Yaponiyanın nüfuzlu KİV-ləri Bakıda keçirilən Zəfər paradı barədə ətraflı məlumatlar yayıb - FOTOLAR

A- A A+

Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsi ilə bağlı dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradı ilə bağlı Yaponiyanın nüfuzlu informasiya agentlikləri, qəzetləri və telekanalları ətraflı məlumatlar yayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Yaponiyanın NHK dövlət televiziya kanalı xəbərlər buraxılışında Zəfər paradı barədə xüsusi süjet yayımlayıb. Süjetdə Bakının mərkəzində yerləşən Azadlıq meydanında keçirilən paradda təxminən 3 min hərbçinin iştirak etdiyi və 1500-dən çox ən müasir hərbi texnikanın nümayiş etdirildiyi vurğulanıb.

Zəfər paradının Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edildiyi xüsusi vurğulanıb. Süjetdə Azərbaycan və Türkiyə prezidentlərinin çıxışlarından sitatlar gətirilib.

Həmçinin süjetdə qeyd edilib ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında atəşkəs bəyanatı imzalanıb, Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələri yerləşdirilib. Türkiyənin bu prosesdə yaxından iştirak etdiyi bildirilib.

JİJİ Press informasiya agentliyinin Zəfər paradı barədə yaydığı məlumatda isə Azərbaycanın altı həftə ərzində davam etmiş müharibənin nəticəsində Ermənistanı ağır məğlubiyyətə uğratdığı xüsusi vurğulanıb. Qeyd edilib ki, dekabrın 10-da təşkil edilən Zəfər paradı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatdığını təsdiq edir.

Paradda Azərbaycan və türk əsgərlərinin birgə yürüşünə də xüsusi diqqət yetirilib. Qeyd edilib ki, paradda Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları ilə yanaşı, Ermənistandan qənimət kimi götürülmüş tanklar və digər hərbi texnika da nümayiş etdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: