Şahbaz Quliyev: Azərbaycana qayıtdığım üçün Prezident İlham Əliyevə minnətdaram

A- A A+

Azərbaycana qayıtdığım üçün Azərbaycan Prezidenti İlham Əliyevə minnətdaram. Qarabağ Azərbaycandır. Biz valideynlərimizin qəbrini ziyarət edərkən girov düşdük. Mən Dilqəm Əsgərovdan əvvəl girov düşmüşdüm. Ancaq onlar çəkdikləri işgəncəni mən də çəkmişəm. Verilən işgəncələr nəticəsində gözümdən, başımdan, ayaqlarımdan ciddi zədə almışam. Hətta daxili orqanlarım, o cümlədən ciyərlərim, ödüm ciddi zədələnmişdi. Ermənilər bizi axşamlar yatmağa qoymurdular. Çarpayının altına nə isə qoymuşdular və o, səhərə kimi səs çıxarır, bizi yatmağa qoymurdu.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ermənistan hərbçiləri tərəfindən girov götürülərək altı il yarım əsirlikdə saxlanılmış Şahbaz Quliyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə yanvarın 7-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında deyib.

Əsir və girovluqda olduğu müddətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktlarından danışan Şahbaz Quliyev qeyd edib ki, onların qondarma “milli təhlükəsizlik” qurumunun əməkdaşı demək olar hər gecə əlindəki dəyənəyi belimizdə qırırdı. Onlar bizim ziyarətə gəlməyimizə inanmırdılar. Bizə terrorçu, diversant adı qoymuşdular. Son günə kimi də bizi belə təqdim etmək istəyirdilər.

“Mənim gözümün qarşısında Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrini qovdular ki, əlimə baxmasınlar. Əlimdə qırıq var idi. Sonuncu gün Beynəlxalq Qızıl Xaç Komitəsin nümayəndəsi olan həkim gəlmişdi. Həkim deyirdi ki, əlimə gips qoyulmalıdır, lakin onlar buna ehtiyac olmadığını bildirdilər. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi bizə verilən işgəncəni görürdü. Bizə verilən işgəncələr haqda məktublarda yazmağa imkan vermirdilər. Bir il sonra mənə 22 il, Dilqəm Əsgərova ömürlük azadlıqdan məhrumetmə cəzası verildi. Bir ildən sonra Şuşa həbsxanasında bizi kameraya bağlamışdılar. Məni Şuşaya aparan zaman da yaxşı baxmırdılar. Lakin biz Vətənimizə, ailəmizin yanına qayıdacağımıza inanırdıq, dövlətimizin başçısına güvənirdik. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində parlaq Qələbəsi bütün Ermənistanı silkələdi. Mən şəhidlərimizə Allahdan rəhmət, qazilərə şəfa arzulayıram. Şəhidlərimizin və qazilərimizin analarının qarşısında baş əyirəm. Xalqımızı qələbə münasibətilə təbrik edirəm”.

Qeyd edək ki, beynəlxalq təşkilatların və Rusiyanın sülhməramlı qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və ötən il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Azərbaycan vətəndaşları olan əsir və girovlar, o cümlədən 2014-cü ilin iyulundan erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov təyyarə ilə Bakıya gətirilib. Onlar karantin tədbirlərinin həyata keçirilməsindən sonra ailələrinə qovuşublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: