Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi bu il dekabrın 2-də Qarabağla bağlı qətnamə layihəsini müzakirə edib və sənəd layihəsi bir sıra düzəlişlərlə plenar iclasa tövsiyə edilmişdi. Qətnamə layihəsinin komitədə qəbul edilən mətninin dekabrın 17-də Belçika Nümayəndələr Palatasının plenar iclasında səsverməyə qoyulması gözlənilir. Lakin ermənipərəst dairələrin canfəşanlığının nəticəsi olaraq Belçika Senatı da eyni mətni dekabrın 11-də səsverməyə çıxarmağı qərara alıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumatda bildirilir ki, qətnamə layihəsinin Senata gətirilməsinin əsas təşəbbüskarı Senatın sahələrarası məsələlər komitəsinin sədri, Belçikanın özündə də separatçılıq meyillərinin əsas daşıyıcılarından olan, islamofob və antitürk əhval-ruhiyyəli millətçi Yeni Flamand İttifaqı Partiyasının (N-VA) üzvü Mark Demesmaekerdir. Bir faktı da xüsusi qeyd etmək lazımdır ki, Mark Demesmaeker Brüsseldəki əsas erməni lobbi təşkilatının rəhbəri Kaspar Karampetyan ilə sıx əməkdaşlıq edir və sonuncunun təşkilatçılığı və şəxsən müşayiəti ilə ötən il oktyabr ayında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər edib.
Sözügedən məsələ ilə bağlı Milli Məclisin deputatı, Belçika üzrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamal Cəfərov belçikalı senator Mark Demesmaekerə məktub ünvanlayıb. Məktubda deputat belçikalı həmkarına mahiyyəti üzrə ətraflı məlumat verib, Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq hüququn və hətta Belçikanın rəsmi mövqeyinin Azərbaycanın ərazi bütövlüyünün yanında olduğunu xatırladıb.
Vurğulamaq lazımdır ki, müxtəlif erməni diaspor təşkilatları və ermənipərəst qüvvələr bu tip qətnamələr qəbul etdirməklə Ermənistanın Azərbaycan qarşısındakı son uğursuzluqlarını pərdələməyə çalışırlar. Əslində Fransada istədiklərinə tam nail olmayan erməni lobbi təşkilatlarının Belçika parlamentindəki anti-Azərbaycan səyləri də puç olub. Belə ki, qətnamənin ilkin layihəsində sabiq işğalçı rejimin tanınması və onun təhlükəsizliyinin təminatı üçün bu rejimlə diplomatik əlaqələrin qurulması məsələsi təklif edilirdi. Lakin Azərbaycan hökumətinin və Milli Məclisin vaxtında gördüyü tədbirlər nəticəsində bu cür absurd təkliflər qəbul edilmədi. Həmçinin qətnamə layihəsinin ilkin mətnindəki qondarma “artsax” adına bütün istinadlar çıxarıldı və Dağlıq Qarabağ anlayışı qəbul edildi. Ən mühüm məqam isə ondan ibarətdir ki, beynəlxalq hüquqa uyğun olaraq BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri layihəyə daxil edildi. Başqa sözlə, ermənilərin və ermənipərəst qüvvələrin hər vəchlə qəbuluna çalışdığı sənəd Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiq etdi.
Eyni zamanda, layihənin ilkin versiyasında olan digər bir sıra cəfəng fikirlər – “ATƏT-in Minsk qrupundan Naxçıvanla Azərbaycan və Türkiyə arasında Ermənistan ərazilərindən keçməklə dəhliz yaradılması ideyasını rədd etməyi tələb etmək”, “Azərbaycan Ordusuna 27 sentyabrdan əvvəl tutduğu mövqelərə dərhal çəkilməsi üçün çağırış etmək”, “9 noyabr bəyanatı Ermənistana təzyiq altında əlverişsiz şərtlərlə imzalatdırılmışdır” kimi təkliflər qəbul edilmədi.
Qardaş Türkiyənin Azərbaycana verdiyi aktiv diplomatik dəstəklə əlaqədar olaraq, sənəddə Türkiyəyə müəyyən təzyiqlərin edilməsi ilə bağlı çağırışlar da qəbul edilmədi. Belə ki, “Türkiyənin Aİ üzvlüyünə dair danışıqların dərhal dayandırılması”, “Türkiyə səfirinə Belçika hökumətinin etirazının çatdırılması”, “Türkiyənin NATO-dan çıxarılması üçün bütün mümkün tədbirlərin görülməsi” kimi cəfəng fikirlər layihənin mətnindən çıxarıldı.
Erməni lobbi təşkilatlarının qətnamə layihəsindəki müəyyən bəndləri qabardaraq “uğur” kimi təqdim etməsi cəhdlərinə baxmayaraq, əslində qondarma “artsax respublikasının” tanınması qətnaməsinin iflasa uğraması və Fransadan sonra Belçikada çox gözlənilən “dəstəyi” ala bilməməsi erməni və ermənipərəst dairələrdə, o cümlədən “artsaxın tanınmasına” dair qətnamə təkliflərini irəli sürən deputatlarda böyük narazılıq və ruh düşkünlüyü yaradıb.
Əsas məqsədləri Belçika parlamentində “artsaxın tanınması” olan, lakin bu ideyanın reallaşdırılmasına nail ola bilməyən ermənilərin Fransa modelini təkrarlamaq niyyətləri puça çıxdı. Almaniya, Lüksemburq və Belçikadan sonra qondarma rejimin tanınma məsələsində Fransa, faktiki olaraq, Avropada təklənmiş duruma düşdü.
Milli Məclis hadisələrin gedişatını izləməyə davam edir və mütəmadi olaraq ictimaiyyəti məlumatlandıracaq.