Tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi münasibətilə Türkiyədə aksiya keçirilib - FOTOLAR

A- A A+

Türkiyənin Manisa vilayətində 1517 metr yüksəklikdə yerləşən Spil Dağı Milli Parkının girişindəki “Topkale” bölümündə tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi münasibətilə aksiya keçirilib. Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı aksiya Türkiyədə fəaliyyət göstərən Manisa-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin təşəbbüsü ilə baş tutub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən dərnəyin idarə heyətinin sədri Yalçın Daşdəmir bunun yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının tarixi Qələbəsi olduğunu bildirib.

O deyib: “Əzəli Azərbaycan torpağı olan Qarabağ 28 illik işğaldan sonra böyük qəhrəmanlıqla azad edildi. Bu böyük Qələbə münasibətilə Bakıda iki qardaş ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən Zəfər paradı bir türk olaraq hamımızı qürurlandırdı. Biz də dərnək olaraq bu böyük qələbəni Manisada Azərbaycan və Türkiyə bayraqlarını açaraq qeyd etdik. “Bir millət, iki dövlət!” şüarı altında keçirdiyimiz bu aksiya dünyada misli olmayan iki qardaş ölkə arasındakı sıx bağların daha bir nümunəsidir. Azərbaycan bu Vətən müharibəsində 2783 şəhid verib. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Şəhidlərimizin xatirəsinə ithafən, “Bir millət, iki dövlət” şüarını rəhbər tutaraq Türkiyə Ordusu Azərbaycanın Zəfər paradında 2783 əsgərlə təmsil olundu. Bununla Türkiyə qardaş Azərbaycanın yanında olduğunu növbəti dəfə bütün dünyaya göstərdi. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı, birliyi. Bu böyük qələbə münasibətilə hər kəsi təbrik edirəm”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: