İndoneziyanın “Miraj” agentliyi ulu öndər Heydər Əliyev haqqında məqalə yayıb

A- A A+

İndoneziyanın “Miraj” informasiya agentliyi müasir Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyev haqqında məqalə yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Müasir Azərbaycanın banisi Heydər Əliyev” adlı məqalədə xalqımızın dahi rəhbərinin dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verilir. “Elə liderlər var ki, tarix onları unutmur, amma tarixin özünü yaradan liderlər də var” fikri ilə başlayan məqalədə vurğulanır ki, müasir Azərbaycanın banisi olan Heydər Əliyev məhz tarixi yaradan liderlərdən biri olub. Müasir Azərbaycan dövlətinin əsasını qoyan Ümummilli Lider öz dövrünün əsl əfsanəsinə çevrilib. Tarix onu nadir şəxsiyyət, güclü dövlət xadimi, məqsədinə doğru inamla irəliləyən insan və əfsanəvi xadim kimi xatırlayır. Qeyd edilir ki, məhz onun böyük xidmətləri nəticəsində gənc müstəqil dövlət ayaqları üzərində möhkəm dayanaraq XXI əsrə qədəm qoydu.

Məqalədə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 35 illik dövr barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilən Heydər Əliyev bütün məsuliyyəti öz üzərinə götürərək, xalqla birlikdə böyük çətinlikləri aradan qaldıraraq, bu gün müasir Azərbaycan adlandırılan müstəqil dövlətin təməlini qoyub.

Məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi illərdə əldə olunan uğurlardan, yeni yaradılan istehsal sahələrindən, inşa olunun zavodlardan, Su Elektrik stansiyalarından geniş bəhs olunur. Qeyd edilir ki, həmin dövrdə respublikada aparılan böyük quruculuq işlərini məhz müasirləşdirmə termini ilə daha düzgün ifadə etmək olar.

Ötən əsrin sonlarında keçmiş Sovet İttifaqının dağılmasından sonra müstəqil Azərbaycan dövlətinin formalaşmasında Heydər Əliyevin xidmətlərinə diqqət çəkilən məqalədə onun müəllifi olduğu azərbaycançılıq fəlsəfəsinin mühüm rolu xüsusi vurğulanır. Bildirilir ki, müstəqillik əldə edildikdən sonra Heydər Əliyevin yaradıcısı olduğu azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini tapmasında və dövlətçiliyin, milli birliyin formalaşmasında mühüm rol oynayıb.

Məqalədə müstəqilliyin bərpasından sonra ölkə həyatının bütün sahələrində aparılan islahatlara əzmlə rəhbərlik edən Heydər Əliyevin həyata keçirdiyi çoxsaylı proqramlar, nəhəng, dünya miqyaslı layihələr ölkəni Azərbaycan xalqının adına layiq bir məmləkətə çevirdiyi də qeyd edilir. Bildirilir ki, məhz Heydər Əliyevin həyata keçirdiyi çoxvektorlu dövlət strategiyası Azərbaycana yüksək inkişaf və sabitlik gətirib. Onun rəhbərliyi altında həyata keçirilən praqmatik və balanslaşdırılmış siyasət ABŞ, Avropa İttifaqı, Türkiyə ilə yanaşı, Rusiya və İran kimi dövlətlərlə də konstruktiv əməkdaşlıq əlaqələri qurmağa imkan yaradıb.

Məqalədə Heydər Əliyevin ölkənin iqtisadi müstəqilliyini yaratması nəticəsində siyasi sabitliyə nail olduğu da xüsusi vurğulanır. Məhz onun müəllifi olduğu antiböhran proqramlarının istehsalın bərpasında, ölkənin maliyyə durumunun sabitləşməsində, həmçinin xarici investisiyaların cəlb olunmasında mühüm rolu qeyd edilir.

Vurğulanır ki, böyük lider Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan xalqının rəmzinə, onun həyat yolu isə Vətənə sədaqət və məhəbbətin nümunəsinə çevrilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: