Ermənistan vətəndaş müharibəsinə gedir

A- A A+

Müxalifət hakimiyyətə qarşı mübarizəni qiyama çevirməyə çağırış etdi

Bu günlərdə Ermənistanda siyasi qarşıdurmanın daha da dərinləşməsi, müxalifətlə hakimiyyət arasında ziddiyyətlərin kəskinləşməsi müşahidə olunur. Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə Yerevanda etiraz aksiyaları davam edir.

Paşinyana istefa üçün vaxt verilib

Növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edən müxalifət Paşinyana istefa verməsi üçün üç gün vaxt verib. Əks təqdirdə kütləvi aksiyaların dayanmayacağı və vətəndaş qarşıdurmasının baş verəcəyi bildirilir.

Ermənistanda N.Paşinyanın yerinə müxalifətin vahid namizədi isə sabiq baş nazir və müdafiə naziri Vazgen Manukyandır. Vazgen Manukyan 1990-1991-ci illərdə Ermənistanın baş naziri, 1992-ci ildən 1993-cü ilə qədər müdafiə naziri olub, eyni zamanda ölkənin hərbi - sənaye kompleksinə başçılıq edib. O, müharibənin davam etdiyi günlərdə N.Paşinyan hökumətini hakimiyyəti hərbçilərə verməyə çağırmışdı. Manukyan öz müraciətində ölkədəki vəziyyəti erməni tarixinin ən rüsvayçı və dağıdıcı səhifələrindən biri kimi qiymətləndirmişdi. Bu, Paşinyanın hakimiyyətdən dinc yolla kənarlaşdırılması ilə bağlı ikinci cəhd idi. Birinci cəhd oktyabrın 17-də (müharibənin 20-ci günündə) olmuşdu. Öncə 13 partiya, sonra isə 16 partiya birgə bəyanatla çıxış etmişdilər. Bəyanatda Ermənistanın və Qarabağ separatçılarının keçmiş və indiki prezidentləri, baş nazirlər və xarici işlər nazirlərinin iştirakı ilə operativ qərargahın formalaşdırılması təklif olunurdu. O zaman Paşinyan 16 partiyanın hücumuna reaksiya verməyib, "Qarabağı xilas etməyə” hazırlaşan eks-prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın fəal hərəkətlərinə qarşı çıxmışdı.

Erməni politoloq Nikolay Petrosyan bildirib ki, müxalifətin mitinqi ilə bağlı təəssüratlar bununla bitir və qalan hər şey tam məyusluq doğurur. Vazgen Manukyan Rusiya ilə müttəfiqlik əlaqələrinin möhkəmləndiyini, antitürk koalisiyasına daxil olmağa çalışdığını bəyan edir, halbuki bu, əslində, bir-birini inkar edən hərəkətlərdir. Təəssüf ki, bu, müxalif namizəd üçün aydın deyil. Yenə təəssüf ki, Vazgen Manukyan hökumətə namizədlərin adlarını çəkməyib və Ermənistanın çoxsaylı problemlərinin necə həll ediləcəyinə dair fikirlərini açıqlamayıb. Nikol Paşinyanın mahiyyətinə görə boş olan "yol xəritəsi” müxalifətin deklarativ bəyanatlarından daha məzmunlu sənəd kimi görünür.

Politoloq deyib ki, Paşinyan istefa verməlidir, amma əvəzinə Manukyan gəlsə, Ermənistanda yenə hər şey əvvəlki kimi olacaq: "Güman edirəm ki, intellektual elitanın nümayəndələrinin iştirakı ilə hüquqi sahədə geniş siyasi və ictimai müzakirələrə ehtiyac var. Kütlənin dəyişən əhvali-ruhiyyəsinə güvənmək yetər”.

Ter-Petrosyan vəziyyətin təhlükəli olduğunu bildirir

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan isə Nikol Paşinyanın istefası tələbi ilə keçirilən mitinqi şərh edərkən yazıb ki, Vazgen Manukyanın rəhbərlik etdiyi etirazlar ölkədə vətəndaş müharibəsinin təhlükəsi ilə bağlı narahatlığı artırıb.

Sabiq prezident "ilur.am” saytında dərc olunan məqaləsində qeyd edib ki, onu bu fikrə düşməyə Manukyanın mitinq zamanı səsləndirdiyi bir sıra bəyanatlar sövq edib. Nikol Paşinyan da başa düşməlidir ki, o, nə qədər tez istefaya gedərsə, bir o qədər yaxşıdır. Manukyan Paşinyanı qovmağın iki üsulunu nəzərdə tutur: könüllü və ya zorla. O, zorakılıq barədə bəyan etdi. Əgər bunlar sadəcə söz olsaydı, narahat olmağa xüsusi ehtiyac olmazdı. Ancaq Manukyanın rəhbərlik etdiyi izdihamlı yürüşlə baş nazir iqamətgahının yarım saatlıq mühasirəsi və Paşinyan ailəsini qorxutmaq kimi bir hərəkət, zorakılığa açıq hazırlıq nümayişindən başqa bir şey deyil. Əgər bu, münaqişə tərəflərindən yalnız birinin mövqeyi olsaydı, yenə böyük təhlükə doğurmazdı.

Ter-Petrosyan baş nazirin mövqeyini də eyni dərəcədə təhlükəli hesab edir. Sonuncunun ritorikası və davranışı onun getmək istəmədiyini və qarşıdurmaya hazır olduğunu göstərir. Hər iki tərəf qətiyyətli mövqedədirsə, münaqişə qaçılmazdır. Məgər aydın deyil ki, Paşinyan da, Manukyan da öz intellektinə görə olmasa da, inadkarlığına, təbiətinə, avantürist meyillərinə və sona qədər getmək maniyasına görə əkizdirlər? Bəyəm ictimaiyyət unudub ki, onların hər ikisinin parlamentə "hücum” təcrübəsi var - 1996-cı ildə Manukyanın, 2018-ci ildə isə Paşinyanın?! 2018-ci ildə Serj Sarkisyan güzəşt edərək hakimiyyəti leqal yolla Nikol Paşinyana verdi. Yeri gəlmişkən, təəssüf ki, bununla Qarabağ probleminin kompromis həlli üçün daha bir şans qaçırıldı, çünki Serj Sarkisyan yenidən seçildikdən dərhal sonra Lavrovun planını imzalamağa hazır idi, bu da Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanata nisbətən böyük bir qələbə olacaqdı.

Sabiq prezident vurğulayıb ki, Vazgen Manukyanın diqqətsiz şəkildə ifadə etdiyi və Ermənistan üçün dağıdıcı nəticələrə gətirib çıxara biləcək təhlükəli düşüncəsinə istinad etməyə bilmərəm: "Türkiyəyə qarşı ittifaq yaradılsa, biz bu ittifaqda olacağıq. Sual yaranır: Bəs Rəfael İşxanyanın "Üçüncü qüvvənin istisna edilməsi haqqında” qanunu hardadır? Belə çıxır ki, Antanta ölkələrinin antitürk müttəfiqliyinə güvənərək, Atatürkçü Türkiyə ilə Rusiyanın yaxınlaşmasına qarşı çıxaraq yalnız Ermənistanı deyil, digər torpaqları da itirdiyimiz vəziyyətə qayıdırıq. Manukyan həqiqətənmi başa düşmür ki, Ermənistanın hələ qurulmamış hər hansı bir antitürk müttəfiqliyinə qoşulmağa hazır olduğunu ifadə edərkən, tamhüquqlu rus-türk qarşılıqlı anlaşma həqiqətinə qarşı çıxırıq və bu, təkcə Türkiyəyə deyil, dostumuz - Rusiyaya da meydan oxuduğumuzu göstərir?! Bu yazı ilə Vazgen Manukyana qarşı çıxmıram və Nikol Paşinyana dəstək olduğumu bildirmirəm. Ermənistanın və Qarabağın biabırçı və alçaldıcı məğlubiyyətini nəzərə alaraq Paşinyan rejimi dərhal getməlidir”.

Ermənistan prezidenti "Hayastan” fondunun auditini tələb edir

Bu gün korrupsiya Ermənistanın bütün həyat sferalarında kifayət qədər dərin kök salıb və artıq ölkənin milli təhlükəsizliyinə də böyük təhdid yaradır. Belə vəziyyət sadə vətəndaşların mövcud hakimiyyətdən duyduğu narazılığın daha kəskin xarakter almasına, hətta sosial partlayış həddinə qədər yüksəlməsinə gətirib çıxarır. Bütün məmur ordusu korrupsiya piramidasında yer aldığından bu problemə qarşı mübarizə yalnız kağız üzərindədir və vaxtaşırı verilən quru vədlərdən ibarətdir. Korrupsiyaya qarşı strategiya hazırlansa da, təbliğat kampaniyaları aparılsa da, məmur oliqopoliyası reallıqda bu problemə qarşı hər hansı mübarizənin aparılmasına imkan vermir, əksinə daha çox var-dövlət toplamaq üçün istənilən qanunsuzluğa yol verməkdən çəkinmir.

Bu arada Ermənistan prezidenti, "Hayastan” Ümumerməni Fondunun Qəyyumlar Şurasının sədri Armen Sarkiskyan fondun xərclərinin beynəlxalq auditinin təşkil edilməsinin vacibliyini vurğulayıb. Belə bir müraciətin səbəbi fond rəhbərliyinin Qarabağdakı müharibə zamanı yığılan vəsaitin böyük hissəsini hökumətin hesabına köçürməsi barədə qərarı olub. Noyabr ayında fondun səhiyyə xərclərini maliyyələşdirmək, infrastrukturları bərpa etmək və Qarabağdakı müharibədən zərər çəkmiş insanların sosial vəziyyətini yaxşılaşdırmaq üçün Ermənistan hökumətinə 52 milyard dram və yaxud 104 milyon dollardan çox pul köçürdüyü məlum olub.

Sarkisyanın müraciətində deyilib ki, belə bir qərar insanlar arasında dünyadakı ermənilər tərəfindən toplanan vəsaitlərin xərclənməsinin səmərəliliyi ilə bağlı bir çox suallar yaratdı: "Bu isə fondun nüfuzunu sarsıda və quruma olan inam itkisinə səbəb ola bilər. Ona görə də hesab edirik ki, fondda beynəlxalq yoxlamaya ehtiyac var”.

Beləliklə, qeyd edilənlər Ermənistanın üzləşdiyi ümumi böhranın daha da dərinləşəcəyindən xəbər verir və işğalçı ölkənin indi daha böyük sürətlə öz məhvinə doğru sürükləndiyini göstərir.

 

Elçin Cəfərov

"Azərbaycan”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: