Bolqarıstanın xəbər agentliyində ümummilli lideri Heydər Əliyev haqqında məqalə dərc olunub

A- A A+

Bolqarıstanın aparıcı “Kross” xəbər agentliyinin internet səhifəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bütün şərəfli ömrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş ulu öndər Heydər Əliyevin əziz xatirəsinin hər zaman Azərbaycan xalqı tərəfindən hörmət və ehtiramla yad edildiyi bildirilir, Ümummilli Liderin vəsiyyətinin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ləyaqətlə yerinə yetirildiyi qeyd olunur.

Müəllif Ümummilli Liderin tarixi missiyasına diqqət yetirərək Azərbaycan xalqının tələbi ilə H.Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkədə böhranın, qeyri-sabitliyin cilovlandığını, geniş və hərtərəfli islahatlar nəticəsində böyük bir inkişaf strategiyasına start verildiyini qeyd edir. Əlavə olunur ki, tarixi şəxsiyyətin parlaq siyasi zəkası sayəsində Azərbaycan iki əsrin qovuşuğunda öz milli mənəvi və dövlətçilik dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyub. Qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, o Azərbaycanı tənəzzüldən, hərc-mərclikdən, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsindən uğurla çıxarıb. Azərbaycan həm bölgədə, həm də dünyada layiqli yer qazanıb.

Məqalədə Azərbaycan xalqının dahilik rəmzi kimi qeyd olunan Heydər Əliyevin dövlət və millət qarşısındakı tarixi xidmətlərinin zaman keçdikcə daha aydın göründüyü vurğulanır. Bildirilir ki, Heydər Əliyev Azərbaycan xalqına müraciətində Prezident İlham Əliyev haqqında qeyd edirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün nəinki Azərbaycan xalqı, hətta bütün dünya Ümummilli Liderin necə uzangörən siyasi xadim və böyük strateq olduğuna bir daha şahid olur.

Vurğulanır ki, dövlət başçısı İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan biri-birindən əhəmiyyətli uğurlar qazanıb, təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olaraq regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Qeyd olunanlar xüsusunda, Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinin və tarixi torpaqlarının Ermənistanın işğalından azad olunması da vurğulanır. Qeyd olunur ki, sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarından sonra əks-hücum əməliyyatına başlayan və noyabrın 10-da Ermənistanın təslim olması ilə nəticələnən İkinci Qarabağ müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının zəfər salnaməsini yazdı. Dövlət başçısının qəti iradəsi və müdrik xarici siyasəti, müzəffər Ordunun qəhrəmanlığı və şücaəti, xalqın birliyi və həmrəyliyi nəticəsində erməni işğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə uğradıldı və böyük Qələbə sayəsində tarixi ədalət bərpa olundu. Bu zaman Ümummilli Liderin Qarabağa olan sevgisini ifadə edən aşağıdakı məşhur kəlamı yada salınır: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.

Müəllif vurğulayır ki, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi altında Azərbaycan torpaqları Ermənistan işğalından azad edildi, Ümummili Liderin amalı tamamlayıb. Daha sonra Prezident İlham Əliyevin xalqa müraciətində ifadə etdiyi sevinc və fərəh dolu duyğularına yer verilir: “...Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Məqalədə, həmçinin qeyd olunur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəsur Azərbaycan Ordusu düşmən tərəfindən işğal altındakı ərazilərdə otuz ilə yaxın müddətdə qurulan istehkamları, hərbi texnikanı, çoxsaylı canlı qüvvəni darmadağın edərək torpaqlarını qarış-qarış, kəndbəkənd, şəhərbəşəhər əsarətdən xilas edib. 44 günlük zəfər yürüşündə 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edilib. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşada və digər torpaqlarda üçrəngli şanlı bayraq ucaldılıb. Bir güllə belə atılmadan Ermənistan silahlı qüvvələrinin bölmələrinin Kəlbəcər, Laçın və Ağdam rayonlarından çıxarılmasına nail olunub. Nəticədə, 30 ildir BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri Azərbaycan Ordusunun inamlı qələbəsi ilə icra edilib, doğma torpaqlarının həsrətini çəkən, qayıdacaqları günü səbirsizliklə gözləyən insanların arzuları reallığa çevrilib.

Sonda Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ölkəmizin tarixində yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir. Bu Qələbənin yeni geosiyasi və iqtisadi reallıqlar yaratmaqla yanaşı, həm də mühüm tarixi proseslərin əsasını qoyduğu bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: