Belçika Senatının Xarici əlaqələr komitəsində bəyənilmiş, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda vəziyyətə aid qətnamə layihəsi bu gün Senatında səsverməyə qoyulacaq, daha sonra – dekabrın 17-də bu sənəd Parlamentin Nümayəndələr Palatasının üzvlərinin müzakirəsinə təqdim olunacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, erməni lobbiçilərinin Fransa üçün “yaxşı kampaniya” tapmaq səylərinin hədər olması indidən aşkar görünür. “Arsax”ın “müstəqilliyi”nin tanınması barədə qətnamə layihəsi bu həftə Kanada Parlamenti tərəfindən rədd edilib. Çox güman ki, Frankofoniya üzrə fransalı deputatların ən yaxın tərəfdaşları olan belçikalılar da fransızları məyus edəcəklər.
Belçika Senatının bugünkü qətnaməsinin layihəsini hazırlamış Xarici əlaqələr Komitəsinin üzvlərinin çoxu Azərbaycanın işğal edilmiş rayonlarına qanunsuz səfər ediblər və açıq-aşkar erməni lobbiçiləridir. Lakin onlar da debatlarda uduzub və sənəddən bu qanunsuz qurumun müstəqilliyinin tanınması barədə müddəaları, eləcə də Belçika hökumətinə həmin qurumla diplomatik münasibətlər yaratmaq barədə tövsiyələri çıxarmağa məcbur olublar.
Üstəlik, sənədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş 4 qətnaməsinə istinadlar daxil edilib. Məlum olduğu kimi, həmin qətnamələrin mətnində regionun statusundan bəhs edilən hissədə “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu” ifadəsi təsbit olunub. Qətnamə layihəsi qəbul ediləcəyi halda bu o demək olacaq ki, səsvermədə iştirak edən senatorlar, sonra isə Nümayəndələr Palatasının deputatları Dağlıq Qarabağın Azərbaycana mənsub olmasını etiraf edirlər.
Beləliklə, Fransanın nəinki Frankofoniyanın hüdudlarından kənarda, hətta onun daxilində də tənha qalmaq şansı çoxdur. Ona görə ki, dünyada “Qarabağ Azərbaycandır!” faktı ilə razılaşmağa başlayıblar.