Paşinyan-müxalifət qarşıdurması xaotik vəziyyət yaradıb - FOTOLAR

A- A A+

Ermənistan işğal siyasətinin və ağır məğlubiyyətinin əzablarını yaşayır

Bir aydan çoxdur Yerevanda baş nazir Nikol Paşinyanın əleyhinə keçirilən kütləvi aksiyalar davam edir. Etirazlar Ermənistanda siyasi gərginliyi dərinləşdirməklə yanaşı, xaotik vəziyyət yaradıb. Çünki baş nazirə qarşı müxalifətin etirazı həm də vətəndaş itaətsizliyinə gətirib çıxarıb. Kütləvi həbslərə baxmayaraq, davam edən aksiyalar fonunda getdikcə dramatikləşən hadisələr hakimiyyətin mövqeyini gündən-günə zəiflətməkdədir.

Keçmiş hərbi xunta böhrandan yararlanmağa çalışır

Ermənistan müxalifəti Yerevanda növbəti itaətsizlik aksiyası keçirib. Etirazçılar "xəyanətkar Nikol”, "Nikolsuz Ermənistan” şüarları səsləndiriblər. Etirazçılardan Henrix Qasparyan deyib ki, xain Nikol və onun komandası Ermənistanın təhlükə altında olduğunu başa düşənə qədər etirazlara davam edəcəklər. Aksiya iştirakçılarının tələbi bütün hökumətin istefaya getməsidir. Qeyd olunub ki, Paşinyanın müsbət dəyişikliklər edə biləcəyini düşünərək hələ də ona inanmağa davam edən vətəndaşlar olsa da, indi çox adam ayılıb və son iki il yarımda baş verənlərin yalan olduğunu anlayıblar.

Bu arada aksiyalarda iştirak edənlərdən bir qrupu baş nazir kimi sabiq prezident Robert Koçaryanı görmək istədiklərini bildiriblər.

Onlar "Xilaskar Robert!”, "Rədd ol Paşinyan” və s. kimi şüarlar səsləndiriblər. Görünən odur ki, vaxtilə hakimiyyətdə olmuş hərbi xunta artıq Paşinyana qarşı fəallaşıb. Əsl niyyət ölkədə baş verən siyasi böhrandan yararlanmaqdır.

Sarkisyan-Koçaryan koalisiyası müxtəlif sorğu şirkətləri tərəfindən açıqlanan nəticələri gündəmə gətirməklə guya xalqın onlara etimad göstərəcəklərini nümayiş etdirirlər. Yerevanda keçirilən növbəti belə ictimai sorğu nəticəsində rəyi soruşulanların 27 faizi baş nazir postuna ən layiqli namizəd kimi Koçaryanı qeyd edib. Müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyan isə respondentlərin cəmi 12 faizinin dəstəyini qazanıb. Paşinyan isə cəmi 10 faiz sorğu iştirakçısının dəstəyini alıb.

Müharibədə Ermənistanın itkilərinin sayının çox olması etirazları daha da gücləndirir. Hökumət binası qarşısında ölmüş erməni hərbi qulluqçularının valideynləri yenidən etiraz aksiyasına başlayıblar. Onlar övladlarının ölüm işlərinin araşdırılması, ədalətli istintaq həyata keçirilməsi və bu işlərlə məşğul olan hüquq mühafizə orqanlarının nümayəndələri də daxil olmaqla, günahkarların cəzalandırılması üçün müstəntiqlərlə yenidən görüş və müzakirələrin təşkilini tələb edirlər.

Paşinyan Azərbaycanın güclü olduğunu etiraf etdi

Ermənistandakı siyasi qarşıdurma göstərir ki, bu gedişlə Paşinyan hakimiyyətdə qala bilməyəcək. Ona görə o, bütün imkanlardan və baş verənlərdən yararlanmağa çalışır. Məsələn, bu günlərdə N.Paşinyan təcili olaraq parlamentdəki müxalifət fraksiyalarının da iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını çağırıb. İclasda ənənəvi erməni yalanlarından istifadə edən Paşinyan düşdüyü acınacaqlı vəziyyəti yumşaltmaq üçün bir sıra uydurmalar sıralayıb. "4rd.am” saytı yazır ki, baş nazir Hadrutun kəndlərində Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyat zamanı Türkiyə hərbçilərinin də iştirak etdiyini bildirib. Buna paralel olaraq Paşinyan media terrorundan da şikayətlənib və ona qarşı kampaniyanın başladığını söyləyib.

Sayt yazır ki, baş nazir Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmağın lazım olduğunu da söyləyib, ortaq əlaqə nöqtələri tapmağın vacibliyini bildirib. O, azərbaycanlıların indi daha güclü olduğunu, buna görə də bu vəziyyətlə barışmaq məcburiyyətində qaldıqlarını diqqətə çatdırıb. Paşinyan eyni zamanda müharibə ilə bağlı istintaq komissiyası yaratmağa hazır olduğunu vurğulayıb. O, xalq məhkəməsinə gəlməyə hazır olduğunu, lakin istefa verməyəcəyini qeyd edib.

Paşinyanın istefa verməyəcəyini bəyan etməsindən sonra müxalifətin ona qarşı daha aktiv şəkildə etirazlara başlayacağı gözlənilir. Müxalifətin əsas niyyəti Qarabağ məğlubiyyəti fonunda ölkədəki gərginliyi daha da artırmaq, Paşinyanın bundan sonra hakimiyyətdə möhkəmlənməsinin qarşısını almaqdır.

Ermənistan müxalifətinin baş nazir postuna namizədi Vazgen Manukyan da erməni xalqına müraciət edərək bildirib ki, hazırda ölkə rəhbərliyində olan şəxslərin getməsi siyasi və dövlət gündəmindəki bir nömrəli məsələdir.

Sosial-iqtisadi tənəzzül sürətlənib

Bu gün Ermənistanda reallıq həm də ondan ibarətdir ki, pandemiya və müharibədəki məğlubiyyət fonunda ölkənin sosial-iqtisadi tənəzzülü sürətlənib. Vəziyyət göstərir ki, işğalçı ölkənin əhalisinin yarıdan çoxu aclıq problemi ilə üzləşib. Azgəlirli ailələr çörək məmulatlarını kartofla əvəz ediblər. Yoxsul həyat tərzinə dözə bilməyən vətəndaşlar ölkədən miqrasiya etməyə çalışırlar. Ermənistanın kəndlərində daha çox qadınlar, uşaqlar və yaşlı insanlar yaşayır. Çünki əməkqabiliyyətli kişilər ölkə xaricində miqrant kimi çalışırlar.

İqtisadçı Vahaq Xaçatryan deyib ki, Ermənistan Qarabağ məğlubiyyətində böyük maddi itkilərə məruz qalıb. Onun sözlərinə görə, Qarabağ iqtisadiyyatının itkisi faktı nəzərə alınaraq Ermənistan iqtisadi inkişaf konsepsiyasına yenidən baxmalıdır. Qarabağda əkin sahələrinin itirilməsindən sonra ölkədə belə sahələr genişləndirilməlidir. Əslində iqtisadçı bununla həm də Azərbaycana məxsus torpaqların qanunsuz olaraq istismar edildiyini boynuna alıb. Ermənistan iqtisadiyyatında işğal olunmuş Azərbaycan ərazilərinin qanunsuz istismarı, bu torpaqların sərvətlərinin talanması son 26 ildə baş verib. Artıq Azərbaycan ərazilərini işğaldan azad edib və Ermənistanın əlindən bütün imkanlar çıxıb.

Ermənistan rəsmiləri bu ilin əvvəlindən pandemiya səbəbindən ölkə iqtisadiyyatında dövriyyənin 20 faiz, ticarət və xidmətlərin isə 19-29 faiz azaldığını bildirirlər. Dağlıq Qarabağdakı iqtisadi imkanların əldən çıxmasından sonra isə bu rəqəmlər daha da böyüyüb. İtkilərin yerini isə yaxın illərdə doldurmaq mümkün deyil.

Ona görə Paşinyanı devirmək istəyən müxalifətin ən böyük arqumentlərindən biri də sosial-iqtisadi tənəzzüldür. Müharibədə məğlubiyyətdən sonra Ermənistanda bu problem etirazların fonunda xüsusilə qabardılır.

Elçin Cəfərov

"Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: