Bolqarıstanın televiziya kanalında Azərbaycana həsr edilmiş veriliş yayımlanıb

A- A A+

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstanın ən böyük özəl televiziya kanalı NOVA kanalında yayımlanan “Dünya Bolqarıstanda” verilişinin qonağı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, N.Qurbanova Azərbaycanda ənənəvi çay süfrəsi barədə məlumat verərək, çayın əsasən armudu stəkanda içildiyi, dəmləmə üsulu və çay süfrəsinin necə bəzədilməsi, eləcə də çay süfrəsində təqdim olunan milli şirniyyat və mürəbbələrimizdən bəhs edib, Azərbaycanda müxtəlif növ meyvə və tərəvəzlərdən ləziz mürəbbələrin hazırlanmasından söz açıb. Həmçinin ölkəmizdə mövcud “çay evləri” və “çayxanalar” barədə danışıb.

Səfir verilişdə Azərbaycanda multikulturalizm ənənələrinə toxunaraq ölkəmizdə 25-dən artıq millətin yaşadığını və onların Azərbaycanı öz vətənləri bildiklərini qeyd edib. Səfir 1918-ci ildə müsəlman və türk dünyasında ilk dünyəvi parlament respublikasının məhz Azərbaycanda yaradıldığını, bu dövlətin bir çox Avropa ölkələrindən daha əvvəl 1918-ci ildə qadınlara səsvermə hüququnu verdiyini bildirib. Azərbaycan tarixində “ilklərin” bununla məhdudlaşmadığını qeyd edərək deyib ki, Azərbaycanın adı müsəlman Şərqində ilk kino, opera, balet ilə birgə xatırlanır.

Mədəni irsimizin UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan nümunələri barədə danışan səfir Bakıdan 55 km aralıda yerləşən, qayaüstü təsvirləri ilə məşhur Qobustan, palçıq vulkanları, Naxçıvanın müalicəvi əhəmiyyətli məşhur Duzdağı və ölkəmizdə ipəkçilik ənənələri barədə məlumat verib. Azərbaycan milli mətbəxinin vazkeçilməz təamlarından olan nar və zəfəran barədə danışaraq onların yetişdirilməsi və növlərindən söz açıb.

“Küləklər şəhəri” Bakıda barədə məlumat verən N.Qurbanova paytaxtımızda təşkil edilən əhəmiyyətli idman və mədəni tədbirlərə diqqət çəkərək “küləklər şəhəri”nin Avroviziya, Birinci Avropa Oyunları, Formula 1 yarışlarına ev sahibliyi etdiyini vurğulayıb. Həmçinin Bakının rəmzləri olan İçərişəhər, Qız Qalası barədə danışıb. Səfir qədim tarixə malik Novruz ənənələri barədə də izləyicilərə məlumat verib.

Müsahibə zamanı diplomat, eyni zamanda 44 gün davam edən Vətən müharibəsinə də toxunub. O, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumat verərək, Vətən müharibəsinin müzəffər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndiyini fəxrlə bildirib. O qeyd edib ki, 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalanmış və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoyulub. Həmin bəyanatın imzalanmasından sonra Cənubi Qafqaz bölgəsi yeni mərhələyə - yenidənqurma və dinc birgəyaşayışın bərpa mərhələsinə qədəm qoyub. İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar meydana çıxıb, yeni perspektivlər açılıb.

Azərbaycanda koronavirus pandemiyasının təsirləri ilə bağlı suala cavab olaraq ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizə, pandemiyanın iqtisadiyyat, məşğulluq, sosial sahəyə vurduğu zərərin aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirlər, COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycanın beynəlxalq müstəvidə dəstəyi barədə danışıb.

Sözügedən veriliş NOVA televiziya kanalının eyniadlı verilişləri sırasında reytinqlərdə birinci olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: