Azərbaycan Prezidenti: Əgər ermənilər hər hansı hərbi əməllər planlaşdırsalar, bu dəfə biz onları tamamilə darmadağın edəcəyik

A- A A+

Hazırda Rusiya sülhməramlıları oradadırlar, öz fəaliyyətinə başlayıblar. Vəziyyət müəyyən dərəcədə sabitdir. Baxmayaraq, indi mənə məlumat verilib ki, dünən ya erməni yaraqlıları, yaxud “Ermənistan ordusu” adlandırdıqları qalıqlar tərəfindən bəzi terror aktları törədilib. Bu, əlbəttə ki, narahatlıq doğurur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə görüşündə danışıb.

Dövlətimizin başçısı deyib: “Mənə elə gəlir ki, Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir. İki gün öncə şanlı Qələbəmizə həsr olunmuş hərbi paradda mən söylədim ki, əgər Ermənistan faşizmi yenidən baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil. Lakin ümid edirəm ki, bu, baş verməyəcək. Bir sözlə, sülhməramlıların missiyası qüvvədədir”.

Prezident qeyd edib ki, sülhyaratma əməliyyatları müzakirə olunmuş razılaşmanın, Madrid prinsiplərinin bir hissəsidir. Lakin biz bunu heç zaman ciddi müzakirə etməmişik. “Biz həmin mövzuya hətta heç vaxt toxunmamışıq. Biz, sadəcə, ümumi şəkildə fikir mübadiləsi etmişik. Sülhməramlıların tərkibi necə olar bilər? Onlar hansı ölkələri təmsil edə bilər? Onlar qonşu, yaxud həmsədr ölkələr olmalıdır? Fikirlər müxtəlif idi. Şəxsən mən bu haqda heç zaman fikir söyləməmişəm, çünki deyirdim, bu, hələ tezdir. Biz əvvəlcə münaqişəni həll etməliyik. Biz heç zaman sülhməramlılara etiraz da etməmişik. Biz dedik, bəli, sülhməramlılar gəlsinlər və müəyyən vaxtda mülki şəxsləri, erməniləri və azərbaycanlıları qorusunlar. Bu, elə baş verir. Hazırda sülhməramlı əməliyyatlar Rusiya tərəfindən aparılır. Ermənistan və Azərbaycan da bunu dəstəkləyib”, - deyə Prezident İlham Əliyev bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: