44 günlük zəfər yürüşündən sonra 27 il düşmən tapdağında olan torpaqlarımız bizə qaytarıldı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev bizə, Azərbaycan xalqına qələbə sevincini yaşadaraq gözü yolda qalan tarixi torpaqlarımızı azad etdi. Dağlar başında yerləşən Şuşanı Azərbaycanın yenilməz ordusu bizə geri qaytardı. Bir qanadı qırılmış xəritəmiz dəmir yumruğun gücü ilə yenidən bərpa olundu. Torpaqlarımız kimi xəritəmiz də bütövləşdi, bərpa olundu. Bu xəritə qəhrəman ordumuzun, şəhid övladlarımızın qanı ilə birləşdi. Üzərindən 2803 şəhidimizin, qazimizin qanı axdı. Ancaq zəfər yürüşümüz sonunda qələbə ilə taclandı.
Sənə deyim, ey ustadım,
Böyük səbri gec olmalı.
Mərd igidlər meydanlarda,
Ustadlara tən olmalı.
Qarabağ həsrəti ilə yaşadığımız bu ötən illərdə Ali Baş Komandan İlham Əliyev hər zaman böyük səbrlə gözlədi. Biz- Azərbaycan xalqı daima Prezidentimizin yanında olduq, onun bu təmkininə, səbrinə, ordumuzun gücünə güvəndik. Ancaq mənfur düşmən səbrimizi atəşkəsi pozaraq, mülki əhaliyə ziyan verərək tükətdi. 27 sentyabr isə artıq səbrimizin tükəndiyi tarix idi-zəfər yürüşünün başlandığı tarix.
Bu illər ərzində ordumuz olduqca güclənmişdi. Düşmən isə bizimlə heç bir cəbhədə mübarizə aparacaq gücdə deyildi. Qorxaq, döyüşməyə cəsarəti çatmayan mənfur qonşularımız mülki əhalini hədəf seçməklə ordumuzun diqqətini dağıtmağa çalışırdı. Erməni terrorunun qurbanı olan balaca uşaqlar, körpələrin anasız, atasız, qalması Azərbaycan oğullarının qəlbində olan nifrəti birə min artırırdı.
Artıq ordumuzun öz gücünü, qüdrətini bütün dünyaya tanıtma vaxtı gəlib çatmışdı. İgid oğullarımız bu müharibədə şəhid olsa da, anaların gözü yaşlı qalmadı. Döyüşlərdə yaralanmış əsgərlərimiz belə ayağa qalxar-qalxmaz cəbhəyə qayıtdı, döyüşdü. Çoxu yaralanıb qan itirsə belə, öz yoldaşlarını bu müharibədə tək qoymadı, mübarizə apardı.
Və 30 il sonra günəş qara buludların arxasından göründü. Şanlı ordumuzun igidlərinin qanı bahasına torpaqlarımızı geri qaytardıq. Vətən müharibəsi xalqımızın məğlubedilməzliyini bütün dünyaya göstərdi. Azərbaycan əsgəri haqqın, ədalətin tərəfində idi və sonunda haqq, ədalət qalib gəldi. Azərbaycan əsgəri öz Vətənini qoruyur, öz yurduna keşik çəkir. Azərbaycan əsgərinin savaşı haqq savaşı idi.
Dahilərdən biri deyib ki, Ermənilərin hiyləgərliyi olduqca murdar, riyakarlıqları olduqca dözülməz, əclaflıqları isə təəssüf doğurur. İllər bu fikrin nə qədər doğru olduğunu sübut etdi.
Özünü müdafiə edən xalq məğlubedilməzdir! İlham Əliyevin başçılığı ilə qəhrəman ordumuz bütün torpaqlarımızı bir xəritə altında birləşdirdi. Biz- yeni nəsil, torpaqlarımızın qayıdışına şahid olduq. Bəli, qələbə bizimdir! Qarabağ Azərbaycandır!
Aysel İsazadə
Naxçıvan Dövlət Universiteti jurnalistika ixtisasının tələbəsi