Azərbaycan dövlətçiliyinə xidmət nümunəsi

A- A A+

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan öz tarixinin çətin günlərini yaşayırdı. İşğalçı ermənilər tərəfindən blokadaya alınmış Naxçıvan daha ağır vəziyyətdə idi. Yollar bağlanmış, əlaqələr kəsilmiş, insanların yaşaması üçün vacib olan zəruri vasitələr problemə çevrilmişdi. Məhz belə bir zamanda dünya şöhrətli siyasətçi, qüdrətli dövlət xadimi Heydər Əliyev Moskvadan Naxçıvana qayıtdı. Azərbaycanın və Naxçıvanın qanunverici orqanlarına deputat seçilən, sonra isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyevin bütün fəaliyyəti muxtar respublikanın düşdüyü ağır vəziyyətdən çıxarılmasına, təhlükəsizliyinin təmin edilməsinə və inkişafına yönəlmişdi. Qarşıya qoyulan bütün məsələlər ulu öndər Heydər Əliyev uzaqgörənliyi, müdrikliyi, cəsarət və qətiyyəti sayəsində həll edildi. Naxçıvan qorundu, onun düşmən əlinə keçməsinə imkan verilmədi.

Dahi şəxsiyyətin Naxçıvanla bağlı arzuları, quruculuq xəttinin davamı sonrakı dövrlərdə də muxtar respublikanın inkişafını təmin etdi. Həmin illərdə ulu öndər Heydər Əliyevlə birgə işləyən Vasif Talıbov bu dahi insanın zəngin dövlətçilik təcrübəsindən, idarəçilik bacarığından, qətiyyətli mövqeyindən faydalanmış, dövlətçilik dərsi keçmişdir. Elə bunların nəticəsi idi ki, Vasif Talıbov 16 dekabr 1995-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında muxtar dövlətin başçısı seçildi. Ali Məclisin Sədri gələcək fəaliyyət proqramından danışarkən bildirdi: “Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm. Bütün qüvvə və bacarığımı Naxçıvanın çiçəklənməsinə sərf edəcəyəm, ordu quruculuğu, təhsil, intellektli və vətənpərvər gəncliyin yetişdirilməsi fəaliyyətimdə üstün istiqamət olacaq”.

Həmin tarixi hadisədən 25 il keçmişdir. İyirmi beş ildə Naxçıvanda həyati əhəmiyyətli elə işlər görülüb ki, tarixin heç bir mərhələsini bu illərlə müqayisə etmək mümkün deyildir. Əsrin dörddə birində bir əsrlik uğurlar əldə edilmiş, ölçüyəgəlməz müsbət dəyişikliklər baş vermişdir. Belə ki, Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən sonra qısa müddət ərzində muxtar respublikanın həyatının bütün sahələrində əsl canlanma müşahidə olunmağa başladı. İctimai-siyasi mühit sağlamlaşdırıldı. Quruculuq və abadlıq işləri geniş vüsət aldı. Bütün bunlar Ali Məclis Sədrinin əldə etdiyi təcrübənin və coşqun fəaliyyətinin nəticəsi idi.

Muxtar respublikanın həyatında baş verən dəyişikliklər, sabitləşmə və canlanma ilk növbədə ümummilli lider Heydər Əliyevin o zaman Azərbaycanda həyata keçirdiyi mütərəqqi islahatların tərkib hissəsi və məntiqi davamı olmaqla yanaşı, ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövründə işləyib hazırladığı muxtar respublikanın uzun müddətdə hesablanmış inkişaf proqramına dönmədən əməl edilməsinin, onun icrasının uğurla həyata keçirilməsinin nəticəsi idi.

Ulu Öndərin Naxçıvana ilk səfərində Naxçıvanın yeni rəhbərliyi tərəfindən qısa müddət ərzində muxtar respublikada həyata keçirilmiş müsbət dəyişikliklərin şahidi olmuş, onları yüksək qiymətləndirərək demişdir: “...Muxtar respublikada işlər normal vəziyyətdədir. Görürəm ki, qısa müddətdə Naxçıvanda çox işlər görülübdür... Çox məmnunam ki, Azərbaycanın müstəqilliyi yolunda yenə də Naxçıvan dayaqdır... Əminəm ki, bundan sonra da dayaq olacaqdır”.

Sonrakı illərdə də Azərbaycan dövlətinin böyük qayğısı nəticəsində blokada şəraitində fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə yüksək inkişafa, tərəqqiyə nail olunması, böyük quruculuq işlərinin uğurla həyata keçirilməsi Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbovun işə bələdliyi, məqsədyönlü, qətiyyətli fəaliyyətinin və idarəçilik bacarığının sayəsində mümkün olmuşdur.

Ali Məclisin Sədri muxtar respublikanın hərtərəfli inkişafına ciddi fikir verməklə yanaşı, diyarın geosiyasi vəziyyətini və gənc nəslin təlim - tərbiyəsini nəzərə alaraq ordu quruculuğu və təhsil məsələlərini fəaliyyətində prioritet sahə adlandırmışdır. Muxtar dövlətin rəhbəri fəaliyyəti dövründə ardıcıl olaraq bu sahələrin inkişafına daha çox diqqət yetirmiş, nəticədə yüksək uğurlar qazanılmışdır. Azərbaycan dövlətinin böyük qayğısı və Muxtar Respublika Ali Məclisi Sədrinin ciddi səyləri nəticəsində Naxçıvanda yaradılmış ordu hissələri ölkəmizin hərbi qüdrətinin artırılmasında, müdafiəsinin və təhlükəsizliyinin təşkilində peşəkar keyfiyyətləri ilə diqqəti cəlb edir. Təsadüfi deyildir ki, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələri muxtar respublikanın ərazisinin qorunmasındakı xidmətləri ilə yanaşı, İkinci Qarabağ döyüşlərində də əsl rəşadət və vətənpərvərlik nümunəsi göstərmişdir. Bunları nəzərə alan Prezident İlham Əliyev demişdir: “...Əziz naxçıvanlıları da bu hadisə münasibətilə təbrik etmək istərdim. Bildirməliyəm ki, naxçıvanlılar da Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər. İndi müharibə başa çatır, bu günə qədər açıqlanmayan bəzi məsələlər də üzə çıxacaq və hər kəs biləcək ki, başqa bütün bölgələrdən olan hərbiçilərlə bərabər, naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”.

Naxçıvan Muxtar Respublikasının inkişafında 1995-2020-ci illərin xüsusi yeri vardır. Bu illərdə muxtar respublikanın həm iqtisadi, həm də sosial həyatında baş verən dəyişikliklər yüz illik inkişafa bərabərdir. Kənd və şəhərlərimizin abadlaşdırılması, inzibati binaların, sosial obyektlərin tikilməsi, tarix və mədəniyyət abidələrinin bərpası, yolların çəkilməsi, səliqə və sahmanın ən yüksək səviyyədə olması, insanların rifah halının yaxşılaşması Naxçıvan Muxtar Respublikasının bugünkü mənzərəsinin təsdiqidir. Ali Məclis Sədrinin qətiyyətli mövqeyi, yüksək idarəetmə bacarığı, ulu öndər Heydər Əliyev siyasətinə sədaqəti və əzmkarlığı Naxçıvanımızın inkişafının əsas səbəbidir. Naxçıvan Muxtar Respublikası 2017 və 2018-ci illərdə ölkəmizin regionları arasında birincilik qazanmış, 18 parametr üzrə lider olmuşdur. Ümumi daxili məhsulun artması, yeni istehsal müəssisələrinin yaradılması, ərzaq və enerji təhlükəsizliyinin həlli, ixrac yönümlü məhsulların istehsalı muxtar respublikanın yüksək iqtisadi potensialından xəbər verir.

Muxtar respublikada aparılan quruculuq tədbirləri, iqtisadi və sosial sahələrdəki irəliləyişlər diyarı Azərbaycanın ən qabaqcıl, inkişaf etmiş bölgəsinə çevirmişdir. Sənayedə, tikintidə, kənd təsərrüfatında, iqtisadiyyatda, sosial həyatın bütün sahələrində analoqu olmayan uğurlar qazanılmışdır.

Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyev yolunun uğurla davam etdirilməsi nəticəsində Naxçıvan tamamilə dəyişilmiş, yenidən qurulmuş, müasir bir diyara çevrilmişdir. Ali Məclis Sədrinin Ümummilli Liderimizin dövlətçilik ideyalarına sədaqəti, ardıcıl və yorulmaz fəaliyyəti sayəsində regionda əldə edilmiş mühüm nəticələr əslində Azərbaycanın tərkibində yeni bir Naxçıvan ərsəyə gətirmişdir.

Muxtar respublikada ümumi daxili məhsul 1994-cü ildə 37,3 milyon manat olduğu halda 2009-cu ildə 973,6 milyon manata yüksəlmişdir, yəni 26,1 dəfə artmışdır. 2010-cu ildə muxtar respublikanın tarixində ilk dəfə olaraq ÜDM-un həcmi 1 milyard manat səviyyəsini keçmişdir. Həmin dövrdə adambaşına düşən ÜDM-in həcmi isə 21,5 dəfə artaraq 113,4 manatdan 2434,7 manata çatmışdır. 2011-ci ildə ÜDM-in həcmi 1995-ci ilə nisbətən 38 dəfə artmışdır. 2015-ci ildə ÜDM istehsalı 1995-ci ildəkinə nisbətən 56,4 dəfə artaraq 2,5 milyard manat təşkil etmiş, hər bir nəfərə düşən ÜDM istehsalı 42 dəfə artmışdır. 2019-cu ildə ÜDM-in həcmi əvvəlki illə müqayisədə 1,5 faiz artaraq 2,8 milyard manatdan çox olmuşdur. 2020-ci ilin ilk yarımilində ÜDM istehsalı 1 milyard 310 milyon manatı ötmüşdür.

Naxçıvan Muxtar Respublikasının ümumi inkişafında sənayenin öz payı vardır. Ötən əsrin 90-cı illərin ortalarında muxtar respublikada 56 sənaye müəssisəsi mövcud olmuşdur.

Muxtar respublika rəhbərinin bu sahəyə ciddi diqqət yetirməsi sayəsində 1999-cu ildə 63 sənaye müəssisəsi fəaliyyət göstərmiş, sənaye müəssisələrində 2,9 milyon manatlıq məhsul istehsal edilmişdir. Muxtar respublikada geniş sənayeləşmə proqramları həyata keçirilir. Nəticədə sənayenin yeni sahələri, sənaye məhəlləsi yaradılır. 2000-2005-ci illər ərzində muxtar respublika sənayesində 229 yeni təsərrüfat subyektinin fəaliyyətə başlaması öz növbəsində bu dövr ərzində sənaye məhsulu həcminin 3 dəfə artmasına zəmin yaratmışdır. 2005-ci ildə 41,2 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2010-cu ildə sənaye müəssisələrinin sayı 423-ə çatmışdır. Bu müəssisələr 318,6 milyon manatlıq məhsul istehsal etmişdir. İşçilərin sayı 12.855-ə çatmışdır. 2015-ci ildə 917 milyon manatlıq, 2020-ci ilin I yarısında isə 561,6 milyon manatlıq sənaye malları istehsal olunmuşdur ki, bu bir il öncəki göstəricini bir faiz üstələyib. Sənaye məhsulu istehsalının 96,3 faizini malların, 3,7 faizi isə xidmətlərin payına düşür. İstehsal olunan sənaye məhsullarında özəl bölmənin payı 94,2 faiz təşkil edir ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir. Sənayedə istehsalın həcminin artması nəticəsində 2020-ci ilin yanvar-iyun aylarında 152,2 milyon ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub. Təsadüfi deyildir ki, 2020-ci il muxtar respublikada “İxrac ili” elan olunub.

Sənayenin inkişafında emal sənayesinin də özünəməxsus rolu vardır. 2017-ci ildə istehsal edilmiş sənaye məhsulunun 95 faizi emal sənayesinin payına düşmüşdür. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Həyata keçirilən tədbirlər, yeni emal müəssisələrinin fəaliyyətə başlaması sənaye sahəsində inkişafa əhəmiyyətli təsir göstərmişdir. Əvvəllər aqrar münasibətlərin üstünlük təşkil etdiyi muxtar respublikada artıq bir neçə ildir ki, ümumi daxili məhsulda istehsal həcminə görə sənaye ilk yeri tutur. Cari ildə də bu tendensiya qorunmuş, istehsal edilən sənaye məhsulunun həcmi kənd təsərrüfatı məhsulunun həcmini 2,3 dəfə üstələyərək 880 milyon manata yaxın olmuşdur”.

Kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının mühüm sahələrindən biridir. O, əhalinin ərzaq məhsullarına, emal sənayesi sahələrinin xammal və materiallara olan tələbatının ödənilməsində mühüm yer tutur. Muxtar respublikada il ərzində yaradılan əlavə dəyərin orta hesabla üçdə bir hissəsi kənd təsərrüfatının payına düşür.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında kənd təsərrüfatı həmişə öncül mövqeyə malik olmuşdur. Muxtar respublikada əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş aqrar islahatların ardıcıl həyata keçirilməsi, kənd təsərrüfatında aparılan struktur dəyişiklikləri aqrar bölmənin inkişafı üçün möhkəm zəmin yaratdı.

1999-cu ildən başlayaraq muxtar respublikada əkin sahələrinin ümumi sahəsi artmağa başladı. Əkin sahələri 2003-cü ildə 1990-cı ilə nisbətən 3,2, 1995-ci ilə nisbətən isə 49 faiz artmışdır. Bu artım əsasən birillik əkmələr hesabına olmuşdu.  2000-ci ildə muxtar respublikada torpaq islahatı başa çatdırılmış, 72758 ailəyə 56372 hektar torpaq sahəsi verilmişdir.

2000-ci ildə muxtar respublikada kənd təsərrüfatına yararlı torpaqlar 148,4 min hektar olmuşdur. 2019-cu ildə 62,9 min hektarda, 2020-ci ildə isə 63,4 min hektarda əkin aparılmışdır. 2019-cu ildə 507 milyon 641 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Həmin ildə taxıl istehsalı 102 min 984 ton olmuşdur.

Kənd təsərrüfatının inkişafı meliorasiya və irriqasiya sistemlərinin təkmilləşdirilməsi və inkişafından xeyli dərəcədə asılıdır. Muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər görülür. 1996-2005-ci illər ərzində 37 yeni nasos stansiyası tikilmiş, 239-dan artıq nasos stansiyalarında təmir işləri aparılmış, 234-dən artıq subartezian quyuları qazılmış, region üçün ənənəvi su mənbəyi olan bir çox kəhrizlər yenidən bərpa olunaraq istifadəyə verilmişdir. Sonrakı illərdə də meliorasiya-irriqasiya işləri davam etdirilmişdir.

Muxtar respublikada istifadəyə verilən su anbarları və başqa əhəmiyyətli suvarma obyektləri məhsuldar qüvvələrin inkişafında mühüm rol oynayır. Görülən tədbirlərin nəticəsidir ki, muxtar respublika ərazisində Araz Su Anbarı istisna olmaqla, ümumi həcmi 303,52 milyon kubmetr olan irili-xırdalı istismar edilən 31 su anbarı mövcuddur.

Muxtar respublikada su itkisinin qarşısını almaq, suvarmanı yaxşılaşdırmaq, istifadə olunmayan torpaq sahələrini əkin dövriyyəsinə daxil etmək məqsədilə qapalı suvarma şəbəkələri tikilmiş, drenaj xətləri çəkilmişdir.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatının inkişafında heyvandarlığın xüsusi rolu vardır. Muxtar respublika rəhbərliyinin apardığı məqsədyönlü tədbirlər nəticəsində bu sahədə də böyük nailiyyətlər əldə edilmişdir. 1994-cü ilə nisbətən 1998-ci ildə iribuynuzlu mal-qaranın, o cümlədən inək və camışların sayı müvafiq olaraq 24 faiz, qoyun və keçilərin sayı 46 faiz artmışdır. 2019-cu ildə iribuynuzlu mal-qaranın sayı 119,8 min baş olmuşdur. 2000-ci ildə xırdabuynuzlu heyvanların sayı 425,4 min baş olduğu halda, 2019-cu ildə 741,2 min başa çatmışdır. 2018-2019-cu illərdə 9 heyvandarlıq təsərrüfatı yaradılmışdır.

Muxtar respublikada quşçuluq, balıqçılıq, arıçılığın inkişafına da diqqət yetirilmiş, heyvandarlıq, quşçuluq, balıqçılıq və arıçılıq məhsullarının istehsalı ilbəil artmışdır.

Muxtar respublikada iqtisadi sahədə əldə olunmuş nailiyyətlər 1995-ci ildən başlayaraq tikinti-quruculuq və abadlıq sahəsində də əsaslı işlər görməyə şərait yaratmışdır. Yeni və müasir bir Naxçıvan qurulmuş, quruculuq və abadlıq işləri muxtar respublikanın paytaxtı ilə yanaşı, ən ucqar sərhəd kəndlərini də əhatə etmişdir.

Naxçıvan Muxtar Respublikasında 2000-ci ildə 12,4 milyon manatlıq, 2005-ci ildə 102 milyon manatlıq, 2010-cu ildə 501 milyon manatlıq, 2019-cu ildə 697,7 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. 2019-cu ilə qədər muxtar respublikada 562 inzibati bina, 284 təhsil, 491 mədəniyyət obyekti, 285 səhiyyə müəssisəsi, 171 nasos stansiyası, 416 subartezian quyusu, 181 körpü, 982 istehsal və xidmət obyekti, 52 idman obyekti, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri üçün 516 fərdi ev tikilmiş və ya əsaslı təmir olunmuşdur. Son illər ərzində 4 qəsəbə, 151 kənd mərkəzi istifadəyə verilmişdir.

1995-2020-ci illər Naxçıvan Muxtar Respublikanın həyatına iqtisadi inkişafın daha da sürətləndirilməsi, sosial-mədəni yüksəliş dövrü kimi daxil olub. Bu yüksəliş, tərəqqi ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasının muxtar respublika rəhbərliyi tərəfindən uğurla həyata keçirilməsinin sayəsində baş vermişdir. Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbov isə bu amili, Ümummilli Liderimizin dövlətçilik siyasətinin ana xəttini təşkil edən quruculuq missiyasının ölkəmizin bütün regionlarında olduğu kimi, muxtar respublikanın həyatında da başlıca hərəkətverici qüvvəyə çevrilməsi, iqtisadiyyatın sabitləşdirilməsi istiqamətində aparılan səmərəli tədbirlərlə əlaqələndirmişdir.

İqtisadi inkişafın və sosial tərəqqinin təmin olunmasında nəqliyyat sektoru mühüm rol oynayır. Son dövrlər muxtar respublikada bu mühüm sahənin inkişafı istiqamətində genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilmiş, müasir avtomobil yolları salınmış, hava və dəmir yolu nəqliyyatının infrastruktur təminatı yaxşılaşdırılmışdır.

Nəqliyyat sahəsində çox böyük işlər görülmüş, Beynəlxalq Hava Limanı istifadəyə verilmiş, son 15 ildə 2 min km-dən çox yeni avtomobil yolları salınmışdır. 2020-ci ilin birinci yarısında muxtar respublikada nəqliyyat sektorunda 7 milyon 562 min ton yük, 47 milyon 165 min 400 sərnişin daşınmışdır.

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları hər bir ölkənin sosial-iqtisadi həyatına geniş nüfuz etmişdir. Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da bu sahəyə daim diqqət və qayğı ilə yanaşılır, informasiya-kommunikasiya texnologiyaları sahəsi sürətlə inkişaf etdirilir.

Cənubi Koreyanın “DEU Telekom” şirkəti ilə bağlanılmış müqaviləyə əsasən telekommunikasiya sistemində yenidənqurma işləri aparılmış, ciddi nəticələr əldə edilmişdir. Belə ki, 35 mindən yuxarı elektron tipli xətt və nömrə, eyni zamanda mobil telefon şəbəkəsi istifadəyə verilmişdir. 2015-ci ildə muxtar respublika üzrə fərdi kompüterlərin sayı 303 minə çatmış, internetdən istifadə edənlərin sayı 353 mindən çox olmuşdur.

2020-ci ilin birinci yarısında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2019-cu ilin müvafiq dövründəki göstəricini 3,1 faiz üstələyərək 27 milyon 615 min 800 manat olmuşdur.

Naxçıvanda elektrik enerjisi sahəsində də böyük işlər görülüb. Əgər 2003-cü ildə muxtar respublikada bir elektrik stansiyası var idisə, hazırda 9 elektrik stansiyası mövcuddur ki, bunun da 6-sı bərpaolunan enerji sistemləridir. Əgər 2003-cü ildə muxtar respublika 1 milyard kilovatsaata yaxın enerji idxal etmişdirsə, 2018-ci ildə 35 milyon kilovatsaata yaxın enerji ixrac edibdir. 2 yeni SES tikilməkdədir: Ordubad və Tivi Su Elektrik stansiyaları. Üçüncü bir SES-in Əlincəçay üzərində tikilməsi nəzərdə tutulmuşdur. Bir neçə Günəş Elektrik Stansiyası tikilmişdir.

Son 25 ildə Naxçıvan Muxtar Respublikasının elə bir sahəsi yoxdur ki, orada dayanıqlı inkişaf təmin edilməmiş olsun. Muxtar respublikada 17 min hektardan çox sahədə yaşıllıqlar, meşə massivləri, meyvə bağları salınıb. Yaşıllıqların ümumi sahəsi 0,6 faizdən 20 faizə qədər artmışdır.

İqtisadi sahədə olduğu kimi, sosial sahədə də çox böyük nailiyyətlər əldə edilmişdir. Muxtar respublika sakinləri gündəlik həyatlarında bunu hiss edirlər: Əməkhaqqı və pensiyalar, yeni iş yerlərinin açılmasında, əhali gəlirlərinin yüksəlməsində, mənzil-məişət şəraitinin yaxşılaşmasında, yaşayış şəraitinin artmasında və başqa sahələrdə.

Əhalinin tələbatını ödəmək üçün 2010-cu ildə muxtar respublikada 108 növdə, 319 çeşiddə ərzaq, 184 növdə, 461 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 292 növdə, 780 çeşiddə məhsul istehsal olunmuşdur. 2019-cu ildə 383 növdə məhsul istehsal olunmuş, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir.

Xalqların və dövlətlərin sürətli inkişaf yolu təhsildən keçir. Təsadüfi deyildir ki, hələ vaxtı ilə ulu öndər Heydər Əliyev cəmiyyət həyatında təhsilin rolunu yüksək qiymətləndirərək demişdir ki, “Təhsil millətin gələcəyidir”. Ölkə Prezidenti İlham Əliyev təhsilə “Azərbaycanın gələcəyini müəyyən edən prioritet sahə” kimi yüksək dəyər vermişdir. Ali Məclisin sədri Vasif Talıbov təhsilin əhəmiyyətindən bəhs edərək göstərir: “Təhsil elə səviyyədə olmalıdır ki, o, insanlara yeni texnologiyaları çevik mənimsəmək, əmək bazarında və şəxsi həyatda layiqli yer tutmaq, sağlam həyat tərzi, ətraf mühitə və cəmiyyətdə gedən proseslərə münasibətdə düzgün mövqe seçmək imkanı yaratsın”.

Muxtar respublikada təhsilin bütün pillələri üçün şərait yaradılmış, onların maddi-texniki bazası möhkəmləndirilmiş, hər cür qayğı ilə əhatə olunmuşdur. Muxtar respublikada 215 ümumtəhsil, 6 peşə və peşə tədrisi mərkəzi, 19 məktəbəqədər, 44 məktəbdənkənar tərbiyə və təhsil müəssisəsi, 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi, Heydər Əliyev adına Hərbi Lisey, Şərur şəhər Fizika-riyaziyyat təmayyüllü Lisey fəaliyyət göstərir. Ümumtəhsil məktəblərində 50590 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 6751 müəllim məşğul olur. Yüksək ixtisaslı kadrların hazırlanmasında 3 kollecin və 3 ali təhsil müəssisələrinin böyük rolu vardır. Ali təhsil müəssisələrində 94 ixtisas üzrə 8194 tələbə təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 631 professor-müəllim heyəti məşğul olur.

Son 25 ildə muxtar respublikada elmin inkişafı üçün lazımi şərait yaradılmış, elmi müəssisə təsis edilmişdir. Ali Məclis Sədrinin təşəbbüsü, ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi yaradılmışdır. Naxçıvan Bölməsinin elm sahəsində respublikada qabaqcıl yerlərdən birini tutması, Naxçıvanın elm mərkəzi kimi tanınması Ali Məclis Sədrinin həmin istiqamətdə apardığı ardıcıl siyasətin, göstərdiyi böyük diqqətin və qayğının nəticəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında “Naxçıvanşünaslıq Mərkəzi”nin, Bilik Fondunun, Elmin İnkişafı Fondunun yaradılması da elmə və təhsilə göstərilən yüksək dövlət qayğısının daha bir ifadəsidir. Elmə göstərilən qayğı  elmi potensialın artmasına səbəb olmuşdur. Hazırda muxtar respublikada 7 nəfər AMEA-nın üzvü, 28 nəfər elmlər doktoru, 251 nəfər fəlsəfə doktoru fəaliyyət göstərir, onlardan 24 nəfəri professor, 194 nəfəri dosent elmi adını daşıyır.

Naxçıvan Muxtar Respublikasında mədəniyyətə, milli-mənəvi dəyərlərə, tarixi irsə böyük diqqət yetirilir, onların inkişafı və qorunması üçün lazımı tədbirlər hazırlanıb həyata keçirilir. Ali Məclis Sədrinin 6 dekabr 2005-ci il tarixli Sərəncamı ilə muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması işinə başlanılmış, bu günə qədər 1216 abidə qeydə alınmış, onlar tədqiqata cəlb edilmişdir. Dünya və ölkə əhəmiyyətli abidələr əsasında “Naxçıvan abidələri” ensiklopediyası nəşr edilmişdir. Həmin abidələrdən 70-dən çoxu təmir və bərpa edilmişdir. Bir sıra abidələrin tədqiqi və bərpa edilməsi ilə əlaqədar Ali Məclis Sədrinin Sərəncamları olmuş və bu sərəncamlardan irəli gələn vəzifələrə uyğun olaraq 3 dildə “Əlincəqala”, “Qarabağlar türbə kompleksi”, “Gülüstan türbəsi”, “Gəmiqaya qayaüstü rəsmləri”, “Yallılar dünəndən bu günə” və b. kitablar hazırlanaraq çap edilmişdir. Hazırda muxtar respublika ərazisində bizə məlum olan tarix və mədəniyyət abidələri ikinci həyatlarını yaşayırlar.

Tariximizin heç bir dövründə tarix və mədəniyyət abidələrimizə indiki qədər diqqət və qayğı olmamışdır.

Naxçıvan türbələri, imamzadələri, hamamları, məscidləri, körpüləri, buzxanaları və başqa abidələri bərpa edilmiş, onlar haqqında illüstrativ kitablar hazırlanmışdır.

Ali Məclis Sədrinin müxtəlif illərdə görkəmli şəxsiyyətlər ilə əlaqədar sərəncamları verilmişdir. Bu sərəncamlar əsasında M.T.Sidqinin, Y.Məmmədəliyevin, C.Məmmədquluzadənin, M.Arazın, Şahtaxtinskilərin və başqalarının ev muzeyləri yaradılmış, “Taleyi və sənəti” seriyasından ibarət olan kitablar çap edilmişdir. Hazırda muxtar respublikada 31 muzey fəaliyyət göstərir. Bu muzeylər arasında “Duz muzeyi”, “Milli dəyərlər muzeyi”, “Açıq səma altında muzey” kimi mədəniyyət obyektləri muxtar respublikamızın tarixi, mədəniyyəti, təbii sərvətlərinin tanıdılması istiqamətində əhəmiyyətli və maraqlı işlər aparırlar.

Naxçıvan Muxtar Respublikası müxtəlif beynəlxalq tədbirlərin, zirvə toplantılarının keçirildiyi məkana çevrilmişdir. Naxçıvan şəhərinin islam mədəniyyətinin paytaxtı seçilməsi, Naxçıvan Avropanın gənclər şəhəri adını qazanması, hər iki tədbirin zirvə toplantılarının burada keçirilməsi Naxçıvan şəhərinə, onun tarixinə, mədəniyyətinə, inkişaf səviyyəsinə bəslənilən ehtiramın bariz ifadəsidir.

Muxtar respublikada son illərdə daha çox diqqət yetirilən sahələrdən biri də turizimdir. Naxçıvanda turizmin bir sıra sahələri – dağ – xizək turizmi, dini – ziyarət turizmi, mədəni turizm, müalicəvi turizm, kənd turizmi üçün geniş imkanlar vardır. Ağbulaq Kənd Turizm – İstirahət Bölgəsinin yaradılması turistlərin marağını xeyli artırıb. Görülən işlərin nəticəsidir ki, hər il orta hesabla muxtar respublikaya 400 mindən artıq turist gəlir.

Ölkə rəhbərinin respublikamızın bütün bölgələri kimi, Naxçıvana da göstərdiyi diqqət və qayğıdan məqsədyönlü şəkildə istifadə edən Ali Məclisin Sədri muxtar respublikanın hərtərəfli inkişafına, çiçəklənən bir diyara çevrilməsinə bütün səy və bacarığını sərf edir. Nəticədə muxtar respublikamız hər bir qonağın sevimli məkanına çevrilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvana hər səfərində burada böyük quruculuq işlərinin “yüksək zövqlə, böyük məhəbbətlə” görülməsini qeyd etmiş və bu işlərdən razı qaldığını bildirərək demişdir: “Mən hər il Naxçıvanda oluram və hər dəfə Naxçıvanda gördüyüm dəyişikliklər məni ürəkdən sevindirir. ...Naxçıvan Muxtar Respublikasında ən müasir infrastruktur yaradılır, sosial obyektlərin tikintisi geniş vüsət alıbdır. Bütün bunlar muxtar respublikanın iqtisadi və sənaye potensialını gücləndirir. Mən bütün naxçıvanlıları bu böyük uğurlar münasibətilə təbrik etmək istəyirəm. Naxçıvan rəhbərliyinə və Naxçıvanın rəhbəri Vasif Talıbova öz minnətdarlığımı bildirmək istəyirəm”.

Prezident İlham Əliyev tərəfindən verilmiş belə yüksək qiymət onu sübut edir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 25 ildə müstəqil Azərbaycan dövlətçiliyinə, Heydər Əliyev ideyalarına və siyasi kursuna, bu kursu ölkəmizdə yüksək səviyyədə həyata keçirən dövlət başçısının fəaliyyətinə kömək və yardımçı olmaq üçün məqsədyönlü və ardıcıl işləri uğurla həyata keçirir.

İsmayıl Hacıyev,
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

"İki sahil" qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: