İndoneziya mətbuatı Azərbaycanın Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnaməsinə münasibəti ilə bağlı məlumatlara geniş yer ayırıb - FOTOLAR

A- A A+

Noyabrın 27-də İndoneziya mətbuatı Azərbaycanın rəsmi qurumlarının Fransa senatının Dağlıq Qarabağla bağlı qətnaməsinə münasibətini əks etdirən məlumatlara geniş yer ayırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İndoneziyanın nüfuzlu “Republika” qəzeti, “dunia.rmol.id”, “international.sindonews.com” və “kompas.com” saytları Azərbaycan rəsmi qurumlarına istinadla Fransa Senatının qəbul etdiyi “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnaməsinin qərəzli və təxribat xarakterli olması barədə xəbərlər yayıblar.

“Republika” qəzetinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) bəyanatı əsasında yaydığı məlumatda deyilir: “Fransa senatında qəbul edilmiş “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə təklifi bir qrup qatı ermənipərəst senator tərəfindən irəli sürülüb”.

Azərbaycan XİN-in bəyanatına əsasən bildirilir ki, Fransada yaşayan ermənilər, ilk növbədə, Qarabağ münaqişəsindən seçki məqsədləri üçün istifadə etməyə çalışırlar. Senat tərəfindən tamamilə qərəzli qətnamənin qəbul edilməsi yalnız təxribat kimi qiymətləndirilə bilər.

Bəyanatda, həmçinin bildirilir ki, Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur. Lakin sənədin siyasi məna kəsb etdiyini nəzərə alaraq, vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi ölkənin bitərəfliyini ciddi şübhə altına alır.

Xəbərdə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi barədə də məlumat verilir. Qeyd edilir ki, ötən əsrin 90-cı illərində keçmiş Sovet İttifaqının dağılmasından istifadə edən Ermənistan xarici havadarlarının dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf rayonları işğal edib.

Tərəflər arasında son qarşıdurma Ermənistanın mülki əhaliyə qarşı təxribatından sonra sentyabrın 27-də başlayıb. Altı həftə davam edən müharibə Rusiyanın vasitəçiliyi ilə dayandırılıb və Azərbaycan işğal altında olan torpaqlarını azad edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: