“Israel Hayom” qəzeti: Ermənistan-Azərbaycan münaqişəsinin dini müharibə kimi təqdim edilməsi vicdansız təbliğat taktikasıdır

A- A A+

Yəhudilərə nifrət hissi Ermənistanın siyasi mədəniyyətində kök salıb və bu ölkədə dini müharibənin əsas dayağıdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Antisemitizmə qarşı mübarizə üzrə Haym Salomon adına Mərkəzin prezidenti və icraçı direktoru Pol Millerin İsraildə çıxan nüfuzlu ivritdilli “Israel Hayom” qəzetində dərc edilmiş “Artan semitizmə qarşı mübarizə üçün onun əsas mənbələrinin kökünü kəsmək lazımdır” sərlövhəli məqaləsi bu mövzuya həsr edilib.

Miller vurğulayır ki, Dağlıq Qarabağ müharibəsi dövründə ermənipərəst KİV-lərin şərhçiləri bu münaqişəni “islamçı təcavüzün və xristian torpaqlarına ekspansiyanın nəticəsi”, Azərbaycanın müttəfiqi olan Türkiyə tərəfindən ermənilərə qarşı ikinci “xristian soyqırımı” kimi təqdim edirdilər.

Pol Miller yazır: “Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan müxtəlif konfessiyaların və müxtəlif etnosların dinc yanaşı yaşamasının mayakı kimi məşhurdur. Əsrlər boyu bu ölkədə yaşayan yəhudi icmasına səmimi münasibət buna əyani sübutdur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müsəlman dövləti Azərbaycan ilə xristian dövləti Ermənistan arasında dini müharibə kimi təqdim edilməsi vicdansız təbliğat taktikasıdır.

Digər tərəfdən, bu yaxınlarda - Ermənistan-Azərbaycan müharibəsi dövründə Paşinyan “The Jerusalem Post” qəzetinə müsahibəsində əsassız olaraq bəyan edirdi ki, “Türkiyə tərəfindən dəstəklənən suriyalı muzdlular, islam terrorçuları və İsrail indi bir tərəfdədirlər”. KİV-lərdə suriyalı muzdluların ermənilərə qarşı döyüşməsi barədə belə mif yayılır, Dağlıq Qarabağ münaqişəsi haqqında məqalələrlə bərabər, Liviyada vuruşan suriyalı döyüşçülərin fotoşəkilləri dərc edilirdi”.

Millerin fikrincə, Ermənistanın riyakarlığı noyabr ayının əvvəlində də üzə çıxmışdı. O vaxt Vyanadakı yəhudi obyektlərinə hücumdan sonra Paşinyan öz “Twitter” səhifəsində yazmışdı: “Bir aydan çoxdur ki, Dağlıq Qarabağ Azərbaycan-Türkiyə terrorçu tandeminə qarşı mübarizə aparır. Mən Avstriya xalqının dərdinə şərik olduğumu bildirir, həlak olanların ailələrinə səbir diləyir, yaralıların tezliklə sağalmasını arzu edirəm”.

Amerikalı analitik vurğulayır: “Paşinyan öz şərhlərində Vyanada baş vermiş faciədən antisemitizmin xeyrinə kiçik bir siyasi arqument kimi istifadə edib, halbuki yəhudilərə nifrət hissi Ermənistanın siyasi mədəniyyətində kök salıb və bu ölkədə dini müharibənin əsas dayağıdır.

Ermənistanda nasistlərin əlaltılarının təşviq edilməsi və qəhrəmanlar kimi qələmə verilməsi təzə məsələ deyil. Antidiffamasiya Liqasının məlumatına görə, antisemit stereotiplərlə razılaşan iranlılar 56 faiz təşkil etdiyi halda, bu mövqedə dayanan ermənilər 58 faizdir. Eyni zamanda, Ermənistan Azərbaycan ilə İsrail arasında yəhudi-müsəlman münasibətlərini pozmaq üçün dəridən-qabıqdan çıxır, yəhudi dövlətini Azərbaycana silah satmaqda ittiham edir, lakin bütün bu cəhdlər uğursuzdur”.

Müəllif vurğulayır ki, İsrail ilə Azərbaycan arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq və tərəfdaşlıq münasibətləri sayəsində bu iki ölkənin strateji əlaqələri inkişaf edib.

Antisemitizmə qarşı mübarizə üzrə Haym Salomon adına Mərkəzin prezidenti və icraçı direktoru Pol Miller məqaləsinin sonunda yazır: “Vurğulamaq lazımdır ki, İsrail Azərbaycanın müstəqilliyini tanımış ilk ölkələrdən biri olub. İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır və ən yüksək səviyyədə - hökumətlərarası və dövlətlərarası etimad, daimi qarşılıqlı dialoq səviyyəsində dəstəklənir. Bu gün bu strateji tərəfdaşlıq iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə və hərbi-texniki tərəfdaşlıq sahələrində həyata keçirilir. Qeyd etmək lazımdır ki, İsrail dünya bazarında Azərbaycan neftinin əsas strateji alıcılarından biridir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: