Dilqəm Əsgərovun və Şahbaz Quliyevin girovluqdan azad edilməsi daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub

A- A A+

2014-cü ilin iyulunda yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə işğal olunmuş Kəlbəcər rayonunun ərazisinə getmiş Əsgərov Dilqəm Qardaşxan oğlu və Quliyev Şahbaz Cəlal oğlu işğalçı dövlətin hərbçiləri tərəfindən girov götürülüblər. Bu məsələ ilk andan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət mərkəzində olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov yanvarın 7-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında deyib.

İ.Axundov qeyd edib ki, Prezident İlham Əliyev 2019-cu il dekabrın 6-da MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi Zirvə toplantısında Ermənistanın baş naziri, həmçinin ötən il fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşləri zamanı Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq, gündəmdə olan “hamının-hamıya” prinsipi əsasında dəyişdirmə prosesinin tam həyata keçirilməsinin, o cümlədən Dilqəm Əsgərovun və Şahbaz Quliyevin də azad edilənlər arasında yer almasının vacibliyini bildirib. Ermənistan hadisənin ilk günlərindən etibarən məsələyə humanitar mövqedən deyil, siyasi-hərbi aspektdən yanaşıb, separatçı “Dağlıq Qarabağ rejimi”nin vasitəsilə məhkəmə şousu təşkil edilib, "Dövlət sərhədini pozma", “casusluq” və s. kimi qondarma ittihamlarla 2014-cü il dekabrın 29-da Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il müddətinə azadlıqdan məhrumetmə “cəzası” verilib.

Dövlət Komissiyasının katibi deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin humanitar atəşkəsə riayət olunması ilə bağlı 2020-ci il 10 oktyabr tarixli Moskva bəyannaməsindən, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidentinin və Ermənistan Respublikasının baş nazirinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatından sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısı ilə keçirdiyi görüşlərdə Azərbaycan Respublikasının vətəndaşları, o cümlədən Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad olunması məsələsini təxirəsalmadan müzakirə edib. Komissiya sədri Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad olunması müqabilində konkret təklif irəli sürüb və bu təklifin qarşı tərəfə çatdırılmasını BQXK-dan xahiş edib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən 44 gün ərzində işğalçı Ermənistan ordusu üzərində əldə edilmiş tarixi Qələbə müqəddəs Vətən torpaqlarının azad edilməsi ilə yanaşı, altı il yarım qeyri-qanuni girovluqda saxlanılmış soydaşlarımız - Dilqəm Əsgərovun və Şahbaz Quliyevin də azadlığa qovuşmasına imkan yaradıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: