Ay yarımdır davam edən mitinqlərdən sonra ortaya çıxan nəticə ondan ibarətdir ki, Ermənistan müxalifəti öz niyyətinə çata bilmir və buna görə də xalqı günahlandırır. Müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyan deyib ki, ermənilər hakimiyyətin devrilməsi prosesinin sivil qaydada baş tutmasını istəyirlərsə, xalq ayağa qalxmalıdır: "Sivil yolla getmək istəyiriksə, yəni dövlətin dağılmasına razı deyiliksə, onda bütün ermənilər meydanda olmalıdırlar. Əgər burada yüz min insan dayansaydı, məsələ çoxdan həll olunmuşdu. Məgər ölkədə yüz min narazı insan yoxdur? Hansılar ki evdə oturub ölkələrinin parçalandığını anlayırlar. O zaman bilirsiniz, insanlarımız da günahkardırlar. Onlar depressiyadadırlar. Xalq iki il yarım öncə yaxşı bir həyat yaşayacağını düşünüb ayağa qalxmışdı. İndi onlara küçələrə çıxmaq ağır gəlir. Amma insanlar kütləvi şəkildə bu depressiyadan qurtulacaqlar. Ermənistanda nələrsə baş verəcək”.
Ermənistanın ombudsmanı da bu mövzuya münasibət bildirib və müxalifətə çağırış ünvanlayıb. Sözügedən çağırış ombudsmanın sosial şəbəkədəki səhifəsində yerləşdirilib. Arman Tatoyan qeyd edib ki, aksiyalar zamanı bir sıra müxalifət liderləri silaha sarılmaqla bağlı çağırışlar edir və hakimiyyəti güc yolu ilə ələ keçirmək, hərbi çevriliş barədə danışırlar. Bütün bunların yolverilməz olduğunu bildirən Tatoyan hazırkı mərhələdə ölkədə insan haqlarının qorunması barədə iqtidarla birlikdə müxalifətin də üzərində məsuliyyət olduğunu xatırladıb. Bəyan edib ki, bütün siyasi qüvvələr mübarizəni konstitusion yolla, qanuni və dinc metodlarla aparmaq barədə öhdəlik götürməli və məsuliyyətsiz bəyanatlardan çəkinməlidirlər.
İnsan haqlarını müdafiə etməkdən danışan müxalifətin təhdid tonunda çevrilişdən bəhs etməsinin uyğunsuz olduğu vurğulanıb.
Bu ərəfədə Ermənistan İstintaq Komitəsi Milli Təhlükəsizlik Partiyasının sədri Qarnik İsagulyana qarşı zorakılıq çağırışlarına görə cinayət işi açıb. Bildirilib ki, İsagulyan "Nikolu kim vursa, milli qəhrəman adına layiq görülməli və ya bir milyon dollar mükafat olaraq verilməli” ifadəsinə görə həbs edilib.
Bu gün Ermənistanın üzləşdiyi çoxsaylı böyük problemlərin meydana gəlməsində və getdikcə daha da dərinləşməsində əsas günahkar tərəflərdən biri kimi diaspor təşkilatları da göstərilir. Ermənistanın istər daxili, istərsə də xarici siyasətinin müəyyən olunmasında həlledici təsir gücünə malik diaspor təşkilatlarının mövcud fəaliyyəti adıçəkilən ölkəni getdikcə daha böyük problemlərə düçar edib. Fəaliyyət göstərdiyi xarici ölkə ərazisində özünə rahat şərait yaradan, maddi çətinliklərlə üzləşməyən erməni diasporunu Ermənistanın üzləşdiyi problemlər qətiyyən maraqlandırmır. Əksinə, diaspor Ermənistan hakimiyyətinin onun diktəsi ilə hərəkət etməsi üçün daim rəsmi Yerevanı böyük təzyiq altında saxlayır, tez-tez bu ölkəyə göndərdiyi maliyyə və digər yardımları kəsəcəyi ilə hədələyir.
Bu ölkədə hakimiyyət isə hər zaman diaspor qurumlarından gələn göstəriş və əmrləri can-başla yerinə yetirməyə müntəzir dayanır. Elə bunun nəticəsidir ki, Ermənistanın taleyini həll edən qərarlar bu ölkədə yox, onun sərhədlərindən kənarda qəbul olunur. Bu vəziyyət Ermənistanın onsuz da formal xarakter daşıyan dövlətçiliyinin məhvini daha da sürətləndirməkdə, onun iflasını tezləşdirməkdədir.
İqtisadi durum da getdikcə ağırlaşır. Bunu keçirilən sosioloji sorğular da təsdiqləyir. Belə ki, bu günlərdə rəyi soruşulan insanların 38,3 faizi ölkə iqtisadiyyatının pis vəziyyətdə olduğunu düşünür. Respondentlərin 35,6 faizinin fikrincə, Ermənistan iqtisadiyyatı çox pis vəziyyətdədir. Əhalinin yalnız 0,6 faizi iqtisadi vəziyyətin çox yaxşı olduğunu bildirib. Ermənistanın ümumi dövlət borcunun 8 milyard ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır ki, müharibədəki məğlubiyyətdən sonra gözlənilən defolt bu ölkənin xarici borc öhdəlikləri sahəsində ciddi çətinliklərin meydana çıxmasına rəvac verəcək. Çünki defolt o deməkdir ki, dövlət borc öhdəliklərini vaxtında yerinə yetirə bilmir.
Ermənistan onsuz da borc öhdəliklərini çətinliklə yerinə yetirir. Əslində, borc öhdəlikləri başqa borclar hesabına yerinə yetirildiyindən ölkənin xaricdən olan iqtisadi asılılığı da sürətlə artır. Belə vəziyyət isə iqtisadi tənəzzülü daha da sürətləndirir.
Elçin Cəfərov
"Azərbaycan” qəzeti