Naxçıvan Sizinlə qürur duyur, cənab Prezident!

A- A A+

Xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiqli yer tutmasını təmin edir. Belə nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi cənab İlham Əliyevin 17 illik prezidentlik fəaliyyətinin qısa təhlili bu fikrin qəti qənaət olduğunu sübut edir.

“Mən ona özüm qədər inanıram...”

Ümummilli liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və müasir dövrə uyğunlaşdıran Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi aləmində özünəməxsus yeri ilə seçilir. Bütün dünya dövlətləri onunla hesablaşır, ona hörmət və ehtiramla yanaşırlar. Bu gün dünyanın hər yerində söhbət Azərbaycandan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən gedir. Bu gün ölkəmizin də hər yerində – hər evdə, hər ailədə hər kəs Prezidentindən danışır.

2003-cü ilin 15 oktyabr prezident seçkiləri ərəfəsində ümummilli lider Heydər Əliyevin Azərbaycan vətəndaşlarına ünvanladığı 1 oktyabr 2003-cü il tarixli müraciət də təkcə ulu öndərin deyil, bütövlükdə, Azərbaycan xalqının cənab İlham Əliyevə olan böyük ümidlərinin təcəssümü kimi ortaya çıxmışdır. Ulu öndər bu tarixi müraciəti ilə xalqa onun əsasını qoyduğu siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərmişdir: “...Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

 

Zaman və tarix sübut edib ki, ulu öndərimiz siyasətdə heç zaman yanılmayıb. Ötən 17 ildə bunun bir daha şahidi olduq. Azərbaycanın gündən-günə inkişafı, tərəqqisi ilə şahid olduq. Sıravi vətəndaşdan tutmuş müəllimə, həkimə, mühəndisə, elm xadimlərinə, uşaqdan böyüyə hər kəsə qayğıda, ehtiramda gördük. Ölkə rəhbərinin qaçqınına, köçkününə, şəhidinə, qazisinə, ümumilikdə hər bir vətəndaşına qayğısında gördük. Ötən 17 ildə ölkənin iqtisadi gücünün ordu quruculuğuna yönəldilməsində, torpaqlarımızın bir gün işğaldan azad olunması üçün hərtərəfli tədbirlərin həyata keçirilməsində gördük. Nə üçün yazımda, əsasən, ordu quruculuğu məsələsinin üzərinə gəldim? Çünki illərlə insanlar torpaq həsrəti ilə yaşayırdılar ölkəmizdə. Onları ən çox düşündürən yurd yerlərinə qovuşmaq idi. Nə qədər inkişaf etmiş bir ölkədə yaşasalar da, hərtərəfli qayğı ilə əhatə olunsalar da, qaçqınlıq və köçkünlük acısından, yurd həsrətindən özlərini narahat hiss edirdilər. Onlar öz torpaqlarını istəyirdilər. Qarabağ Azərbaycanın yarası idi. Bu yara sağalardısa, Azərbaycan tam ola bilərdi.

Son 17 ilin 10 ilinə nəzər salanda...

Cənab Prezident isə hakimiyyətə gəldiyi ilk gündən torpaqların bir gün azad olunacağını ən mötəbər kürsülərdən tutmuş xalqına hər il bayramlarla bağlı müraciətlərinə qədər hər zaman  vurğulayırdı. Cənab İlham Əliyevin hakimiyyətdə olduğu son 10 ilə nəzər salaraq bunun bir daha şahidi ola bilərik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: 2010-cu il. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyildir, olmayıbdır və heç vaxt olmayacaqdır. Dağlıq Qarabağ heç vaxt müstəqil ölkə olmayacaqdır, Azərbaycanın razılığı olmadan bu, mümkün deyildir. Azərbaycan isə buna heç vaxt öz razılığını verə bilməz. Dağlıq Qarabağda yaşayan ermənilər və orada yaşayacaq azərbaycanlılar muxtariyyət statusu çərçivəsində yaşamalıdırlar və bu sahədə dünyanın ən qabaqcıl təcrübəsi tətbiq edilməlidir. Bizim prinsipial mövqeyimiz bundan ibarətdir və biz bu mövqedən bir addım geri atmayacağıq. Çalışacağıq bütün imkanları – həm siyasi, həm iqtisadi, həm diplomatik, həm başqa imkanları işə salaraq, bu məsələni tezliklə, ədalətli, beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edək ki, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına tezliklə qayıda bilsinlər.

Amma bununla bərabər, Azərbaycan öz hərbi potensialını da gücləndirir. Bu bizim suveren hüququmuzdur və biz bu hüquqdan istifadə edirik. Nəzərə alaq ki, Azərbaycan ordu quruculuğu prosesini daxili imkanları hesabına aparır. Təbii ki, bu bizim daxili işimizdir. Azərbaycan Ordusu son illər ərzində böyük və uğurlu yol keçmişdir. Bu gün ordumuz qarşıda duran bütün vəzifələri icra etməyə qadirdir. Torpaqları işğaldan azad etmək üçün bütün imkanlarımız vardır. Həm döyüş qabiliyyəti, həm vətənpərvərlik ruhu, həm silah-sursat baxımından imkanlarımız genişlənir. Azərbaycanda müdafiə sənayesi artıq dörd ildir ki, fəaliyyət göstərir və bu istiqamətdə böyük uğurlar əldə etmişik. Bizim hərbi potensialımız gündən-günə artır və artacaqdır. 2010-cu ildə bu məqsədləri təmin etmək üçün əlavə böyük vəsait nəzərdə tutulur. Biz Dağlıq Qarabağ məsələsini, Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün bütün imkanlardan istifadə edə bilərik.

2011-ci il. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir, ən böyük problemdir. Biz çalışırıq ki, məsələni sülh yolu ilə, danışıqlar yolu ilə həll edək. Azərbaycan öz tərəfindən bütün səyləri göstərir ki, bu məsələ tezliklə həll olunsun. Beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz bərpa olunsun. Bizim ərazi bütövlüyümüzün bərpası mütləq baş verməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq, heç vaxt bizim əzəli torpağımız olan Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəkdir. Biz hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı, digər bölgələr bizim tarixi torpaqlarımızdır. İkinci erməni dövlətinin Azərbaycan torpağında yaradılmasına Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt icazə verməyəcəkdir. Bu münaqişə yalnız beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
2012-ci il. Biz diplomatik və siyasi səylərimizi davam etdirəcəyik. Danışıqlarda bizim prinsipial mövqeyimiz vardır. Biz bu mövqedən bir addım geri çəkilməyəcəyik. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Beynəlxalq birlik, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir. Dağlıq Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazisi kimi tanınır. Münaqişə məhz bu prinsiplər üzərində öz həllini tapmalıdır. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qayıtmalıdırlar. Ancaq ondan sonra uzunmüddətli sülh təmin edilə bilər. Biz heç vaxt imkan verə bilmərik ki, ikinci dəfə əzəli Azərbaycan torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Bu bizim prinsipial mövqeyimizdir. Bir daha demək istəyirəm ki, bu mövqe həm tarixə, həm hüquq normalarına, həm də ədalətə əsaslanır.
2013-cü il. Biz ordumuzu 2013-cü ildə daha da gücləndirəcəyik. Ordumuza xərclənən vəsait Ermənistan büdcəsindən 50 faiz çoxdur və bundan sonra da bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparılacaqdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapsın, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin.
2014-cü il. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Başqa variant ola bilməz. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni erməni dövləti yaradılsın. Əminəm ki, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcəkdir və işğal edilmiş bütün torpaqlarda Azərbaycan vətəndaşları yaşayacaqlar. Gələcəkdə isə azərbaycanlılar bütün tarixi torpaqlara qayıdacaqlar. Mən buna əminəm, buna şübhə etmirəm. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq, daha da güclü orduya malik olmalıyıq və iqtisadi inkişafı təmin etməliyik.

2015-ci il. Gələn il ordu quruculuğuna, ordumuzun inkişafına 5 milyard dollara yaxın vəsait ayrılacaq ki, bu da yoxsul, dilənçi Ermənistanın ümumi büdcəsindən iki dəfədən çoxdur.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapa bilər. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. İşğalçı qüvvələr Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bu, əsas prinsiplərdir. Biz bu prinsiplər əsasında istənilən müqavilənin imzalanmasına hazırıq.
2016-cı il. Xarici siyasətimizin əsas prioriteti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, 2015-ci ildə bu istiqamətdə heç bir irəliləyiş olmamışdır. Bunun da səbəbi xalq üçün aydındır. Ermənistan sülh istəmir. Münaqişəni uzatmaq istəyirlər, vaxt udmaq istəyirlər. Danışıqlarda özlərini qeyri-səmimi aparırlar və müxtəlif bəhanələrlə çalışırlar ki, bu danışıqlar prosesi daim davam etsin.
Bizim siyasətimiz bundan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. İşğalçılar işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır və Azərbaycan vətəndaşları doğma torpaqlara qayıtmalıdırlar.
2017-ci il. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin əsas prioritetidir. Deyə bilərəm ki, bizim siyasi və diplomatik mövqelərimiz il ərzində daha da möhkəmlənmişdir. Qondarma “Dağlıq Qarabağ” qurumunu heç bir ölkə tanımır və tanımayacaq. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvonun qəbuledilməzliyi haqqında artıq həm bu məsələ ilə bağlı fəaliyyət göstərən həmsədr ölkələrin prezidentləri, eyni zamanda ATƏT və digər qurumların rəhbərləri dəfələrlə bəyanatlar vermişdir.

2018-ci il. Aprel qələbəmizdən sonra Ağdərə, Cəbrayıl, Füzuli rayonlarında vaxtilə işğal altında olmuş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Gün gələcək bizim bayrağımız bu gün hələ də işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada dalğalanacaqdır. Bunu deməyə əsas verən Azərbaycan xalqının əyilməz iradəsidir, Azərbaycan rəhbərliyinin siyasətidir.
Bu il Cocuq Mərcanlı kəndinə uzun fasilədən sonra həyat qayıtdı. Cocuq Mərcanlının inkişafı bizim əyilməz ruhumuzun rəmzidir. Uzun illər o kəndin sakinləri başqa yerlərdə yaşamışlar. Ancaq Azərbaycan dövləti orada qəsəbə salandan sonra onlar öz doğma torpağına qayıtmışlar. Cocuq Mərcanlının bərpası bizim qürur mənbəyimizdir. Bu gün orada 150 evdən ibarət gözəl qəsəbə salınıb, məktəb, tibb məntəqəsi, uşaq bağçası və Şuşa məscidinin – vəhşi qonşular tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri olan məscid tikilib.
2019-cu il. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində biz prinsipial mövqeyimizdə qalırıq. Bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır.
2020-ci il. İl ərzində münaqişə ilə bağlı Ermənistandan çox ziddiyyətli, bir-birini təkzib edən və cəfəng bəyanatlar səslənirdi. Gah deyirdilər ki, qondarma “Dağlıq Qarabağ respublikası” müstəqil dövlətdir və Azərbaycan bu dırnaqarası müstəqil dövlətlə danışıqlar aparmalıdır. Bu, yalandır, Dağlıq Qarabağ müstəqil dövlət deyil, heç bir ölkə bu qanunsuz qurumu tanımayıb, o cümlədən Ermənistan da tanımayıb və bu il ərzində danışıqlar prosesi Ermənistan və Azərbaycan arasında aparılmışdır. Beləliklə, bu cəfəng tezis tamamilə darmadağın edilmişdir. Gah deyirdilər ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Belə populist bəyanatlar vermək olar, amma bu populist bəyanatların arxasında dayanmaq mümkün deyil. Bu da yalandır, Dağlıq Qarabağ Ermənistan deyil, bütün dünya bilir və mən bunu bir daha bəyan etmişəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi.
Bəli, elə bu nida işarəsi ilə də ölkəmizin Prezidenti xalqımızın 30 illik gözləntilərinə son qoydu. Çünki artıq məqam yetişmişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır. BMT-dən başqa bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələri bizim mövqeyimizi dəstəkləyir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?!...”

Ata vəsiyyətini gerçəkləşdirən övlad

 

Mən həmişə yazılarımda yazmışam, yenə də yazıram: yaxşı ataların yaxşı oğulları olur. Cənab İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin mənəvı və siyasi varisidir. Əsl azərbaycanlı, xalqını canından artıq sevən, vətənpərvər insan olan, həyatının sonunadək bu xalqın, bu millətin yolunda cəfa çəkən ulu öndərimizin. Elə buna görə də xalq Onu özünə ümummilli lider seçdi. Taleyini Ona tapşırdı. Müstəqilliyini Ona etibar etdi. Beləliklə də, müstəqilliyimiz təhlükədən, itirilməkdən xilas oldu. Torpaqlarımızın daha da geniş miqyasda itirilməsinin qarşısı alındı. Ölkəmiz dünyada tanındı, dünya dövlətləri ilə iqtisadi əlaqələr quruldu. 70 illik imperiya məngənəsindən qurtulan, bütün sahələrdə tənəzzülə uğrayan Azərbaycanda yeni bir Azərbaycan quruldu. Azərbaycan, bütövlükdə, ulu öndərimizin əsərinə çevrildi.
Çox təbii ki, belə bir liderin övladı da cənab İlham Əliyev olacaqdı. Dövlətçilik qabiliyyəti, idarəetmə bacarığı, siyasi-hərbi savadı ilə dünyanın həsəd apardığı lider cənab İlham Əliyev.
I Qarabağ müharibəsi nə zamansa II Qarabağ müharibəsinin olacağına şübhə yeri qoymamışdı. Xalq bir gün öz əzəli torpaqlarını geri alacaqdı. Həmin günün ulu öndərin mənəvi varisinin, hər bir azərbaycanlının ümid bəslədiyi liderinin rəhbərliyi ilə reallaşması isə Azərbaycanda müstəqilliyimizin ilk illərindən həyata keçirilən siyasətin uğurla davam etdirilməsini təsdiqlədi. Sentyabrın 27-dən başlayıb noyabrın 10-da bitən 44 günlə təsdiqlədi. Tarixə meydan oxuyan, dünyaya kimliyimizi göstərən 44 gün... Azərbaycanın döyünən ürəyinə, bir parçasına qovuşduğu, 30 illik bir həsrətin, nisgilin bitdiyi an... 10 noyabr 2020-ci il. “Qarabağ” dastanının yazıldığı gün. Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Milli Ordumuzun Azərbaycan tarixində yazdığı yeni salnamə...
Azərbaycan Sizinlə qürur duyur, Ali Baş Komandan! Siz Azərbaycanın 300 min illik sərkərdəsi, qəhrəmanı oldunuz. Səfəvilər dovlətindən sonra işğal edilən torpaqları azad edən ilk lider oldunuz. Tarix Sizin adınızı şanlı səhifələrinə yazdı. Sizinlə qürur duyuruq Milli Ordumuz! İgid oğullarımız, mərd övladlarımız! Siz bu qələbəni qanınızla, canınızla yazdınız tariximizin səhifələrinə.

Müharibə, müsahibə, müraciət

Cənab Prezidentimiz Azərbaycan tarixinə adı ilə bağlı bu sözləri yazdı: müharibə, müsahibə, müraciət. Ölkəmizin başçısı ordumuza Ali Baş Komandanlıq etməklə yanaşı, həm də dünyanın bizə qarşı yönəlmiş informasiya müharibəsinin qəhrəmanı oldu 44 günün hər anında. 44 gündə dünyanın ən məşhur kütləvi informasiya vasitələrinə 30-dan artıq müsahibə verən dövlətimizin başçısı Qarabağın tarixini, strateji əhəmiyyətini, əhalisinin vəziyyətini, 30 illik işğal dövrünü, həmçinin Qarabağla bağlı susan beynəlxalq təşkilatların mahiyyətini tarixi reallıqlarla dünyaya çatdırdı. Özünəməxsus nitqi, səbri, haqsız, ədalətsiz suallara hər dəfə eyni təmkinlə cavab verməsi, müxtəlif dillərdə sərbəst, qüsursuz danışıq qabiliyyəti ilə dünya siyasətçilərini və jurnalistlərini heyrətləndirən cənab İlham Əliyev bütün bunların fonunda Azərbaycanın necə bir dövlət olduğunu təsdiqləməklə yanaşı, ulu öndərin layiqli övladı olduğunu da sərgilədi. Xalqına dəfələrlə müraciət etməsi ölkəmizin rəhbərini xoş xəbər müjdəçisi etdi insanların gözündə. 44 gündə torpaqlarımızın azad olunması ilə bağlı xəbərləri tək Ali Baş Komandandan almağımız bizim bir yumruq olduğumuzun, bu dövlət başçısının ətrafında sıx birləşdiyimizin sübutu oldu. Azərbaycanda belə bir misal var: o yerdə ki, ağsaqqal var, orada Allah var.

Ölkəmizdə 43 gün davam edən müharibənin 44-cü günü qələbə bəxş etdi millətimizə. Şiddətli döyüşlər getdi Qarabağ torpaqlarında. Şəhidlər verdik, ürəyimiz parçalandı, qazilərimiz oldu. Lakin bir-birinin ardınca torpaqlarımızı erməni nankorlarından geri aldıq. Füzulimiz, Zəngilanımız, Cəbrayılımız, Qubadlımız, Şuşamız, Ağdamımız, Kəlbəcərimiz, Laçınımız erməni tapdağından xilas edildi, hüriyyətinə qovuşdu. Azərbaycan Milli Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə dünyanı heyrətə gətirən döyüş taktikası həyata keçirdi.

II Qarabağ müharibəsi təsdiqlədi

Bu müharibə bir çox məqamları təsdiq etməklə yanaşı, həm də ona vəsilə oldu. Nəzər salaq:
– Ən birincisi, ata vəsiyyətini qeyd etmək istəyirəm. Cənab Prezidentimizin ulu öndərin “Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir” vəsiyyətini həm bir övlad, həm də siyasi rəhbər olaraq reallaşdırması xalqımıza liderlik bacarığını göstərməklə yanaşı, həm də qədim ailə dəyərlərimizin qorunub yaşadılmasının əhəmiyyətli məsələ olduğunu aşıladı. Bu, hər bir gəncə nümunə gücündə olan, təsirli məqamdır.
– Ölkəmizin Prezidentinin 17 illik fəaliyyəti dövründə hər il bütün bayramlarda xalqımıza müraciətlərində Qarabağdan söhbət açıb, onun bir gün geri qaytarılacağını əminliklə söylədiyinin şahidi olmuşuq. Eləcə də beynəlxalq təşkilatların kürsülərində, xarici qonaqlarla görüşlərində eyni fikirlər hər dəfə səslənib. Bütün bunlar isə Prezidentimizin ötən 17 ildə söylədiyi sözlərin arxasında həm də bu sözlər dəyərində ordu quruculuğu prosesini uğurla həyata keçirdiyini, Ali Baş Komandanımızın sözlə əməl vəhdətini təsdiqlədi.
– Cənab Prezidentimizdə Azərbaycançılıqdan irəli gələn bir xarakteri də açıqca gördük. O, hər kəs kimi müharibə istəmirdi, qan tökülməsini, övlad itkisini istəmirdi. Bunu dəfələrlə Ermənistan siyasi rəhbərinə müraciətində gördük. “Torpaqlarımızdan çıxın, müharibəni dayandıraq”, – dedi. Ermənilər bu mənəvi dəyərin nə olduğunu bilməsələr də, bu təkliflər onlara dəfələrlə edildi.
– II Qarabağ müharibəsi cənab İlham Əliyevin sayəsində bizim özümüzü tanımağımıza vəsilə oldu. Biz gördük ki, azərbaycanlılar nə qədər həmrəy, bir yumruq kimi birləşə bilən, eyni zamanda çox vətənpərvər bir xalqdır. Vətəninə, bayrağına sevdalıdır.
– Müharibə xalqın rəhbərinə inamını da nümayiş etdirdi. Tərtərdə, Bərdədə, Gəncədə evləri dağıdılan yüzlərlə insan Prezidentə arxalandıqlarını bildirdilər. Evlərinin dağılmasına, həyatlarının təhlükədə qalmasına baxmayaraq yurdlarını tərk etmədilər, qələbə əzmi ilə yaşadılar. Bu, rəhbərə inam, Onun arxasında olmaq deməkdir. Onlar bir də buna əmin idilər ki, evləri, həyətləri əvvəlkindən də gözəl vəziyyətdə onlara qaytarılacaqdır. Çünki bu insanlar cənab Prezidentimizin verdiyi sözlərə əməl etdiyinin şahidi olan insanlardır.
– Qarabağ müharibəsi onu təsdiq etdi ki, xalq-dövlət birliyindən güclü qüvvə ola bilməz. Elə bu qüvvə də qələbəmizin səbəbkarı oldu.
– Və son olaraq, Prezidentimizin illər öncə dediyi bu fikirlərini təsdiqlədi: “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”.

Qarabağ işğalı ilə yaşıd Naxçıvan blokadası
Doqquzuncu bənd - nəqliyyat damarı

Biz 30 ilin torpaq həsrətliləri, həm də 30 ilin blokada Naxçıvanının insanları idik. 1990-cı illərin alın yazısına çevrilən bu iki acının da düyünü çözülüb artıq. Ölkəmizin Prezidentinin həm hərb meydanında, həm siyasi müstəvidə bütün dünyaya nəyə qadir olduğumuzu göstərməsi ilə, dəmir yumruq ətrafında birləşməyimizlə, övladımızı itirib “Vətən sağ olsun!” deməyimizlə, dağılan, viranə qalan evlərimizə alın belə qırışdırmamağımızla, uçuq-söküklər altından yalnız bayrağımızı xilas edib köksümüzə sıxmağımızla bütün dünyaya milli mənliyin, torpaq sevgisinin nə olduğunu bəyan etdik. İndi illərlə acılarımıza susan dünya ölkələrinə həm hərbimizlə, həm də mənəvi dəyərlərimizlə örnəyik.
Qarabağla yaşıd olan Naxçıvan blokadasının da 30 illik düyünü açılmaqdadır. Qarabağ torpaqlarının işğalı ilə başlanan Naxçıvan blokadası torpaqların azad olunması ilə də aradan qaldırılır. Artıq Naxçıvan da Qarabağ torpaqları kimi, həsrət qaldığı anası Azərbaycanın qoynuna sığına biləcək, həsrəti sona yetəcək. Buna düşünülmüş siyasətin bəhrəsi olan 10 noyabr Bəyanatı ilə nail oluruq. Ölkə Prezidentinin xalqımıza müraciətindən: “Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu 9-cu bənd sırf mənim təkidim nəticəsində Bəyanata salınmışdır. Çünki müzakirə olunan, uzun illər müzakirə olunan sülh planında belə açıq-aydın müddəa yox idi. Yəni nəzərə alınırdı ki, bütün kommunikasiyalar açılacaqdır və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında söz getmirdi. Hesab olunurdu ki, bu ümumi ifadə bunu ehtiva edir. Burada isə konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Yəni bu dəhliz tam təhlükəsiz olacaq. Eyni zamanda, ikinci məsələ - tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası - bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün əlavə də bənd salındı. Yəni bu nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Əgər lazım olsa, iki dəhliz olmalıdır. Bu, bizim tarixi nailiyyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir”.
II Qarabağ müharibəsinə naxçıvanlılar da yollandı. Vətən torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmanlıq, şücaət göstərdilər. Müharibə dövründə, yəni sentyabrın 27-dən noyabrın 19-dək düz 54 gün Naxçıvan tamamilə blokada şəraitində yaşadı. Təyyarə Naxçıvana tək şəhidlərimizi gətirərkən enirdi. Naxçıvan Vətən torpaqlarının azadlığı uğrunda övladlarını qarşılayır, bağrına basır, torpağa tapşırırdı. Naxçıvan qürur duyurdu. Onunla qürur duyurdu ki, övladları Vətən torpaqlarının bötövləşməsinə imza atır. Naxçıvan qürur duyurdu ki, ümummmilli liderimizin Naxçıvandan başlatdığı ordu quruculuğu indi dünyanı heyrətə salan Azərbaycan Milli Ordusuna çevrilib. Naxçıvan qürur duyurdu ki, 30 il blokada şəraitində olan Naxçıvan ölkə Prezidentinin siyasəti ilə blokada həyatının acılarını ilbəil arxada qoyub. Naxçıvan qürur duyur ki, məxsus olduğu ölkənin Prezidenti, Azərbaycan xalqının lideri cənab İlham Əliyevdir. Naxçıvanı 1990-cı illərin itirilmək təhlükəsindən qoruyan, insanları aclıqdan, səfalətdən şəxsi nüfuzu ilə xilas edən ulu öndərin siyasi varisidir. Bütün bunların kontekstində isə Naxçıvan sizinlə qürur duyur, cənab PREZİDENT!

Mətanət Məmmədova
Azərbaycan Respublikasının Əməkdar jurnalisti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: