Küveytin gündəlik ingilis dilli “KuwaitTimes” qəzetində Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi möhtəşəm qələbə paradına həsr olunmuş məqalə dərc edilib.
Ölkəmizin Küveytdəki səfirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, məqalədə cari ilin sentyabr ayının 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Türkiyənin yaxın müttəfiqi, qardaş Azərbaycana siyasi-mənəvi dəstək verdiyi qeyd olunub.
Bildirilib ki, Azərbaycan Ordusu döyüş zamanı Ermənistandan ələ keçirilmiş hərbi texnika və silahların da nümayiş edildiyi parad keçirib və türk pilotsuz təyyarələri də sərgidə nümayiş olunub.
Həmçinin qeyd olunub ki, parada hərbi əməliyyatlarda şəhid olan 2783 Azərbaycan əsgərinin simvolik sayı qədər türk hərbçisi qatılıb.
Məqalədə “Atlas” araşdırmalar mərkəzinin “Qarşıdurmalar Azərbaycan ordusunun separatçı qüvvələri alt-üst etməsindən və Qarabağın əsas şəhəri Xankəndinə yaxınlaşmasından sonra Moskvanın vasitəçiliyi ilə barışıqla başa çatdı” fikri də yer alıb.
Məqalədə bildirilir ki, Rusiyanın vasitəçiliyi ilə əldə olunan üçtərəfli razılaşmada Qarabağın statusuna dair heç bir müddəa yoxdur. Razılaşmaya əsasən, Qarabağda təhlükəsizlik 5 illik müddətdə təxminən 2000 rusiyalı sülhməramlı tərəfindən təmin ediləcək və eyni zamanda atəşkəs Türkiyə ordusu tərəfindən Azərbaycanda izləniləcək.
Müəllif daha sonra Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək qeyd edib ki, 1990-cı illərin əvvəllərində təxminən 30.000 insanın ölümünə və on minlərlə azərbaycanlının didərgin düşməsinə səbəb olan müharibədə Qarabağdakı erməni separatçıları Bakıdan ayrıldıqlarını elan ediblər, lakin onların muxtariyyət iddiaları beynəlxalq səviyyədə, hətta Ermənistanın özü tərəfindən tanınmayıb.
“Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin Rəcəb Tayyib Ərdoğanın dövründə daha da dərinləşdiyi vurğulanaraq, Prezident İlham Əliyevin “əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın paradda iştirakı bir daha Azərbaycan-Türkiyə xalqlarının sarsılmaz dostluğunu bütün dünyaya göstərdi” ifadəsi qeyd olunub.