Ermənistanda siyasi böhranın növbəti mərhələsi başlanır - FOTOLAR
Yerevandakı vəziyyət baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən mitinqlərin az qala gündəlik normaya çevrildiyini göstərir. Təbii ki, bu vəziyyət normal idarəçiliyi mümkünsüz edir, ölkədə anarxiyanın yeni dalğasına rəvac verir. "Qraparak” qəzeti yazır ki, baş nazirin istefa qərarını xalqa Yeni il müraciətində elan edəcəyi gözlənilir.
Yerevanda kütləvi həbslər gözlənilir
Baş nazirin istefası tələbi ilə müxalifətin yürüşlərindən biri Yerevanın Qriqor Lusavoriç küçəsindən, sirk ilə üzbəüz meydandan başlayıb. Etirazçılar "Nikol, get!” şüarı səsləndiriblər.
Baş verənlər Nikol Paşinyanı çox ciddi narahat edir. Məsələ burasındadır ki, küçələrdə "öz fikrini ifadə etmək azadlığı” adı altında mitinqlər təşkil edə-edə hakimiyyətə gələn bu şəxs indi mitinqlərin onun karyerasına son qoyacağından qorxur. Erməni cəmiyyəti düşünür ki, hakimiyyət dəyişikliyi məhz küçə mitinqlərinə bağlıdır. Buna görə də müxalifətin mitinqləri Paşinyanı getdikcə daha çox narahat edir. Ermənilərin bədbəxtliyi ondadır ki, üzlərini hara çevirirlərsə, haqsızlıq və yoxsulluq görürlər. Buna görə də mitinqlər bütün istiqamətlərdə etirazlar üzrə davam edir. Müharibədəki məğlubiyyət isə etirazların miqyasını daha da böyüdüb.
Son mitinqdə çıxış edən Ermənistanın keçmiş hakim Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib ki, Qarabağ məsələsinin həlli üçün başqa çıxış yolunun qalmadığını görən Serj Sarkisyanın hakimiyyəti Nikol Paşinyana bu qədər asanlıqla təhvil verdiyini düşünənlər yanılırlar. Onun sözlərinə görə, Sarkisyan hakimiyyəti Paşinyana verməyib. Elə həmin xalqın tələbi ilə istefa verib.
"Joxovurd” qəzeti yazır ki, 22 dekabr tarixində Ermənistanda bütün müəssisə və universitetlərdə ümumi tətil elan edilib. Bütün ölkə kütləvi itaətsizliyə dəvət olunub. Bunu eşidən hakimiyyət hüquq mühafizə sisteminin nümayəndələrinə ayıq-sayıq olmağı, müxalifət liderlərini və fəalları müxtəlif bəhanələrlə həbs etməyi tapşırıb. Bildirilib ki, səbəb müxalifətin gündən-günə mübarizəni gücləndirməsidir. Bu gücü zəiflətmək və hökmranlıqlarını daha uzun müddətdə sürdürmək üçün hakimiyyət başqa variant görmür.
"Müxalifətin baş naziri hakimiyyətdən uzaqlaşdırmaq gücü yoxdur”
Bir tərəfdən isə Ermənistanın Vatikandakı sabiq səfiri, S.Sarkisyanın kürəkəni Mikael Minasyan erməni ictimaiyyəti arasında N.Paşinyan barəsində mənfi rəy yaratmaq məqsədilə fasiləsiz iş aparır. Bu dəfə o deyib ki, müxalifətin N.Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq gücü yoxdur. Qeyd edib ki, ondan tez-tez soruşurlar ki, Vazgen Manukyanın baş nazir postuna namizədliyini irəli sürən partiyalar nə qədər güclüdür və xalqdan dəstək alan müxalifət niyə kifayət qədər güclü deyil? "Deyə bilərəm ki, bu gün Ermənistanda vahid güc yoxdur, ya vətən xaininin tərəfindəsiniz, ya da ona qarşı mübarizə aparırsınız. Müxalifət-xalq münasibətləri siyasi sahəyə aiddir, bu gün gedən mübarizə isə nə siyasi, nə də hakimiyyət uğrundadır. Təəssüf ki, çoxları bu tələyə düşüb”.
Keçmiş diplomat Paşinyanı həm də "dəli” adlandırıb: "Hakimiyyəti qəsb edən, ölkəni təslim olmağa aparan dəli ilə müxalifətin gücünün məntiqinə və alətlərinə görə mübarizə aparmırlar, əksinə, xain kimi mübarizə aparırlar. Ölkəni onlardan mümkün qədər erkən xilas etmək lazımdır”.
O, Paşinyanın xəyanəti nəticəsində savaşda 5 mindən çox erməni hərbçisinin həlak olduğunu, minlərlə insanın itkin düşdüyünü iddia edib, hakimiyyət və müxalifətin vətən xainləri tərəfindən ələ keçirildiyini söyləyib.
Ermənistanın "Vətən” partiyasının üzvü Arsen Babayan da deyib ki, müxalifətin hakimiyyətə qarşı mübarizə aparmaq üçün kifayət qədər gücü yoxdur, amma Paşinyan istefa verənədək geri çəkilməyəcəklər.
Babayan Azərbaycan Prezidentinin hər kəsin gözü qarşısında Paşinyanı alçaltdığını, amma Ermənistan baş nazirinin ona cavab vermək cəsarətinin olmadığını bildirib.
Separatçıların lideri Qarabağdan qaçır
Separatçı rejimin "prezidenti” seçilməsindən heç bir il ötməmiş Araik Arutyunyan Yerevandakı işğalçıların əlində oyuncaq olduğunu, nəhayət, başa düşərək istefa verə biləcəyini açıqlayıb. Son hadisələr göstərir ki, Yerevanda artıq onu qəbul etmirlər. Özü də başa düşür ki, artıq heç kimdir. Onun adı hesabdan silinib, tarixin arxivinə göndərilib.
"Novosti Armenia” agentliyi Arutyunyanın açıqlamalarını sitat gətirərək məlumat verir ki, 44 günlük müharibədə ictimai qınaq yaradan üç məsələ var: "Əvvəla, müharibəni bu şərtlərlə 9 noyabrda bitirmək doğru idimi? Bir neçə dəfə bu suala vicdanla cavab verdim ki, o zaman alternativ böyük insan və ərazi itkiləri var idi. İkinci sual müharibəni nisbətən daha yaxşı şərtlərlə və az itkilərlə erkən bitirməyin mümkün olub-olmaması, üçüncü sual - Ermənistan ordusunu əvvəlcədən müharibəyə daha yaxşı hazırlamaq mümkün deyildimi?” Arutyunyan bu suallara cavab verməyib, amma istefaya hazır olduğunu açıqlayıb. Eyni zamanda o, partiya sədrliyindən imtina etdiyini bildirib.
Araik Arutyunyan Qarabağda böyük sərvət sahibi olması ilə bağlı tez-tez tənqidlərə məruz qalıb. Yerli sakinlər onu bizneslə siyasəti birləşdirərək sərvət toplamaqda, uzun illər Serj Sarkisyan və Robert Koçaryanın komandasında yer alaraq, 2018-ci ildə Paşinyanın hakimiyyətə gəlişindən sonra dərhal düşərgəsini dəyişməkdə ittiham edib.
Beləliklə, baş verən proseslər Ermənistanın üzləşdiyi ümumi böhranın daha da dərinləşəcəyindən xəbər verir və işğalçı ölkənin böyük sürətlə öz məhvinə doğru sürükləndiyini göstərir.
Elçin Cəfərov
"Azərbaycan” qəzeti