Ermənistan sonu görünməyən siyasi uçuruma yuvarlanıb

A- A A+

Azərbaycanın hərbi məğlubiyyətə uğratdığı Ermənistan və onun xalqı işğal siyasətinin, uzun illərdir insanların beyninə yeridilmiş yanlış ideologiyanın və təbliğatın acısını yaşayır. Azərbaycanla müharibədəki məğlubiyyət indi bu ölkəni elə bir uçuruma yuvarladıb ki, xilası mümkün deyil. Bütün bunlar, o cümlədən Koçaryan və Sarkisyan kimi müharibə cinayətkarlarının hakimiyyətləri dövründən yığılıb qalmış ağır problemlər baş nazir Nikol Paşinyanı çətin vəziyyətdə qoyub.

Ermənilər artıq həqiqəti deyirlər

Ermənistanda bir aydan artıqdır ki, Paşinyana qarşı etirazlar davam edir. Amma bununla belə, ölkədə sağlam təfəkkürlə düşünən insanlar anlayırlar ki, ölkədə vəziyyətin bu həddə çatmasında yalnız baş nazir günahkar deyil və problemlərin kifayət qədər dərin kökləri var. Vəziyyətdən çıxış yolu isə işğal siyasətinə son qoyaraq qonşu dövlətlərlə əməkdaşlığın edilməsindən keçir. Əks təqdirdə ölkənin ciddi problemlər yaşaması qaçılmazdır.

Bununla bağlı Ermənistanda tanınan biznesmen Armen Martirosyanın "Facebook” səhifəsində etdiyi paylaşıma nəzər yetirmək yerinə düşərdi. "Antares” holdinqin sahibi olan Martirosyan həmvətənlərinə xitabən yazıb: "26 il öncə başqasının ölkəsinə girib orada ağalıq edir, evlər tikir və mədən istismar edirdiniz. İndi torpağın sahibi gəlib deyir ki, çıxın, biz isə bunun razılaşmaya daxil olmadığını söyləyirik. Budur sizin səviyyəniz? Öz iş masamı sizin evə qoysam, xoşunuza gələr?”

Paşinyana qarşı çıxan müxalifətçilərin etiraz və hədələrindən sonra biznesmen paylaşımını silib, eyni zamanda profilini bağlamağa məcbur olub.

Proseslər göstərir ki, Sarkisyan-Koçaryan koalisiyası yaranmış vəziyyətdən istifadə edərək ölkədəki xaosu daha da dərinləşdirməyə çalışır.

Bununla da sabiqlər yenidən Ermənistanda hakimiyyət başına qayıtmağı düşünürlər. Əsas niyyət davam edən etirazlar nəticəsində Yerevana qarşı müqavimət və itaətsizlik təşkil etmək, bununla xaotik durumun yaradılmasına nail olub, güc yolu ilə olsa belə hakimiyyəti qəsb etməkdir.

Müxalifət Sünikdə qarşıdurma yaratdı

Qələbədən sonra Azərbaycan Ermənistanla dövlət sərhədlərini tam bərpa edir. Bu proses Ermənistan hərbçilərinin Azərbaycan ərazilərindəki mövqelərindən çıxarılması ilə müşahidə olunur. Ermənistan müxalifəti isə ölkədə gərginlik yaratmaq üçün bundan məqsədyönlü şəkildə istifadə edir. İki gün öncə baş nazir Nikol Paşinyanın əyalətə gəlişinin qarşısını almaq istəyən Sünikin bir qrup sakini də məhz müxalifətin çağırışı ilə yollara çıxmışdılar.

Belə ki, səhər saatlarında Gorus meri Aruş Aruşanyan Paşinyanı Sünikə buraxmamaq üçün sakinləri küçələrə çıxmağa və yolları kəsməyə çağırıb. Yollara çıxan sakinlər baş nazirin gəlişinə mane olmağa, onun kortejinin qarşısını kəsməyə çalışıblar. Paşinyan isə Sünikə helikopterlə gəlib. Baş vermiş insidentlə əlaqədar olaraq Ermənistan xüsusi xidmət orqanları Gorus merini saxlayıblar. Onun barəsində bir neçə maddə ilə cinayət işinin qaldırıldığı bildirilir.

Bir neçə gün öncə Yerevanda keçirilən matəm yürüşündə də müxalifətin təhriki ilə toqquşmalar olub. Qarabağ müharibəsi iştirakçıları və həlak olanların yaxınları bildiriblər ki, Paşinyanın "Yerablur” məzarlığına daxil olmasına imkan verməyəcəklər. Bu zaman narazılarla baş nazirin tərəfdarları arasında toqquşmalar olub.

Bütün bunlarla yanaşı, Ermənistan ictimaiyyəti bir həqiqəti də yaxşı bilir. Bu da ondan ibarətdir ki, Paşinyanın yerinə hakimiyyətə kim gəlsə, müharibədəki məğlubiyyətlə bağlı fərqli fəaliyyət ortaya qoya bilməyəcək.

Yoxsulların sayı durmadan artır

Erməni mediası, siyasi ekspertləri artıq etiraf etməyə başlayıblar ki, keçmiş hərbi xunta komandasının yarıtmaz fəaliyyəti nəticəsində Ermənistan bütün regional layihələrdən kənarda qalıb, insanlar məcburiyyət qarşısında, işsizlik ucbatından ölkəni tərk edirlər. Bunun əsas səbəbi kimi vaxtilə məhz Koçaryan və Sarkisyan iqtidarlarının yarıtmaz siyasəti, münaqişənin həllinin 30 il uzanmasına görə təcrid vəziyyətinə düşmüş Ermənistanın inkişafdan geri qalması göstərilir. Bu durumda ölkədə əhalinin sayının ildən-ilə azalması elə bir həddə çatıb ki, daha nə vaxtsa artacağı barədə qorxa-qorxa danışırlar.

"4rd.am” saytı yazır ki, əgər Ermənistanda real iqtisadi artım olsaydı, yüksək sürətli miqrasiya və vətəndaşlığı dəyişmək lazım gəlməzdi. Ermənistanın depopulyasiyası, yəni əhalinin ölkəni tərk etməsi aşkar faktdır. İndi iş qabiliyyəti olan gənc insanlar Ermənistanı tərk edir, çünki onlar burada iş tapa bilmirlər. Rəsmi statistikaya görə, 30 faizdən çox insan yoxsuldur, hərçənd bura işləyən, lakin aldığı maaşla yaşaya bilməyən təbəqə daxil edilmir. Bunu nəzərə alsaq, yoxsulluq dərəcəsinin daha yüksək olduğu görünər. Digər tərəfdən, qiymətlər durmadan artır və vətəndaşlar sadəcə olaraq qidalanmadan əziyyət çəkirlər. Dünyada ərzağın qiyməti aşağı düşür, Ermənistanda isə artır. Bütün bunlar təbii olaraq miqrasiyaya təsir edir və insanlar ölkəni tərk edirlər.

İnformasiya təhlükəsizliyi üzrə erməni ekspert Samvel Martirosyan deyib ki, Ermənistanda insanlar yerli mənbələrdən olan informasiyaya inanmağı dayandırır və Azərbaycan və Rusiya KİV-inin xəbərlərinə daha çox güvənirlər. Bildirib ki, dövlət idarəçiliyi sistemində kollaps çoxlu siyasi qüvvələrin fəaliyyəti ilə müşayiət edilir. Bütün bunlar ölkəni fəlakətə aparır. Bu fonda erməni ictimaiyyəti Azərbaycan informasiyasına inanmağa başlayır və bu tendensiya zamanla dərinləşir. Əsas səbəb dövlət aparatının informasiya kollapsıdır. Hansı ki bizim vətəndaşlar ən yaxşı halda gecikmiş informasiya əldə edirlər.

Martirosyan həmçinin təhlükəsizliyin təminatı üçün bu gün Ermənistan dövlətinin öz prioritet funksiyalarını icra etmədiyini və nəticədə hər şeyin xaosa doğru apardığını söyləyib. Hər halda proseslərin gedişi Ermənistanı qarşıdakı dövr ərzində daha çətin günlərin və qarşıdurmaların gözlədiyini göstərir.

 

Elçin Cəfərov

"Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: