“Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni İtaliyanın ən ali dövlət mükafatıdır
Xəbər verildiyi kimi, iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyanın “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni və birinci xanım Mehriban Əliyevanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni ilə təltif edilməsi haqqında İtaliya Respublikasının Prezidentinin - “Xidmətlərinə görə” ordenin rəhbərinin 2018-ci il iyulun 12-də imzaladığı sərəncamlar elan edilib və mükafatlar təqdim olunub.
NUHÇIXAN xəbər verir ki, “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni İtaliya Respublikasının ən ali dövlət mükafatı hesab olunur. İtaliyanın “Xidmətlərinə görə” ordeni əhəmiyyətinə görə ikincidir.
Ümumilikdə, ordenin 6 dərəcəsi var: “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni (cavaliere di gran croce decorato di gran cordone), “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni (cavaliere di gran croce), Böyük zabit (grande ufficiale), Komandor (commendatore), Zabit (ufficiale), Kavaler (cavaliere).
Ordenin rəhbəri İtaliya Prezidentidir. O, Ordenin Kansleri və daha 16 nəfərin daxil olduğu Ordenin Şurasına rəhbərlik edir.
Böyük Xaç Kavaleri Ordeni 1951-ci ildə təsis olunub. Orden iqtisadiyyat, ictimai və humanitar fəaliyyət, xeyriyyəçilik, ədəbiyyat, incəsənət və digər sahələrdə xalq qarşısında mühüm xidmətlərə görə verilir.
İtaliyanın “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni ilə dövlət və hökumət başçıları, dünya səviyyəli ictimai-siyasi xadimlər təltif olunublar. Onların arasında Çexiyanın birinci prezidenti Vatslav Havel, Almaniyanın keçmiş Kansleri Helmut Kol, Böyük Britaniya Kraliçası ll Yelizaveta, Fransanın sabiq prezidentləri Jiskar Desten, Fransua Mitteran və Jak Şirak, Belçikanın sabiq Kralı ll Albert, Türkiyənin 11-ci Prezidenti Abdullah Gül və digər görkəmli şəxslər var.