Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində 2020-ci ilin noyabr ayı ərzində müəyyən qərarlar qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Nazirlər Kabinetinin 7 noyabr tarixli Qərarı ilə “Koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 avqust tarixli 145 nömrəli Qərarında dəyişiklik edilib.

20 noyabr tarixli Qərara əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası”nın 2.1.1-ci yarımbəndində dəyişiklik edilərək sığortaolunanın əlilliyi ilə bağlı ifadə dəqiqləşdirilib.

Həmin tarixdə qəbul edilən 195 nömrəli Qərarla “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda dəyişiklik edilib. Dəyişikliyə uyğun olaraq daşıyıcı anlayışının hüquqi məzmunu dəqiqləşdirilib, yalnız daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişindaşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan şəxslərin müvafiq fəaliyyəti həyata keçirməsi müəyyən edilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın təsdiqi barədə” 2014-cü il 15 sentyabr tarixli 85 nömrəli, “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin Naxçıvan Muxtar Respublikasından müvəqqəti ixracı Qaydası”nın təsdiq edilməsi haqqında” 2014-cü il 8 oktyabr tarixli 93 nömrəli və “Mədəni sərvətlərin idxalı, ixracı və Naxçıvan Muxtar Respublikasından tranzitlə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2014-cü il 8 oktyabr tarixli 94 nömrəli qərarlarında dəyişiklik edilib.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasında Turizm Reyestrinin aparılma Qaydası”nın təsdiq edilməsi barədə Qərar qəbul edilib. Qərara əsasən reyestr turizm sənayesinə dair məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aparılır.

Həmçinin “Naxçıvan Muxtar Respublikasında ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydaları”nın təsdiq edilməsi haqqında Qərar qəbul edilib. Bu Qaydalar Naxçıvan Muxtar Respublikasında şəhər və digər yaşayış məntəqələrinin ərazisi və ərazi hissələri üçün nəzərdə tutulan baş və müfəssəl planlarda şəhərsalma məqsədləri baxımından tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması qaydalarını müəyyən edir.

Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: