"Human Rights Watch": Ermənistan Azərbaycana qarşı bir neçə dəfə kasetli silahlardan istifadə edib - HESABAT
Ermənistan və ya Dağlıq Qarabağdakı qondarma rejimin hərbi qüvvələri altı həftəlik müharibə dövründə dəfələrlə Azərbaycanın yaşayış məntəqələrini qadağan olunmuş silah-sursatlar vasitəsilə atəşə tutub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu, “Human Rights Watch”un hesabatında öz əksini tapıb.
Bildirilib ki, “Human Rights Watch”un tədqiqatçıları 2020-ci ilin noyabr ayında Azərbaycana səfərləri zamanı ölkənin üç rayonunda kasetli silah-sursatın istifadə olunduğu dörd hücumu sənədləşdiriblər: “Bu hücumlarda 2-si uşaq olmaqla, ən azı 7 mülki şəxs həlak olub, eyni zamanda, 2-si uşaq olmaqla, 20 mülki şəxs yaralanıb”.
Hesabatda kasetli silahların xarakteri haqqında məlumat verilərək qeyd olunub ki, onlar top, raket və minaatanlar vasitəsilə yerdən və ya təyyarə ilə havadan atıla bilər: “Tipik olaraq bu sursatlar havada partlayır və ondan ayrılan bir çox bomba hissəcikləri geniş əraziyə yayılır. Hücum zamanı bölgədəki hər kəs - istər döyüşçülər, istərsə də mülki insanlar ölüm və ya yaralanma riski altında qalırlar. Bundan əlavə, kasetli sursatlar tez-tez ilkin təsir nəticəsində partlaya bilmir və onlar minalar kimi təhlükə mənbəyi olaraq qalır”.
Təşkilatın hesabatında Bərdə şəhərinə oktyabr ayında atılan və 21 mülki vətəndaşın ölümünə, 70 nəfərin yaralanmasına səbəb olan kasetli silahlı hücum sənədləşdirilib: “Noyabr ayının birinci yarısında Azərbaycana araşdırma səfəri zamanı “Human Rights Watch” Ermənistan silahlı qüvvələri tərəfindən biri Bərdə rayonuna, ikisi Goranboy rayonuna və biri də Tərtər rayonunda olmaq üzrə dörd kasetli silahlı hücumu sənədləşdirib”.
“Human Rights Watch” hesabatında bildirilib ki, kasetli silahlar mülki və hərbi obyektləri ayıra bilmədiyi üçün onların istifadəsi müharibə qanunlarını pozur.
Hesabatda deyilib ki, təşkilat noyabrın 27-də İrəvanda Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi ilə görüşüb və həmin nümayəndə Ermənistanın ordusunun hərbi arsenalında kasetli silah-sursatların olmasını təkzib edib: “Beynəlxalq Strateji Araşdırmalar İnstitutu tərəfindən çap olunan illik nüfuzlu “Hərbi Balans-2020” daxil olmaqla, bir sıra beynəlxalq istinad olunan nəşrlər Ermənistanın “Toçka-U” və “İsgəndər” ballistik raketlərinə, “Smerç” və Çin istehsalı WM-80 çox lüləli raket atıcılarına sahib olduğunu və bunların hamısının kasetli bombalar ata biləcəyini deyirlər. “Human Rights Watch” Dağlıq Qarabağdakı qüvvələrin kasetli silahlara sahib olmadığının fərqindədir. Belə olan halda Ermənistan silahlı qüvvələrinin bu hücumları həyata keçirdiyi və ya Dağlıq Qarabağdakı hərbi qüvvələri bu döyüş sursatları ilə təmin etdiyi ehtimal olunur. Qadağan edilmiş silahlar kimi, kasetli döyüş sursatları heç bir halda heç kim tərəfindən istifadə edilməməli və ya təmin edilməməlidir”.
Təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Hyu Villiamson deyib ki, kasetli silahlar qəddar silahlardır, onlar beynəlxalq müqaviləyə əsasən qadağan edilib və bu silahlardan istifadə mülki həyata kobud şəkildə hörmətsizliyi göstərir: “Həm Ermənistan, həm də Azərbaycan kasetli döyüş sursatından istifadə etməmək və bunların qadağan olunduğu müqaviləyə qoşulmaq üçün dərhal öhdəlik götürməlidirlər”.
Xatırladaq ki, hesabatda kasetli silahların birbaşa hücumuna məruz qalmış şəxslərin fikirləri və müsahibələri də yer alıb.