Hərbçilərə yemək aparıb qayıdanda yolu səhv saldıq və ermənilərə əsir düşdük. Bizi naməlum istiqamətə apardılar, pəncərəsiz və işıqsız yerdə bir neçə gün saxladılar. Bizi adi suya belə möhtac qoyurdular.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə erməni əsirliyində olmuş hərbi qulluqçumuz Nahid Həmidov yanvarın 5-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında deyib.
Əsirlikdə olduğu müddətdə qeyri-insani hərəkətlərə məruz qaldıqlarını vurğulayan Nahid Həmidov qeyd edib: “Ermənilər tarixən bizə qarşı düşmənçilik edib, ədavət bəsləyib, saysız-hesabsız terror aktları törədiblər. Bu terror aktlarını, törətdikləri cinayətləri tez-tez danışıb fəxr etdiklərini deyirdilər. Xüsusilə 1992-1993-cü illərdə törətdikləri cinayətlərdən, qətliamlardan daha çox danışır, bizə etdikləri zülümlə qürur duyduqlarını bildirirdilər. Lakin çox şükür ki, Azərbaycan Ordusu düşmənə sarsılmaz zərbə vurdu və torpaqlarımızı işğaldan azad etdi. Vətən müharibəsində qazandığımız böyük Qələbəyə və doğmalarımızın yanına qaytarılmağımıza görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımı bildirirəm”.