Norveçin “Utrop” qəzetində Qarabağ haqqında geniş məzmunlu məqalə dərc olunub

193

Norveçin “Utrop” qəzetində Qarabağ haqqında geniş məzmunlu məqalə dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Norveçdə fəaliyyət göstərən “CAN” Azərbaycan diaspor təşkilatının sədri Şervin Nəcəfpurun müəllifi olan məqalədə Qarabağda münaqişənin sona çatması və tarixi ədalətin bərpasından bəhs edilib.

Yazıda diqqətə çatdırılır ki, Azərbaycan ərazi bütövlüyünün bərpa olunması ilə öz evlərini itirən yüzminlərlə insan üçün 30 illik həsrət bitmək ərəfəsindədir. Bildirilir ki, müharibənin sonunda imzalanan sülh müqaviləsi Qafqaz regionu üçün yeni bir dövr açır, lakin nifrət və qorxu hələ də mövcuddur. İşğal etdikləri torpaqları tərk edən ermənilər bu yerlərə hər cür ziyan vurmağa çalışırlar. Ən böyük zərər təbiətə vurulur - evlər, meşələr və ağaclar yandırılır, əraziyə təhlükəli növ minalar yerləşdirilir.

“Bütün bunları nəzərə alaraq, baş verənlər haqda xəbərləri qorxu ilə izləyirəm, ürəyim böyük kədərlə və eyni zamanda, böyük sevinclə doludur, çünki tezliklə yurd-yuvasından didərgin düşmüş bir milyondan çox məcburi köçkün Qarabağdakı evlərinə dönəcəklər”, - deyə Şervin Nəcəfpur bildirir. Onun sözlərinə görə, vaxtilə bu ərazilərdən qovulmuş insanlar öz torpaqlarına geri döndükdə sonra təhlükəsiz şəraitdə yaşayacaqlar. Lakin ərazilərin minalardan təmizlənməsi üçün böyük səy və vaxt tələb olunduğu üçün, Norveç hökuməti də bu sahədə humanitar kömək göstərməlidir. Şervin Nəcəfpurun fikrincə, Norveç dünyanın aparıcı sülhsevər ölkələrindən biri hesab olunur və krallıq hər zaman sülhün bərqərar olmasına güclü bir töhfə verməsi ilə tanındığı üçün burada da müvafiq addımlar atılmalıdır.

Məqalədə, habelə Şervin Nəcəfpur Norveçdə bəzi yerli KİV-lərin qeyri-obyektivlik nümayiş etdirməsindən təəssüf hissi ifadə edib və onları tənqid edib. Mətbuatda yer alan qeyri-dəqiq və əsassız xəbərlərin Norveçdə yaşayan azərbaycanlılar tərəfindən məyusluqla qarşılandığı vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: