2020-ci il çoxəsrlik tariximizin ən parlaq səhifəsini - Zəfər Gününü yazdı

A- A A+

İllər biri-birini əvəzləyir. Arxada qalan hər il qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində, növbəti  ilə necə başlanılmasında bir istiqamətverici amil rolunu oynayır. Digər tərəfdən, nəzərə alsaq ki, artıq  ənənəvi olaraq  dövlətimizin başçısı İlham Əliyevin müvafiq Sərəncamı əsasında hər il   müəyyən sahənin adı ilə bağlanır, bu halda  ölkəmizin hərtərəfli inkişafının prioritetliyi özünü daha qabarıq şəkildə büruzə verir. Ümumiyyətlə, 2020-ci il tariximizə hansı səhifələri yazdı, qarşıdan gələn 2021-ci ildən gözləntilərimiz nədən ibarətdir?

“Könüllülər ili”: Xeyirxahlıq, fədakarlıq,  könüllü və təmənnasız  kömək ənənələri  davam və inkişaf etdirildi

2020-ci il möhtərəm Prezidentimiz  İlham Əliyevin Sərəncamı ilə  ölkəmizdə "Könüllülər ili” elan edildi. Xeyirrxahlıq, fədakarlıq, başqalarına könüllü və təmənnasız kömək ənənələrini yaşatmaq kimi keyfiyyətlərə malik olan xalqımızın bu dəyərlərin inkişaf etdirilməsinə töhfələrinin əhəmiyyəti, könüllülük hərəkatının mahiyyəti  Sərəncamda da  dolğun şəkildə əksini tapmışdır. Adından da göründüyü kimi, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Eyni zamanda, könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərinə bağlılıq və xidmət örnəyidir. Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə  başa çatmaqda olan ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi Azərbaycan gəncliyinin qarşısında yeni imkanlar açdı. Bütün dövrlərin əsas çağırışı olan gənclərimizin milli və vətənpərvərlik, milli-mənəvi dəyərlərə, tarixinə, ədəbiyyatına bağlılıq, böyüklərə hörmət ruhunda tərbiyəsi məhz “Könüllülər ili”nin hədəflərində özünü təcəssüm etdirdi. Gəncliyin malik olduğu potensial imkanlardan geniş istifadə olunduğu, gənclərin dövlət idarəçiliyinə irəli çəkildiyi hazırkı dövrdə onların bu hərəkatın fəal üzvü kimi yetişməsinin böyük əhəmiyyəti var. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əslində Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət”dən başlanıb. Minlərlə  gənc könüllü olaraq müxtəlif “ASAN xidmət” mərkəzlərində işləyir.  Bu istiqamətdə  həyata keçirilən təşəbbüslər ölkəmizdə könüllülər hərəkatının inkişafına böyük təkan verdi. Könüllülük başqa sferaları da əhatə edərək müxtəlif layihələrin uğurla icra edilməsinə böyük imkanlar yaratdı. Qürurvericidir ki, artıq ölkəmizdə  könüllülər sinfi formalaşıb və onların mütləq əksəriyyəti gənclərdir. Azərbaycan gəncliyi belə bir  ab-havada yetişir ki, ümumi işə töhfə versin, ölkəmizin daha da inkişafına  və köməyə ehtiyacı olan insanlara dəstək olsun. Ümumiyyətlə, bu fəaliyyətin təşviqi məqsədilə ölkə hakimiyyəti tərəfindən zəruri addımlar atılıb, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib.  Bu hərəkatın iştirakçılarının günbəgün artması könüllülüyün bir dəyər kimi təbliğində əhəmiyyətli rol oynayır.

Ölkəmizdə könüllülər hərəkatının inkişafında Azərbaycanın  Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiri Mehriban xanım Ялiyevanın böyük xidmətləri vardır. "Şəfqət, mərhəmət, humanizm, səxavət, xoş əməllər etmək, köməyə ehtiyacı olanın yanında olmaq kimi keyfiyyətlər həmişə bizim ən mühüm həyati dəyərlərimiz olmuşdur və bu gün də belədir” söyləyən Mehriban xanım Əliyeva bildirir ki, könüllülük cəmiyyətdə xeyirxahlıq və yeni davranış qaydaları təbliğ edir.

Bu mühüm məqamı da xüsusi qeyd etmək lazımdır ki, ölkəmizdə həyata kecirilən  koronavirusla mübarizə tədbirlərində, eyni zamanda,  44 günlük İkinci Qarabağ müharibəsi dövündə könüllülərimiz öz fədakarlıqlarını nümayiş etdirdilər.  Hər iki cəbhədə aparılan müharibədə birliyimiz, həmrəyliyimiz əsas amil kimi önə çəkilirdi ki,  bu da könüllülük hərəkatının əsas prinsipləridir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqa bütün müraciətlərində bu məqam önə çəkilir ki, xalqımıza xas olan  mərhəmət, şəfqət, bir-birinə əl tutmaq, komək etmək, böyüklərə hörmət prinsipləri əsasında  qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür.

Parlament seçkiləri: Ölkəmizdə demokratiyanın növbəti təntənəsi

2018-ci ildə keçirilən prezident seckilərində xalqın dəstəyini qazanaraq yenidən qələbəsini təmin edən möhtərəm Prezidentimiz İlham Əliyev andiçmə mərasimində qarşıdaki illərin hədəflərini açıqlamışdır. Bu hədəflərdə islahatlar, inkişaf, tərəqqi, yeni ideyalar bugünümüzün əsas tələbi kimi irəli sürülürdü. 2019-cu ildə geniş vüsət alan islahatlar 2020-ci ildə parlament seçkilərinin keçirilməsi ilə davam etdirildi.

 Məlum olduğu kimi, 2019-cu ilin son aylarında ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası bütün sferalarda həyata keçirilən islahatların qanunverici orqanda da öz əksini tapması üçün parlamentin buraxılması və  növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüs prosedur qaydalarına uyğun olaraq atılan addımların fonunda cənab İlham Əliyevin  Sərəncamına uyğun olaraq   9 fevral 2020-ci il tarixdə  seçkilərin keçirilməsi ilə reallığa çevrildi. Bu seçkilər Azərbaycanın demokratik inkişaf tarixinə yeni bir mərhələni yazdı. Seçkilərdə 19 siyasi partiyanın iştirakı əsasında yeni parlamentin formalaşması, Milli Məclisin, həmçinin komitələrin rəhbərliyində müxalifət nümayəndələrinin təmsil olunması ölkəmizdə siyasi sistemin daha da təkmiləşməsindən, plüralizmin inkişafından xəbər verirdi.

Real olan budur ki,  Azərbaycanda keçirilən çoxsaylı seçkilərin hər biri əvvəlkilərdən daha təkmilliyi, demokratikliyi ilə diqqət çəkib.  Seçkinin keyfiyyət göstəricisi demokratiya, ədalət və şəffaflıqdır. Bu mənada, ölkəmizin seçki təcrübəsi ildən-ilə təkmilləşir, zənginləşir. Bu gün Azərbaycanın seçki təcrübəsi müxtəlif ölkələrdə öyrənilir.  Növbədənkənar parlament seçkiləri dünya təcrübəsində rast gəlinən hadisə olsa da, Azərbaycan təcrübəsində yenidir. Bu, bir daha göstərir ki, ölkəmiz  təkmilləşmədə, yeniləşmədə maraqlıdır,  islahatların zamana görə tətbiqi, bütün sahələri əhatə etməsi dövlətimizin siyasətinin əsasını təşkil edir.

COVID-19: Yeni qaydalarla yaşamaq həyat tərzimizə çevrildi

Dünyanı bürüyən COVID-19 pandemiyası ilə mübarizə tədbirləri ölkəmizdə də ilk gündən gücləndirildi, bu bəladan az itki ilə çıxmaq əsas hədəfə çevrildi. Təbii ki, hər bir  məsələnin həllində başlanğıc mərhələ, eyni zamanda, maarifləndirmə işinin lazımi səviyyədə həyata keçirilməsi  önəmli rol oynayır. Dünyanı bürüyən  koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri hər bir ölkənin malik olduğu imkanların təqdimatında,  vəziyyətdən çıxmaq üçün düzgün  istiqamətin seçilməsində mühüm  rol oynadı. Azərbaycan koronavirusa qarşı mübarizədə də kompleks tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verdiyini bir daha nümayiş etdirir. Ölkəmizin  ilk gündən atdığı addımların təqdir olunması, Ümumdünya Səhiyyə Təşkilatının rəsmilərinin  görülən işləri yüksək dəyərləndirmələri də səbəbsiz deyil. Dövlətimizin başçısı İlham Əliyevin  ilk günlərdə söylədiyi «Koronavirusla bağlı ölkələr indi özlərini təcrid ediblər, bu da təbiidir. Biz indi görürük ki, hətta bir-birinə çox yaxın olan ölkələr, təşkilatlar, artıq hərə öz problemlərini həll edir və müxtəlif ölkələrdə bu məsələyə yanaşma da fərqlidir. Hesab edirəm ki, bizim yanaşmamız ən geniş və ən düzgün yanaşmadır» fikirləri Azərbaycan təcrübəsinin nümunəviliyini  nümayiş etdirdi. Qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ölkəmizdə  ilkin mərhələdə xəstəliyin geniş yayılmaması uğurlu addımlar sırasındandır.  Mübarizəyə başlandığı gündən əsas çağırış ehtiyac duyulmadığı təqdirdə evdən çıxmamaq,  məsuliyyətli olmaq,  sosial məsafəni gözləmək, tibbi maskalardan istifadə etmək olub və bu gün də həmin tələblər öz aktuallığını qoruyur.  Dövlətimizin başçısının   «Biz birlikdə güclüyük!» çağırışı dövlət-vətəndaş  birliyinin önəmini açıqlamaqla yanaşı, birliyin, həmrəyliyin bugünkü şəraitdə  əsas amil olduğunu bir daha təsdiqlədi. Koronavirusun həm insanların sağlamlığına, həm də hər bir ölkənin iqtisadiyyatına böyük zərbə vurduğunu dərindən dərk edən  cənab İlham Əliyev bu ümumbəşəri bəla ilə mübarizədə əhalinin sağlamlığının prioritetliyini önə çəkərək bu istiqamətdə zəruri olan bütün addımları atdı və həmin proses bu gün də davamlılığı ilə diqqət çəkir.   COVID-19-la mübarizə tədbirlərinin ilk günündən ölkəmizdə istifadəyə verilən iki müəssisə tibbi  maska  ilə yanaşı, tibbi spirt, dezinfeksiya məhsulları,  qoruyucu kombinezonlar istehsal etməklə virusa yoluxmadan qorunmaq üçün tətbiq edilməsi zəruri olan qaydalara riayət etməyə geniş imkanlar yaradır.  Məhz ölkəmizdə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində tətbiq olunan karantin rejimində gah sərtləşmələr, gah da  yumşalmalar   həyata keçirilir.  Cənab İlham Əliyevin,  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bütün müraciətlərində məsuliyyətli olmağa, evdə qalmağa çağırışlar əsas yer tutur.  Mehriban xanım Əliyeva bildirir ki, bəli, biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə bütün dünyada, ölkəmizdə  hələ davam edir. Heç bir halda sayıqlığımızı itirməməliyik. Əziyyətlə nail olduğumuz nəticələri sıfıra endirərək itirmək yolverilməzdir. Laqeydlik hər birimizə, yaxınlarımıza, ölkəmizə real təhlükə törədəcək. Hamımız yeni qaydalarla yaşamağı öyrənməliyik. Əslində bu qaydalar elə də çətin deyil – məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əlləri yumaq.  

Qısa müddətdə ölkəmizdə laboratoriyaların sayı 8 dəfə artırılıb, 10-dan çox yeni müasir xəstəxana, o cümlədən modul tipli xəstəxana tikilib istifadəyə verilib. Heç bir səhiyyə sistemində xəstələrin sayının bu qədər olacağı nəzərdə tutulmadığından həkim çatışmazlığını aradan qaldırmaq üçün  5 ölkədən – İtaliya, Çin, Kuba, Rusiya və Türkiyədən həkimlər dəvət olunub. Hazırda dünyada vaksinləmə prosesinin başlandığı vaxtda Azərbaycan da  bu prosesə qoşulur. Azərbaycan ölkələrin vaksinlərdən ədalətli istifadə imkanını təmin etmək üzrə Ümumdünya Səhiyyə Təşkilatının iştirakı ilə beynəlxalq “COVAX” təşəbbüsünə ilk qoşulan dövlətlərdən biri olub.

Ölkəmiz  qlobal miqyasda  COVID-19-la  mübarizə işinə sanballı töhfələr  verir

Koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı gündən möhtərəm Prezidentimiz  İlham Əliyev  pandemiyanın  qlobal təhlükə olduğunu önə çəkərək onunla mübarizənin  qlobal cavab tələb etdiyini, bu prosesdə dünyanın həmrəyliyə və əməkdaşlığa böyük  ehtiyacı olduğunu diqqətə çatdırdı. Azərbaycan Prezidenti İlham Əliyevin COVID-19-la birgə mübarizəyə çağırış təşəbbüsləri bir-birinə əks qütblərdə dayanan dövlətləri, beynəlxalq təşkilatları pandemiya ilə  mübarızədə bir araya gətirdi.  Dövlətimizin başçısının təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının  keçirilməsi bunun bariz nümunəsidir. Daim birləşdirici, sabitləşdirici ölkə rolunu oynayan  Azərbaycan bu mübarizədə də rolunu göstərdi, yalnız özünü deyil, digər dövlətləri də düşünərək onların bu bəladan az itki ilə çıxmasına dəstək olmağa çalışdı və hazırda bu humanist missiyanı uğurla davam etdirməkdədir. Azərbaycanın 30-dan çox ölkəyə humanitar yardım göstərməsi də onun bu istəyinin real addımlarında öz təsdiqini tapdığını nümayiş etdirir. Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın dəstəyindən, birlik, həmrəylik çağırışlarından bəhs edərkən özü-özlüyündə yaranan “Biz bunu etməyə də bilərdik. Kimsə bizə bir söz deyəcəkdi” sualına qısaca olaraq “Yox” cavabı verərək  bunu belə əsaslandırır ki, kim bizə irad tuta bilərdi, hətta bu ağır dövrdə biz bu təşəbbüsü irəli sürməsəydik. Amma biz bunu etdik. Çünki biz məsuliyyətli ölkəyik və etibarlı tərəfdaşıq: “Bax, bu çətin dövrdə hər kəsin əsl siması üzə çıxdı. Kim nəyə qadirdir, kim ölkəni necə idarə edir, kim böhrana qarşı necə hərəkət edir, kim xalqı, cəmiyyəti səfərbər edə bilir, kim isə, sadəcə olaraq, xarici yardıma möhtac qala-qala başqasından yardım dilənir. Ona görə həm özümüzə, xalqımıza, həm də bütün dünyaya bir daha göstərdik ki, biz ləyaqətli ölkəyik. Bizim üçün milli maraqlar prioritet məsələdir. İnsanların sağlamlığı isə milli maraqlar arasında prioritet yerdədir.”

Ərazi bütövlüyümüz bərpa edildi, 30 ilin nisgilinə son qoyuldu, milli qürurumuz özümüzə qayıtdı

Dünyanın koronavirus infeksiyası ilə  mübarizə tədbirlərini gücləndirdiyi bir dövrdə Ermənistan hərbi təxribatlarını davam etdirdi. Bu il işğalçı Ermənistan Azərbaycana  qarşı 3 dəfə hərbi təxribat törədib. İyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində  Ermənistan  silahlı qüvvələri Azərbaycanın mövqelərinə artilleriya atəşi ilə zərbə endirdilər və bu hərbi təxribat nəticəsində  hərbçilərimiz həlak oldular, yaralandılar. Avqust ayında Azərbaycana diversiya qrupu göndərildi. O diversiya qrupu da zərərsizləşdirildi. Sentyabrın 27-də isə Ermənistan silahlı qüvvələrinin  müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərinə hücumları zamanı  kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə məruz qaldı, mülki şəxslər, hərbçilər arasında itkilər oldu. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev “Artıq yetər, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır” bəyan edərək Azərbaycan əsgərinə “İrəli” əmri verdi. Azərbaycan Ordusunun  uğurlu  əks-hücum əməliyyatları hər gün cəbhə bölgələrindən yeni-yeni qələbə xəbərlərinin gəlməsi ilə nəticələnirdi. Xalqımız hər gün dövlətimizin başçısı İlham Əliyevdən qələbə xəbərlərini gözləyirdi. 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi və siyasi Qələbəsi ilə başa çatdı.  İkinci Qarabağ müharibəsində möhtəşəm Qələbəmiz  xalqımızın 30 illlik  torpaq həsrətinə son qoymaqla yanaşı, Azərbaycanda illərdir güclü dövlət quruculuğu istiqamətində  həyata keçirilən strategiyanın və müəyyən hədəflərə hesablanmış  siyasətin  məntiqi nəticəsi oldu. Azərbaycan gücləndi, qüdrətləndi, hərbi potensialını daha da artırdı, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdırdı, Ermənistanın və ona havadarlıq edən dövlətlərin  30 ilə yaxın imitasiya naminə apardıqları danışıqların əsl mahiyyətini açıqlayaraq bir daha belə bir reallığı da ortaya qoydu ki, düşmən heç vaxt torpaqlarımızi öz xoşu ilə geri qaytarmaq istəyində olmayıb. Ermənilərin   işğal edilmiş torpaqlarımızda  qurduqları istehkamlar da bunu təsdiqlədi. Lakin Azərbaycan Ordusu öz gücü, qüdrəti sayəsində bu istehkamları, düşmənin hərbi texnikasını darmadağın etdi, hər günü tariximizə qələbə səhifəsi kimi yazdı. Döyüş meydanında Qələbəmiz 10 noyabr  üçtərəfli Bəyanatının imzalanmasını şərtləndirdi. Azərbaycan 27 ildən artıq gözlədiyi ədaləti, beynəlxalq hüququ bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. Azərbaycan  münaqişənin həlli prosesini uzatmaq üçün illərdir beynəlxalq ictimaiyyəti aldadan Ermənistana və ona bu istəyini yerinə yetirməkdə dəstək göstərən havadarlarına 44 gündə həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı ilə göstərdi  ki,  özü bir güc sahibidir, yeni reallıqlar yaradıb, hər kəs bu reallıqlarla barışmalıdır.

Bir sözlə, bu gün  şərtləri Azərbaycan diktə edir. Hansı ki,  əvvəllər işğalçı Ermənistana havadarlıq edən dövlətlər Azərbaycana işğalla barışmağı diktə edirdilər. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ədalətli mübarizəsi, Müzəffər Ali Baş Komandanının qətiyyətli mövqeyi, rəşadətli ordusunun gücü, qüdrəti sayəsində nəinki regionu, bütövlükdə dünyanı terror və faşizm təhlükəsindən xilas etdi. Dünya üzrə müəyyənləşmiş  xarici siyasət kursunu dəyişdi, hərb tarixinə yeni səhifə yazdı. Hazırda Azərbaycanın İkinci Qarabağ müharibəsində istifadə etdiyi taktiki üsullar dünya hərb elmi üçün yenilik kimi qəbul edilərək beynəlxalq ekspertlər tərəfindən təhlil edilir. Dövlətimizin başçısı, Müzəffər  Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, məğrur, yenilməz xalqımızın iradəsi, rəşadətli ordumuzun gücü, dəmir yumruq kimi birliyimiz, həmrəyliyimiz sayəsində  Azərbaycanın qazandığı hərbi və siyasi  Qələbə ilə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq tarixə qovuşdu.

44 günlük müharibə Azərbaycanın Qələbəsi ilə başa çatdıqdan sonra ölkə   Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə bu fikri xüsusi qeyd etmişdir ki, bu tarixi Zəfər münasibətilə şəxsən sizi təbrik etməyə, təşəkkürümü bildirməyə gəlmişəm. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti, dövlətimizin siyasəti hesabına qazanmışıq: “Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam.”

Azərbaycan son 200 illik tarixinin ilk  Qələbə paradını keçirdi

10 dekabr 2020-ci il Azərbaycanın tarixinə daha bir əlamətdar, qürurverici səhifəni, günü yazdı. Son 200 illik tariximizin ilk Zəfər paradı keçirildi. Azərbaycan bir daha dünyaya qətiyyətini, malik olduğu imkanları, hərbi qüdrətini nümayiş etdirdi.

Bu parad əvvəlki paradlardan özünəməxsusluğu ilə fərqlənirdi. Xalqımız milli qürurunun özünə qayıtması sevincini yaşayır və  paylaşırdı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər paradında qeyd etdiyi kimi, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir: “Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”

Həqiqət anı: Azərbaycan-Türkiyə dostluğu əbədi, sarsılmaz olduğunu bir daha  dünyaya  nümayiş etdirdi

«Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır» söyləyən dövlətimizin başçısı, Ali Baş Komandan  İlham Əliyev bildirmişdir ki, indi biz görürük kim kimdir: “Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər… İndi həqiqət anıdır. Sən kimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin? Əlbəttə ki, bu günlərdə bizə dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq.»

44 günlük müharibə Azərbaycan-Türkiyə dostluğunun sarsılmazlığını bir daha  dünyaya göstərdi. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk gündən dünyaya “Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır” mesajı əsl dost,  qardaş dəstəyi idi. 44 günün hər anının sevincini Azərbaycanla bərabər yaşayan  qardaş ölkədə bayram ab-havası hər birimizi daha da qürurlandırdı.  Zəfər paradında içtirak etmək üşün Azərbaycana səfər edən  Türkiyə Prezidenti Vətən müharibəsi başlananda dünyaya ünvanladığı mesajı bir daha təsdiqlədi.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında “Bu gün Türkiyə-Azərbaycan tarixində çox əlamətdar, önəmli bir gündür. Bu gün biz birlikdə Zəfər paradını seyr edərkən bir-birimizi təbrik etdik. Bu Zəfər münasibətilə xalqlarımızı təbrik etdik. Bu tarixi Zəfər bizim birliyimizin təcəssümüdür” söyləyən möhtərəm Prezidentimiz  İlham Əliyev bildirmişdir ki,  Türkiyə və onun Cümhurbaşqanı müharibənin ilk saatlarından Azərbaycana, Azərbaycan xalqına öz dəstəyini göstərib. Onun bəyanatları həm Azərbaycan xalqı üçün çox dəyərli idi, qiymətli idi, eyni zamanda, bütün dünyaya bir mesaj idi ki, Azərbaycan tək deyil, Azərbaycana heç kimsə maneə olmasın. Azərbaycan haqq davasına çıxıb, Vətən savaşına çıxıb. Türkiyə Azərbaycanın yanındadır. Bu mesaj, əslində, həmrəyliyin bir təcəssümü idi. Onu göstərdi ki, Azərbaycan öz  davasında haqlıdır: “Biz tarixi ədaləti bərpa etdik. Biz uzun illər sürən işğala son qoyduq. Türkiyə kimi qardaşımızın yanımızda olması bizi daha da ruhlandırırdı. Bizə əlavə güc verirdi. Biz gücdən istifadə edərək öz tarixi torpaqlarımızı işğalçılardan azad etdik.”

Azərbaycanın  cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə dastan yazmaqda davam edəcəyini bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir ki,  Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, cənab Prezident İlham Əliyevə aiddir: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirib. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında, inşallah, dastan yazmaqda davam edəcək.”

Türkiyə Prezidentinin səfər çərçivəsində imzalanan sənədlərlə bağlı fikirləri də iki dost, qardaş ölkənin birliyinin, həmrəyliyinin bir daha təqdimatı oldu. “Bu gün atılan imzalar, əslində, simvolik imzalardır” söyləyən Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir.

Azərbaycanda  yeni dövr – növbəti quruculuq dövrü başlayır

İşğal altında olan bütün torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Uzun illər məcburi köçkün həyatı yaşamış insanlar öz sevinclərini  «Artıq mən qaçqın deyiləm» fikirləri ilə ifadə edirlər. Soydaşlarımız hər zaman əmin idilər ki, dövlətimizin uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə davamlı uğurlara imza atan Azərbaycanın yeganə problemi olan Ermənistan-Azərbaycan Dağlıq  Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq, məcburi köçkünlər  öz doğma yurd-yuvalarına qayıdacaq, həmin torpaqlarda yeni həyat başlayacaq.  Cocuq Mərcanlıya qayıdış  Böyük Qayıdışın astanasında olduğumuza böyük əminlik yaratmışdı.  Doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız bu gün həmin  qayıdışın astanasındadır. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlarımıza səfərləri zamanı keçirilən görüşlərdə səsləndirilən fikirlər hər birimizdə böyük qürur hissi yaradır. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, necə birlik, həmrəylik göstərib torpaqlarımızı azad etdik, həmin birlik sayəsində də bərpa, quruculuq işlərini həyata keçirəcəyik. Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə  Qubadlı və Zəngilan rayonlarına səfəri zamanı qeyd etdiyi kimi, səhərdən yağış yağsa da indi gün çıxıb. Təbii ki, bu fikirlər həmin anın real mənzərəsini əks etdirməklə yanaşı, rəmzi mənanı da ifadə edirdi. Artıq hava da sevinir, alqışlayır. Çünki bu torpaqlara sahibləri gəlib. Ermənilərin 30 ildə  bu torpaqları hansı vəziyyətə saldıqları göz qabağındadır.   Saxta tarix yazmaqla  başqa dövlətin torpaqlarını ələ keçirmək daimi proses ola bilməz. Ermənilər bu torpaqlarda tarixi, dini abidələrimizi yerlə-yeksan edib hər şeyi tamamilə yox etməyə çalışsalar da  son sözün tarixin, beynəlxalq hüququn deyəcəyinin fərqində idilər. Ərazilərimiz bərpa planına uyğun olaraq yenə də əvvəlki vəziyyətinə qayıdacaq, onların malik olduğu potensial imkanlardan istifadə edilməklə regional inkişaf proqramlarının uğurlu icrası daha da sürətləndiriləcək, Qarabağ cənnət məkana çevriləcək.

44 günlük müharibə dövründə möhtərəm Prezidentimiz İlham Əliyevin xarici mətbuata 30-dan çox müsahibələrinin hər biri Azərbaycan həqiqətlərinin, dövlətimizin qətiyyətli mövqeyinin təqdimatında zəngin mənbə olmaqla yanaşı, torpaqlarımızın işğaldan azad ediləcəyinə, ölkəmizin qarşısında yeni bir dövrün başlanacağına inamın ifadsi idi.  “BBC News”a müsahibəsində jurnalistin “Əgər münaqişə bitərsə, Siz sülhün dividend gətirəcəyini görürsünüzmü? Düşünürsünüzmü ki, cəmiyyət onları düşündürən Dağlıq Qarabağ məsələsini geridə qoyacaq? Burada hansı gələcəyi görürsünüz” sualını cavablandırarkən  “Ölkəmizin gələcəyi çox parlaq olacaq” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev bildirmişdir  ki,  Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək: “ Biz işğaldan azad edilmiş torpaqları yenidən quracağıq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda, siyasi münasibətlər sahəsində hesab edirəm ki, müsbət meyillər daha da güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq. Azərbaycana olan hörmət daha da artacaq ki, biz güclü dövlət kimi öz ərazi bütövlüyümüzü, ədaləti və beynəlxalq hüququ bərpa edirik. Beləliklə, ölkəmizin gələcək inkişafı əminəm ki, çox uğurlu olacaq. Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Bəyan etdiyim bütün hədəflərə çatmışıq. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi. Mən şadam ki, bu vəzifənin öhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq. Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcəkdir.”

Bir ilin təhlili əsasında bu ümumiləşdirməni böyük fəxr və qürur hissi ilə qeyd edirik ki,  2020-ci il dövlətimizin başçısı İlham Əliyevin  adını tariximizə qalib  Müzəffər Sərkərdə, Azərbaycan Ordusunu  ən güclü ordu, Azərbaycan xalqını məğrur, yenilməz xalq kimi yazdı. “Rusiyanın məşhur “Vedomosti” nəşrinin  möhtərəm Prezidentimiz İlham Əliyevi “İlin siyasətçisi” seçməsi də ölkəsini, xalqını inkişafa, tərəqqiyə aparan, Azərbaycanın işıqlı  gələcəyini düşünən Liderin bütün keyfiyyətlərini özündə təcəssüm etdirir.

 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı hər birimizə qürur gətirən təbrikimiz budur: Zəfərin mübarək, Azərbaycan! Zəfərin mübarək, Azərbaycan xalqı! Bu Zəfəri xalqımıza yaşadan Ali Baş Komandana, Azərbaycan Ordusuna eşq olsun! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!   

 

Vüqar Rəhimzadə
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 
“İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru,
Əməkdar jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: