Özbəkistan portalları Azərbaycan Prezidentinin Laçının işğaldan azad olunması ilə bağlı xalqa müraciəti haqqında materiallar verib - FOTOLAR

A- A A+

Özbəkistanın “kun.uz”, “qalampir.uz” və ”tarjumon.uz” portalları Azərbaycan Prezidenti İlham Əliyevin Laçın rayonunun azad olunması münasibətilə xalqa müraciəti haqqında özbək və rus dillərində şərh materialları çap edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalələrdə müraciətdən sitatlar gətirilir və buna münasibət bildirilir.

“kun.uz” portalı Fransa Senatının “Dağlıq Qarabağ respublikası”nın tanınmasına dair qətnamə təklifi”nin səsə qoyulması və qəbul edilməsi haqqında məlumat verib və buna Azərbaycan Prezidenti İlham Əliyevin müraciətdəki cavabını çap edib.

Dövlət başçısı deyib: “Min kilometrlərlə məsafədə yerləşən ölkələr, indi qanunlar qəbul edirlər, parlamentlər bu məsələni müzakirə edirlər. Nə işi var Fransa parlamentinin bizim məsələ ilə əlaqədar? Neçə ildir Fransa Minsk qrupunun həmsədridir? Daşı daş üstə qoyub? Bir məsələnin həlli üçün praktiki addım atıb? İndi məsələ həll olunandan sonra görün nələr baş verir? Fransa Senatı qətnamə qəbul edir ki, Dağlıq Qarabağ tanınsın. Sizin onlardan xoşunuz gəlirsə, mən müharibə dövründə demişdim, verin Marsel şəhərini, onun adını dəyişdirin, onlara orada ikinci dövlət yaradın”.

“qalampir.uz” portalı da özbək dilində çap etdiyi məqalədə müraciətə istinadla yazır: “Əgər kimsə Ermənistana ikinci dövlət yaratmaq üçün ərazi vermək istəyirsə, versinlər, orada ikinci erməni dövləti yaratsınlar, öz ərazisinin bir hissəsini onlara versinlər. Amma gəlib bizdən tələb etmək ki, tarixi, hüquqi Azərbaycan torpağında erməni dövləti yaradılsın, bu, hansı məntiqə sığır?”.

“tarjumon.uz” portalı Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları birgə Bəyanat haqqında da məlumat verir, məhz bu sənədə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad olunmasını yazır. Bildirilir ki, bu ərazilər bir güllə atmadan və bir şəhid vermədən Azərbaycana qaytarılıb.

“sof.uz” saytında isə Qarabağın, ayrıca olaraq Şuşanın və Xankəndinin tarixi haqqında ətraflı danışılır. Bildirilir ki, Rusiya və İran arasında 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsinə əsasən, ermənilər Dağlıq Qarabağa köçürülüb.

Vurğulanır ki, 1752-ci ildə Qarabağ xanı Pənahəli xan Şuşa şəhərinin əsasını qoyub, onun oğlu İbrahimxəlil xan isə Şuşa dağının ətəyində özünə yay iqamətgahı tikdirib və həmin ərazi Xankəndi adlandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: