilmədikləri vurğulanır.

Sənədlərdə sentyabrın 27-dən başlayaraq Ermənistanın yeni hərbi təcavüzü zamanı mülki obyektləri, mülki şəxsləri qəsdən hədəfə alaraq Gəncə və Bərdə şəhərlərini bombalaması pislənilir. Bu xüsusda, Gəncə və Bərdə şəhərlərinin sakinləri, bütünlükdə Azərbaycan xalqı ilə həmrəylik ifadə edilir.

Sənədlərdə aidiyyəti bələdiyyələrin beynəlxalq hüququn norma və prinsiplərini daim dəstəklədiyi, Ermənistanın təcavüz siyasətini pislədiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalı, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələrinin dərhal yerinə yetirilməli, eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməli olduğu vurğulanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: