Müxalifət Paşinyanı devirməkdə israrlıdır - FOTOLAR
Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etirazlar davam edir. Hadisələrin bu ssenari üzrə inkişafı Ermənistanda kütləvi aksiyaların gedişində qan töküləcəyini göstərir. Qanlı qarşıdurmanın Paşinyan iqtidarının sonunu daha böyük sürətlə yaxınlaşdıracağı istisna olunmur.
Yerevanda etirazlar səngimir
Yerevanın mərkəzində baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılarla polis arasında yenidən qarşıdurma yaşanıb. Polis Opera Teatrının yaxınlığında Fransa meydanında mitinq keçirilməsinə icazə verməyib, bir çox insanı isə saxlayıb.
Böyük kütlə Yerevanın Respublika meydanından baş nazirin iqamətgahına yürüşə cəhd edib. Amma polis yolları bağlayaraq aksiyaçıları meydana buraxmayıb. Hökumət evinə yön alan aksiyaçılar orada toplaşaraq "Paşinyan, get!”, "Müstəqil Ermənistan”, "Ermənilər, birləşin!” şüarları səsləndiriblər. Mitinqlərdə ictimai-siyasi şəxslər, fəallar, vəkillər və başqaları iştirak ediblər.
Ermənistan polisinin keçmiş rəis müavini Ovannes Koçaryan "Facebook” hesabında yazıb ki, Yerevanın ictimai yerlərində insanların zirehli jiletlərdə və xüsusi formalarda olması polislərə qarşı inamsızlığın nümunəsidir.
Başqa bir məlumata görə, müxalifət düşərgəsində yeni həbslərin aparılması planlaşdırılır və qeyd olunur ki, kütləvi etiraz aksiyalarının qarşısını almaq üçün hakimiyyət xüsusi plan hazırlayıb. Buraya müxalifət fəallarına qarşı güc tətbiq edilməsindən tutmuş, onların mitinq keçiriləcək ünvana daxil olmazdan əvvəl müvəqqəti həbsinə kimi müxtəlif planlar daxildir. O da vurğulanır ki, bu işdə təkcə polis yox, digər güc strukturlarının və hakimiyyətin nəzarətində olan xüsusi cəza dəstələrinin nümayəndələri də iştirak edəcəklər.
Müxalifət isə hakimiyyət tərəfindən yaradılacaq bütün maneələrə rəğmən etiraz mitinqlərinin baş nazirin istefasına qədər davam edəcəyini bildirib.
"Paşinyan ya həbs ediləcək, ya da ölkədən qaçacaq”
Erməni politoloq Armen Badalyan ölkəsinin düşdüyü ağır durumla bağlı pessimist proqnozlar verib. Bundan sonra Yerevanın Azərbaycanla mübarizə aparmaq gücündə olmadığını deyən A.Badalyanın sözlərinə görə, Ermənistan hazırda ciddi iqtisadi və siyasi izolyasiya ilə üz-üzə qalıb. Bildirib ki, Paşinyanın hakimiyyətdə qalması Ermənistan üçün yeni təhlükələr deməkdir. Ölkəyə investisiyalar qoyulmur. Baş nazir Ermənistanı bundan sonra necə inkişaf etdirmək lazım olduğunu, onun mexanizmlərini belə bilmir. Onun varlığı inkişaf və iqtisadi tərəqqiyə mane olacaq. Ona görə ki, heç kim belə bir rəhbərliyin idarə etdiyi ölkəyə investisiya yatırmaqda maraq göstərməyəcək.
Politoloq onu da bildirib ki, Paşinyan öz rəhbər mövqeyini hələ polis gücünə qoruyub saxlaya bilir: "Nikol anlayır ki, əgər istefaya gedərsə, yeni baş nazir ya onu həbs edəcək, ya da özü ölkədən qaçacaq. Nikol və ailəsi heç vaxt Ermənistana dönə bilməyəcəklər. Baş nazir onu da gözəl anlayır ki, Ermənistanda gələcəyi olmayan bir şəxsdir. Heç deputat belə seçilə bilməyəcək. Əgər öz kürsüsünü tərk etmək qərarı versə, ömürlük ölkəni tərk etmək məcburiyyətində qalacaq”.
Əsgər ölümləri gizlədilir
Müharibədəki məğlubiyyət Ermənistanda xeyli müddətdir əsgər analarının da hakimiyyətə qarşı sərt mövqedən çıxış etməsinə səbəb olub. Çünki hakimiyyət itkiləri ciddi cəhdlə gizlədir və minlərlə valideyn övladından xəbər ala bilmir. Ermənistan mediası isə Nikol Paşinyanı əsgər ölümləri ilə bağlı dezinformasiya yaymaqda ittiham edir.
Əsgər valideynləri hakimiyyətin bu məsələyə etinasızlığından cana doyduqlarını söyləyir və ölkə rəhbərliyinin indiyə qədər onları aldatdığını bəyan edirlər. Elə bu səbəbdən də itkin düşən hərbçilərin valideynləri Ermənistanın müxtəlif şəhərlərində hərbi hissələrin qarşısında etiraz aksiyaları keçirirlər. Etirazçılar hökumət əleyhinə şüarlar və bəyanatlar səsləndirib, övladlarının ölüm səbəbinin onlara açıqlanmasını tələb edirlər. Qeyri-döyüş şəraitində övladını itirmiş Anna Qasparyan deyib ki, ordudakı qətllərə, məğlubiyyətə görə hökumət birbaşa məsuliyyət daşıyır. Bildirilib ki, Azərbaycanın işğaldan azad edilən Zəngilan rayonunda gedən döyüşlər nəticəsində Eçmiəzdin rayonundakı hərbi hissənin qulluqçularından 34-ü itkin düşüb. Valideynlərdən biri deyib ki, onlara dekabrın 1-dən sonra məlumat veriləcəyini bildirsələr də: hələ heç bir xəbər yoxdur. "Onlarla əlaqəmizin kəsilməsindən artıq 50 gün ötür”, - deyə o bildirib.
Pandemiya və müharibə Ermənistanı fəlakətə düçar edib
Müharibədə məğlubiyyət fonunda artan xarici borclar da Ermənistana müsbət heç nə vəd etmir. Əksinə, beynəlxalq təşkilatlar, müxtəlif xarici dövlətlər Ermənistana yeni borclar verilməsinə indi böyük ehtiyatla yanaşır. Çünki Ermənistan əvvəl aldığı xarici borcların qaytarılmasında böyük çətinliklər yaşayır, eyni zamanda bu ölkənin həmin borclar əvəzinə verə biləcəyi digər hər hansı resursu yoxdur. Əksər dövlət müəssisələri isə xarici borc əvəzinə çoxdan əcnəbilərin, əsasən də Rusiya şirkətlərinin əlinə keçib. Yeri gəlmişkən qeyd edək ki, həmin müəssisələrin çoxu həm də fəaliyyətsizdir və yaxın perspektivdə işə düşmələri gözlənilmir.
İndi Ermənistanda belə hesab olunur ki, mövcud problemlərin meydana gəlməsi və dərinləşməsində Paşinyan iqtidarının yarıtmaz siyasəti əsas rol oynayır. Məhz bu, ölkəni siyasi və iqtisadi müstəvidə dalana dirəyib. Eyni zamanda hakimiyyətdə təmsil olunanların yaratdıqları korrupsiya və rüşvət piramidası ölkə iqtisadiyyatının inkişafını əngəlləyən əsas faktorlardan biri olaraq qalmaqdadır.
Xarici ticarət dövriyyəsində qeydə alınan mənfi saldonun həcminin mütəmadi olaraq artması Ermənistan iqtisadiyyatının ixrac potensialının tənəzzüldə olduğunu göstərən vacib faktordur. İş o yerə çatıb ki, əvvəl Ermənistanda istehsal edilən bəzi məhsullara olan tələbat artıq idxal hesabına ödənilir. Bunun əsas səbəblərindən biri Ermənistanda fəaliyyət göstərən müəssisələrin bir çoxunun fəaliyyətini dayandırması və ya başqa ölkənin ərazisinə köçməsidir.
Hazırda Ermənistanda əmək qabiliyyətli əhalinin 60 faizindən çoxu işsizdir. Bu rəqəm son aylardan xüsusilə artıb. Buna səbəb həm də hakimiyyətin pandemiya dövrünün tələblərinə uyğun sosial-iqtisadi siyasət yürüdə bilməməsidir.
"4rd.am” saytı yazır ki, ilin əvvəlindən bəri ölkədə xeyli sayda müəssisə, şirkət və səhmdar cəmiyyət, habelə biznes və ticarət obyektləri, kiçik və orta sahibkarlar fəaliyyətini dayandırıb. Pandemiya və müharibə nəticəsində il ərzində təkcə paytaxt Yerevanda iş yerini itirmiş insanların sayı 200 mini ötüb.
Bütün bunların nəticəsidir ki, hakimiyyətin vətəndaşlar arasında heç bir dayağı qalmayıb. Paşinyanın istefasını tələb edənlərin sırası gündən-günə çoxalır.
Elçin Cəfərov
"Azərbaycan” qəzeti