Paşinyanın öz komandası da ona etimad göstərmir

A- A A+

Ermənistanın müharibədə məğlubiyyəti, eləcə də ölkənin sosial-iqtisadi vəziyyətinin daha da ağırlaşması baş nazir N.Paşinyanın reytinqini aşağı salıb. Hətta öz komandasının üzvləri belə artıq ona etimad göstərmirlər. Elə buna görə də Paşinyan qeyri-sabit daxili siyasi vəziyyətin uzun sürə bilməyəcəyini başa düşərək "Mənim addımım” fraksiyasından olan bir qrup deputatla görüşü zamanı etimad referendumunun keçirilməsi məsələsini müzakirə edib.

"4rd.am” saytının yazdığı xəbərə görə, referendumda ictimai qarşıdurmanı aradan qaldırmaq üçün bir vasitə olaraq baş nazirə etimad məsələsi gündəmə gətiriləcək. Lakin Paşinyanın tərəfdarları referendumun uğursuz ola biləcəyindən ehtiyat etdikləri üçün əvəzində erkən parlament seçkilərinin qısa müddətdə keçirilməsini təklif edirlər. Sayt yazır ki, ölkədə daxili siyasi gərginlik səngiməsə, seçkilərin bir neçə aya keçirilməsi mümkündür. Vəziyyət sabitləşərsə, seçkilər başqa tarixdə keçirilə bilər.

Məhz belə vəziyyətdə iqtisadi problemlər içində boğulan Ermənistan əhalisi Paşinyan hökumətinə etibar etmir. Xüsusilə müharibədə məğlubiyyət Ermənistanda kütləvi narazılığı daha da artırıb. Paşinyana qarşı çıxanların sayının sürətlə artdığı müşahidə edilib.

Elə bu günlərdə keçirilən rəy sorğusu da baş nazirin nüfuzunun daha sürətlə aşağı düşdüyünü növbəti dəfə göstərib.

Gallup Beynəlxalq Assosiasiyasının Ermənistandakı ofisinin nümayəndəsi Aram Navasardiyan bildirib ki, Ermənistan vətəndaşlarının təxminən 50 faizi baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Vurğulayıb ki, respondentlərin 45,3 faizi Paşinyanın istefasını dəstəkləyib, 37,8 faizi onun vəzifəsini davam etdirməli olduğunu bildirib, 16,9 faizi cavab verməkdə çətinlik çəkib.

Navasardiyanın sözlərinə görə, respondentlərin 28,8 faizi birmənalı olaraq ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyir. 16,9 faizi isə buna kifayət qədər ehtiyac olduğunu bildirib. Bundan əlavə, anket iştirakçılarının 14,3 faizi erkən seçkilərin lazımsız olduğuna inanır və 27,2 faizi birmənalı olaraq erkən seçkilərin keçirilməsinə qarşı çıxıb. Qeyd olunub ki, sorğuya əsasən, respondentlərin 41,5 faizi baş nazir tərəfindən təklif olunan "yol xəritəsi” ilə tanışdır, 56,3 faizi isə bu barədə məlumatlı deyil.

Mövcud vəziyyətdən keçmiş hərbi xunta da öz məqsədlərini güdür. Onlar yenidən Ermənistanda hakimiyyət başına qayıtmağı düşünür. Müharibədəki məğlubiyyətdən sonra Ermənistanın sabiq rəhbərləri baş nazirə qarşı daha şiddətli hücuma keçiblər. Keçmiş prezident, hərbi cinayətkar Robert Koçaryan "5-ci kanal”a müsahibəsində deyib ki, baş nazir Paşinyanın siması Qarabağ müharibəsində ölkənin biabırçı məğlubiyyətinin rəmzidir. Qeyd edib ki, təslim sənədinə imza atan, məğlub olan hakimiyyət xalq naminə dəyişdirilməlidir. "Paşinyan hər dəfə peyda olanda, hər ekranda görünəndə və ya "Facebook”da nəsə yazanda itirən bir millət olduğumuzu göstərir.Erməni xalqını və dövlətini bu yükdən azad etmək üçün Paşinyan, sadəcə, getməlidir ki, insanlar özlərini məğlub hiss etməsinlər”, - deyə o bildirib.

Sabiq prezident İkinci Qarabağ müharibəsi haqda danışarkən deyib ki, ordu rəhbərliyi oktyabrın əvvəlində birbaşa Nikol Paşinyanın göstərişi ilə cənub cəbhəsində hərbi əməliyyatla bağlı qərar qəbul etdi, hansı ki, bu, o zaman effektivliyi çox ciddi şübhə doğuran bir qərar idi. O vurğulayıb ki, bu, Paşinyanın 7 oktyabrda RBK-ya coşqu ilə danışdığı əməliyyat idi. Bu, ən uğursuz əməliyyat oldu və nəticədə ordu korpuslarından biri darmadağın edildi: "Biz elə bir yol seçdik ki, o, faciəyə aparırdı. Azərbaycan Ordusu cəbhəni yararaq 14 km irəliləmişdi. Ancaq bu əməliyyatın sayəsində Hadrut, Qubadlı, Zəngilan, Xudafərin və s. ərazilərə gəlib çıxdı. Azərbaycan niyə barışığa razılıq vermirdi? Çünki ordusu hər gün irəliləyirdi. Uğur qazanan heç bir tərəf isə atəşkəsə razı olmaz”.

Koçaryan onu da əlavə edib ki, bundan sonra səmərəli müdafiəni təmin edə biləcək döyüş qabiliyyətli bölmələr yox idi.

Ermənistanda vəziyyəti ağırlaşdıran digər bir cəhət isə işsizlik səviyyəsinin durmadan yüksəlməsidir. Araşdırmalara görə, əmək qabiliyyəti olan əhalinin yarıya qədəri hazırda işsizdir. Dövlət və özəl sektorda kütləvi ixtisarlar aparılacağı bildirilir. Böhran nəticəsində kütləvi şəkildə işdən çıxarılma halları vəziyyəti daha da ağırlaşdıracaq. O da vurğulanır ki, tədbir görülməsə, anarxiya artacaq, Ermənistanda cinayətkarlığın baş alıb getməsi dövrü başlanacaq.

Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanı kifayət qədər çətin günlər gözlədiyini deməyə əsas verir. İstər siyasi, istər iqtisadi sferada gərginlik durmadan artacaq.

Elçin Cəfərov

"Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: