Prezident İlham Əliyevin Qarabağın inkişaf perspektivləri ilə bağlı fikirləri İtaliya mətbuatının diqqət mərkəzində olub - FOTOLAR

A- A A+

İtaliyanın nüfuzlu “İl Giornale” qəzeti, “Notizie Geopolitiche” analitik-informasiya portalı, “MSN Notizie” saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilmiş müşavirədə dövlətimizin başçısının ötən il ölkəmizdə siyasi, iqtisadi, sosial sahələrdə baş vermiş əsas hadisələr, eləcə də 2021-ci il üzrə planlar ilə bağlı açıqlamalarına dair məqalələr dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yazılarda Prezident İlham Əliyevin fikirlərinə istinadən 2020-ci ilin bütün ölkələr üçün iqtisadi sahədə ağır il olduğu, amma Azərbaycanın digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxdığı, 2020-ci ildə Azərbaycanda qeyri-neft sənayesinin 11 faizdən çox artdığı, bunun da məhz şaxələndirmə hesabına əldə edildiyi və bunun real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı demək olduğu bildirilib.

Azərbaycanın dövlət başçısının 2020-ci ildə ölkədə kənd təsərrüfatının 2 faiz, orta əməkhaqqı və orta pensiyaların təqribən 13-14 faiz artdığını, koronavirusla mübarizə üçün vəsaitlər xərclənsə də, müharibə aparılsa da, digər xərclər, müavinətlər və sosial paketlər olsa da, ölkənin valyuta ehtiyatlarının qorunduğunu və Dövlət Neft Fondunun vəsaitinin 0,5 faiz artdığını bildirdiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, Prezident İlham Əliyev 2020-ci ilin sonunda - dekabrın 31-də Cənub Qaz Dəhlizinin tam istismara verildiyini bildirib. Azərbaycanın dövlət başçısının bununla bağlı fikirlərindən sitat gətirilib: “Onun son seqmenti olan TAP istismara verildi. Azərbaycan qazı tarixdə ilk dəfə olaraq artıq Avropa məkanındadır. Bu, bizim tarixi nailiyyətimizdir. Çünki Cənub Qaz Dəhlizinin təşəbbüskarı da bizik. Əsas maliyyə yükünü də biz öz üzərimizə götürmüşük. Bir çox ölkələri birləşdirən bu layihə gələcəkdə o ölkələr və digər Avrasiya ölkələri arasında yeni əməkdaşlıq formatının təməlini qoyur. Bu əməkdaşlıq formatı bu gün artıq özünü nəqliyyat sektorunda, ticarət sektorunda göstərir, ondan sonra digər sektorlarda göstərəcək. Biz Avrasiyanın enerji xəritəsini yenidən tərtib etdik. Biz bir-birinə bağlı olan 3500 kilometr uzunluğunda 3 qaz kəmərini inşa etdik. “Şahdəniz-2” layihəsini istismara verdik və artıq Avropa istehlakçıları Azərbaycan qazını alırlar. Bu, həm onlar, həm də bizim üçün faydalıdır. Eyni zamanda, digər layihələr üzrə də uğurlu işlər aparılıb. Əminəm ki, bu layihələrin işlənməsi bizə əlavə dividendlər gətirəcək - həm iqtisadi, həm siyasi”.

Yazılarda Prezident İlham Əliyevin beynəlxalq qurumların Azərbaycanda gedən işlərə verdikləri qiymətlə bağlı fikirlərinə də yer verilib: “Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir. Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi parametrlərini qeyd etmək istərdim. Əhalinin elektrik təchizatı səviyyəsi - dünya miqyasında Azərbaycan ikinci yerdədir. Hökumətin dəyişməyə cavabdehliyi, yəni ki, islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında beşinci yerdədir. Hökumətin uzunmüddətli strategiyası - Azərbaycan 10-cu yerdədir. Hökumətin siyasi sabitliyi təmin etməsi - Azərbaycan 11-ci yerdədir. İnfrastruktur layihələri ilə bağlı - dəmir yolu xidmətlərinin səmərəliliyi 11-ci yerdədir. Hava yolları xidmətlərinin səmərəliliyi – 12-ci yer. Avtomobil yollarının keyfiyyəti - 24-27-ci yerlərdəyik. Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılmışdır. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir”.

Məqalələrdə Prezident İlham Əliyevin müşavirədə 2021-ci ilin planlarından danışaraq dövlət investisiya planında təsbit olunmuş ənənəvi işlərlə yanaşı, azad edilmiş ərazilərdə görüləcək işlər barədə məlumat verdiyi də bildirilib. Bu xüsusda, birinci layihə kimi Şuşa şəhərinə yol layihəsi, Şuşa şəhərinə getmək üçün yeni yol çəkilişinin mütləq olduğu, bu sahədə işlərə artıq start verildiyi, artıq Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolunun inşa olunmağa başlandığı və bu yolun nəzərdə tutulmuş qrafikdən daha tez bir zamanda inşa ediləcəyi oxucuların diqqətinə çatdırılıb.

Prezident İlham Əliyevin digər vacib layihə kimi Toğanalı - Kəlbəcər yolu layihəsinə də start verildiyini və relyefin mürəkkəbliyini nəzərə alaraq, bu yolun üstündə tunellərin tikiləcəyini, habelə Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilməsi üçün hazırlıq işlərinə başlandığını, Toğanalıdan Kəlbəcərə çəkiləcək yolun Laçın rayonuna da davam etdiriləcəyini, beləliklə, iki tərəfdən, - həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturunun yaranacağını bildirdiyi qeyd olunub.

Eyni zamanda, dövlətimizin başçısına istinadla Laçın və ya Kəlbəcər rayonunun ərazisində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarıldığı, ya Laçın, ya da Kəlbəcərdə yeni beynəlxalq hava limanının tikiləcəyi, Füzuli şəhərində də beynəlxalq hava limanının inşa ediləcəyi, bunun həm Qarabağ bölgəsinin inkişafı üçün lazım olduğu, eyni zamanda, Şuşaya gəlmək istəyən xarici qonaqların rahat Füzuliyə enib, oradan avtomobillə Şuşaya gedəcəkləri, aeroportun tikintisi ilə paralel olaraq artıq Füzuli şəhərindən beynəlxalq uçuşların təşkili ilə bağlı ilkin araşdırmaların aparılmalı olduğu və aeroportun açılışından sonra qonşu ölkələrin bəziləri ilə hava nəqliyyatının təmin edilməsi üçün AZAL-ın müvafiq iş aparmalı olduğu vurğulanıb.

Yazılarda bildirilib ki, Prezident İlham Əliyev iki beynəlxalq aeroportun Qarabağ zonasını bərpa etməyə, yüklərin daşınmasına, turizmin inkişafına kömək göstərəcəyini, eyni zamanda, insanların oraya qayıdandan sonra onların rahatlığı üçün böyük əhəmiyyətinin olacağını deyib.

Müşavirədə dövlətimizin başçısının bölgədə çəkiləcək yeni dəmir yolu xətləri barədə də məlumat verdiyi bildirilib, bu xüsusda Horadiz-Füzuli və Füzuli-Şuşa dəmir yolunun tikintisinin də nəzərdə tutulduğu, bunun da Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün çox vacib olduğu, Horadiz-Ağbənd dəmir yolunun da yenidən tikiləcəyi, bu yolun Naxçıvan dəhlizini açmaq üçün xüsusi əhəmiyyət daşıdığı qeyd olunub. Vurğulanıb ki, tədbirdə Azərbaycan Prezidentinin Naxçıvan dəhlizinin açılması üçün konkret işlərin getdiyi, bu dəhlizin açılmasının noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapdığı, bu yolun mütləq açılacağı və bölgəyə yeni imkanlar gətirəcəyini deyib. Dövlətimizin başçısı bildirib: “Bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir. Biz öz ərazimizdə Horadiz-Ağbənd dəmir yolunun tikintisinə başlayacağıq. Bununla paralel olaraq, Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpası və müasirləşdirilməsi istiqamətində də işlər aparılacaq. Nəzərə alsaq ki, Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəf müqabilimiz, əlbəttə, Rusiyadır. Çünki Ermənistan dövlətinin Mehri dəmir yolu layihəsinə heç bir aidiyyəti yoxdur. Biz bu məsələni Rusiya ilə müzakirə edirik. Çünki Rusiya dəmir yolları Ermənistan dəmir yollarının sahibidir. İlkin müzakirələr müsbətdir”.

Həmçinin bildirilib ki, Azərbaycan Prezidenti azad edilmiş torpaqlarda kənd təsərrüfatı məhsuldarlığının artırılması üçün suvarma işlərinin sürətlə getməli və bu ərazilərdə ən müasir suvarma sistemlərinin təşkil edilməli olduğunu, orada su mənbələrinin də kifayət qədər çox olduğunu deyib.

Habelə dövlət başçısının işğaldan azad olunmuş ərazilərdə enerji təchizatı ilə bağlı göstərişlər verdiyi, həm ənənəvi, həm bərpaolunan enerji növlərinin həmin ərazilərdə geniş vüsət alacağını və Qarabağ bölgəsinin yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacağını dediyi qeyd olunub.

Prezident İlham Əliyevin Qarabağın turizm potensialı ilə bağlı fikirlərindən də sitat gətirilib: “Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək".

Eyni zamanda, bildirilib ki, Prezident İlham Əliyev müharibənin başa çatmasından iki aydan da az vaxt keçsə də, artıq çox böyük işlər görüldüyünü qeyd edib. O deyib: “Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: