Hər bir xalqın tarixində mühüm rol oynamış şəxsiyyətlər olur. Hansı ki həmin şəxsiyyətlər tarixin müəyyən bir zamanında ölkəsini, xalqını tarixin ən ağır sınaqlarından çıxararaq əbədiyyət zirvəsinə ucalırlar. Azərbaycanın şanlı səhifələrlə dolu müstəqillik tarixinin müəllifi, xalqımızın xilaskarı və qurucu lideri Heydər Əliyev də belə dahilərdəndir.
Bu gün Cənubi Qafqazın bütün parametrlər üzrə ən güclü dövləti, regionun əsas söz sahibi olan müstəqil Azərbaycan Respublikasının inkişafı bu yolda əvəzsiz xidmətlər göstərmiş dahi Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. O, sağlığında xalqımızın ümummilli lideri adını qazanan yeganə şəxsiyyətdir. Dahi öndərin şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün fəxarət rəmzidir. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, – deyən böyük şəxsiyyətin bu kəlamı onun bütün həyat amalı və işıqlı ideyalarının məcmusunu ifadə edir.
Müasir, müstəqil Azərbaycan dövlətinin təməli ümummilli liderimizin siyasi hakimiyyətinin birinci dövründə – 1969-1982-ci illərdə qurulmuşdur. Görkəmli dövlət xadimi ilk dəfə Azərbaycana rəhbər seçiləndən sonra kənd təsərrüfatının, sənayenin, elmin, mədəniyyətin, incəsənətin inkişafı istiqamətində qətiyyətli addımlar atılmış, ölkəmiz sürətlə inkişaf edərək Sovet İttifaqında ən qabaqcıl yerlərə çıxmışdır. Ulu öndərimiz 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində bu barədə deyirdi: “Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 70-ci illərin bariz əlamətinə çevrildi. 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır... SSRİ dövlətinin dağılması ərəfəsində bir çox mütəxəssislər hansı müttəfiq respublikaların iqtisadiyyatının müstəqillik şəraitində özünü təmin etməyə qadir olduğunu müəyyən etməyə cəhd göstərdilər. Aparılan təhlillər göstərirdi ki, keçmiş SSRİ-də cəmi 2 respublika tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan biri məhz Azərbaycan idi”.
Məhz o dövrdə görülmüş işlərin nəticəsində Azərbaycanda milli gəlir 2,5 dəfə artmış, ulu öndərin təşəbbüsü nəticəsində 10 mindən çox azərbaycanlı gənc ittifaqın tanınmış ali məktəblərində təhsil alaraq respublikaya qayıtmış, Azərbaycanın inkişafına xidmət göstərmişdir. O cümlədən mərkəzin iradəsinə zidd olaraq Bakıda Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb yaradılmış, milli hərbçi kadrların hazırlığına başlanılmışdır. Bununla yanaşı, sovet rejiminin kifayət qədər güclü olduğu həmin dövrdə milli dəyərlərin və milli şüurun bərpasına xidmət edən tədbirlərin görülməsi, Azərbaycan dili və Azərbaycan tarixi ilə bağlı tədqiqat işlərinin genişləndirilməsi, akademik nəşrlərin hazırlanması, rus dilinin yeganə rəsmi dil olduğu bir şəraitdə Azərbaycanın 1978-ci il Konstitusiyasına “Azərbaycan SSR-də dövlət dili Azərbaycan dilidir” müddəasının salınması dahi şəxsiyyətin misilsiz tarixi xidmətlərindəndir. 1982-ci ildə ümummilli liderimiz SSRİ-də rəhbər vəzifəyə irəli çəkildikdən sonra isə Azərbaycanın hərtərəfli inkişafı ilə bərabər, xalqımızın dünya arenasında tanıdılması və təbliği işi daha da genişləndirilmişdir. Sovetlər Birliyi dövründə ulu öndərin gələcək müstəqil Azərbaycan Respublikası naminə gördüyü işləri ölkə Prezidenti cənab İlham Əliyev belə qiymətləndirmişdir: “SSRİ dönəmində Azərbaycanın iqtisadiyyatının, elm və mədəniyyətinin inkişafına, milli kadrların yetişdirilməsinə böyük səylər qoyan Heydər Əliyev nə vaxtsa ölkəmizin müstəqil olacağına inanırdı. Təbii ki, o zamanlar bütün bu işlər görülməsəydi, müstəqil dövlət quruculuğu vəzifəsinin həyata keçirilməsi çox ciddi çətinliklərlə qarşılaşardı”.
Təsadüfi deyil ki, 1982-87-ci illərdə Heydər Əliyev şəxsiyyətinə, nüfuzuna görə keçmiş Sovetlər Birliyində Azərbaycanla hesablaşır, ölkəmizdəki inkişafın qarşısını almağa, torpaq iddiası irəli sürməyə heç kim cəsarət etmirdi. Odur ki, bədxah niyyətlilər bu məsələnin yeganə çıxış yolunu dahi şəxsiyyəti siyasi fəaliyyətdən uzaqlaşdırmaqda görürdülər. Nəhayət, 1987-ci ildə bu məkrli plan həyata keçirildi, ümummilli liderimiz rəhbər vəzifədən istefa verdi. Bununla da Azərbaycanın ağrı-acılarla dolu dövrü başlandı. Ölkəmizin suverenliyinə edilən qəsd tarixi torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalı ilə nəticələndi, Azərbaycan xalqına qarşı 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədildi. Lakin yenə də ulu öndər siyasi təqiblərə baxmayaraq qanlı Yanvar faciəsini törətdiyinə görə ozamankı sovet rəhbərliyini və faciənin digər təşkilatçılarını ittiham etmiş, xalqımızın başına gətirilən müsibəti bütün dünyaya çatdırmışdır.
Ölkəmizin ağır, çətin dövründə, 1990-cı il iyul ayının 20-də Moskvadan Bakıya qayıdan ümummilli lider iki gün sonra, iyulun 22-də doğma Naxçıvana gəlmiş və buradan bütün Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etmişdir. 1990-1993-cü illərdə, ölkəmizin ağır dövründə Naxçıvan Muxtar Respublikasında ümummilli liderimizin rəhbərliyi ilə tarixi qərarlar qəbul edilmiş, muxtar respublikanın erməni təcavüzündən xilas olunması, böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər görülmüşdür. Üçrəngli bayrağımızın ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də görkəmli dövlət xadiminin sədrliyi ilə keçirilən Naxçıvan parlamentinin iclasında qaldırılması, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözlərinin çıxarılması, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikasının iştirak etməməsi, aqrar islahatların keçirilməsi, Azərbaycanda milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasından başlanılması müstəqil dövlətçilik yolunda atılan ilk addımlar idi. Həmçinin bu qədim diyarda Dünya azərbaycanlılarının həmrəyliyinin əsasının qoyulması, blokada şəraitində yaşayan Naxçıvanın gələcək inkişafını təmin edəcək işlərin bünövrəsinin qoyulması dahi rəhbərin qətiyyəti və təşəbbüsü nəticəsində mümkün olmuşdu.
Görülən işlərin sayəsində Naxçıvan yeni inkişaf yoluna qədəm qoyur, cəmiyyət quruculuğu sahəsində qətiyyətli addımlar atırdı. Lakin həmin dövrdə Azərbaycanda ictimai-siyasi vəziyyət çox gərgin idi. Hakimiyyətdə təmsil olunan naşı insanların üzündən torpaqlarımız bir-birinin ardınca işğal olunur, ölkədə hərc-mərclik hökm sürür, xalqın haqlı narazılığı hər keçən gün daha da artırdı. Belə bir şəraitdə – 1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Bununla da torpaqlarımızın işğalı dayandırıldı, ölkəmizdə milli qurtuluş hərəkatının əsası qoyuldu və 15 iyun müstəqil Azərbaycan dövlətinin tarixinə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Həmin dövrdən sonra görkəmli dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması, Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına sərmayələrin qoyulması, sahibkarlığın inkişaf etdirilməsi ölkəmizi yeni inkişaf mərhələsinə çıxardı. Paralel olaraq ölkəmizdə dövlət quruculuğu prosesinə başlandı, güclü ordu yaradıldı, ölkənin demokratik prinsiplərini, insanların siyasi hüquq və azadlıqlarının toxunulmazlığını bəyan edən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Beləliklə, tarix üçün çox qısa müddətdə ölkəmizdə hüquqi və dünyəvi cəmiyyət quruculuğuna, eyni zamanda müasir bazar iqtisadiyyatına əsaslanan iqtisadi inkişafa nail olundu.
Ordu hər bir ölkənin təhlükəsizliyinin qarantıdır. Bunu əsas götürən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev də ulu öndərin yolunu davam etdirərək ordu quruculuğuna xüsusi diqqət yetirir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsi olaraq müdafiə təhlükəsizliyi ilbəil möhkəmləndirilir, hərbi hissələrin maddi-texniki təminatı gücləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır. Uzun illər ərazi bütövlüyümüzün sülh yolu ilə bərpası üçün aparılan danışıqlar nəticə vermədiyindən, torpaqlarımız hərb yolu ilə işğaldan azad olundu. Cari il sentyabrın 27-də mənfur düşmənin Azərbaycana növbəti hücum cəhdimilli ordumuzun bütün cəbhəboyu ərazilərdə əks-hücuma başlamasına rəvac verdi.Nəticədə cəmi 44 gün ərzində Azərbaycan ərazilərinin böyük bir hissəsini hərbi yolla işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın azad edilməsi isə düşməni diz üstə çökdürərək kapitulyasiyanı imzalamağa və digər işğalda olan torpaqlarımızı geri qaytarmasına məcbur etdi. Şuşanın azad edilməsi xəbərini Bakıdakı Şəhidlər Xiyabanından xalqa çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
Beləliklə, “Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə, Azərbaycan yoxdur”, - deyən ümummilli lider Heydər Əliyevin və bütünlükdə Dünya azərbaycanlılarının bu böyük arzusu yerinə yetdi. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində “Mənim başa çatdıra bilmədiyim bütün işləri İlham Əliyev başa çatdıracaq”, - demiş və cənab İlham Əliyevi siyasi varisi elan etmişdi. Ötən 17 ildə ölkə başçısı Heydər Əliyev dahiliyinin, onun uzaqgörən dühasının sübuta ehtiyacı olmadığını təsdiq etdi. Şübhəsiz ki, Heydər Əliyev şəxsiyyəti təkcə dünənimizin, bu günümüzün deyil, həm də gələcəyimizin fövqündə dayanan dahidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Bu gün heç kimin şübhə etmədiyi reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə iyirminci əsr Azərbaycanının deyil, iyirmi birinci əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir. Bu böyük şəxsiyyətin Azərbaycan naminə gördüyü işlər ölkəmizin milli sərhədlərini aşaraq bütövlükdə regionun və dünya sivilizasiyasının da tərəqqisinə xidmət edir. Təsadüfi deyil ki, məşhur dövlət və ictimai xadimlər ulu öndərimizi iyirminci əsr dünya siyasi fikir tarixinin canlı əfsanəsi və siyasət patriarxı adlandırırdılar…”.