Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində 2020-ci ilin dekabr ayının son 15 günü ərzində qərarlar qəbul edilib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, 26 dekabr tarixli Qərara uyğun olaraq bir sıra qərarlarda dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nda, “Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları”nda dəyişikliklər edilib.
Həmin tarixdə Nazirlər Kabinetinin 215 nömrəli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 noyabr tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasında sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda, eləcə də “Naxçıvan Muxtar Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nda da dəyişiklik edilib.
Bundan başqa, dekabrın 28-də “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin işçilərinin maddi təminatı və sosial müdafiələrinin gücləndirilməsinə dair Qaydalar” təsdiq edilib. Qaydalara əsasən əmək stajı hesablanarkən işçinin tutduğu vəzifədə stajı, əvvəlki vəzifəsindəki stajı, məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş məcburi işburaxma dövrü, vəzifəsində staj və sınaq müddəti, vəzifəsinin və əməkhaqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı müddət, əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət və ödənişli məzuniyyət dövrləri nəzərə alınır.
Həmçinin Nazirlər Kabinetinin 28 dekabr tarixli Qərarı ilə “Dövlət müəssisə və təşkilatları tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması ilə əlaqədar Nümunəvi Formalar”ın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 iyul tarixli 73 nömrəli Qərarında dəyişiklik edilib.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.