Səudiyyə Ərəbistanının nüfuzlu “Arabnews” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü” sərlövhəli geniş məqaləsi dərc olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Heydər Əliyevin bənzərsiz şəxsiyyət olduğu, onun nurlu ideyalarının xalq arasında böyük rəğbət qazandığı və Azərbaycanın işıqlı gələcəyini təmin etdiyi vurğulanır. Qeyd olunur ki, 17 il əvvəl əbədiyyətə qovuşan bu dahi şəxsiyyət öz həyatını Azərbaycanın tərəqqisinə həsr edib və tarixə milli lider kimi adını yazdırıb. Məhz onun liderliyi, xalqın böyük etimadını qazanması sayəsində ölkə ağır böhrandan xilas olaraq inkişaf yoluna qədəm qoyub.
Məqalədə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin siyasi təcrübəsi, geniş fəaliyyəti, Sov.İKP MK Siyasi Bürosunun üzvü kimi o vaxtın ən qüdrətli dövlətlərindən biri olan Sovet İttifaqının rəhbərlərindən olması, həmin vaxtlarda belə doğma Azərbaycanın gələcək müstəqilliyini düşünərək müdrik addımlar atması, Azərbaycana yenidən başçılıq etdiyi dövrdə xalqının xilaskarı olmasından geniş bəhs edilir.
Müəllif qeyd edir ki, dünyaşöhrətli siyasətçi beynəlxalq təşkilatlar, xüsusən İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlığa böyük əhəmiyyət verir, ərəb ölkələri ilə əlaqələrin gücləndirilməsini diqqət mərkəzində saxlayırdı. Onun 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri münasibətlərin möhkəmlənməsində mühüm mərhələ oldu və Ər-Riyadla Bakı arasında iqtisadi, ticari, mədəni və texnologiya sahələrində əməkdaşlığa dair sənədlər imzalandı.
Məqalədə Heydər Əliyevin neft strategiyası, həyata keçirilən transmilli enerji və kommunikasiya layihələri haqqında ətraflı məlumat verilir. Əlavə olunur ki, hazırda Prezident İlham Əliyevin səyləri ilə istifadəyə verilən TANAP layihəsi də bu strategiyanın tərkib hissəsidir.
Sonda vurğulanır ki, Ulu Öndərin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edib və ölkəmizin beynəlxalq nüfuzu daha da möhkəmlənib.