Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq

217

44 gün davam edən İkinci Qarabağ müharibəsi işğal altında olan torpaqlarımızı sahibinə qaytardı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycanın hərbi-siyasi Qələbəsindən sonra işğaldan azad edilmiş şəhər və rayonlarımıza səfərləri, bu ziyarətlər çərçivəsində keçirilən görüşlər, 30 ildən artıq sahibini gözləyən ərazilərimizdə sanki hər daşın, qayanın qayğısının çəkilməsi Vətən müharibəsinin milli qürurumuzu özümüzə qaytarmasının yaratdığı sevinc, xoşbəxtlik hissinin aydın mənzərəsini təqdim edir.

Yanvarın 14-15-də Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Qarabağın incisi sayılan Şuşaya səfərləri təkcə 44 günlük Vətən müharibəsinin milli qürurumuzu özümüzə qaytarmasından doğan sevinc, xoşbəxtlik hissinin növbəti təqdimatı olmadı, həm də bu səfər Azərbaycanın Müzəffər Ali Baş Komandanının yenilməz siyasi və hərbi iradəsini, qətiyyətini, 27 sentyabr 2020-ci ildən başlanan Zəfər yürüşünün bu gün quruculuq və abadlıq müstəvisində davam etdiyini bir daha bütün dünyaya əyani şəkildə nümayiş etdirdi. Möhtərəm Prezidentimiz Cıdır düzündə çay süfrəsinə qonaq olarkən “Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə. Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!” söyləyərək Şuşaya qayıtmağın təkrarolunmaz bir hiss və duyğu olduğunu diqqətə çatdırdı. Tarixi səfər başa çatdıqdan sonra Bakıya dönməzdən əvvəl yenidən Cıdır düzünə- Şuşanın bu əsrarəngiz guşəsinə qayıtmasını isə Azərbaycan xalqına bir daha söylədiyi bu reallıqla əsaslandırdı: “Deyim ki, biz xoşbəxt xalqıq, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Xoşbəxt xalqıq ki, özümüzü müstəqil dövlət kimi təsdiq etmişik. Bir daha deyim ki, Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Azərbaycan xalqının alternativsiz lideri İlham Əliyev idarəçiliyinin yetirmələridir: “Möhtərəm Prezidentimizin dönə-dönə vurğuladığı kimi, bu gün Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. Azərbaycan gəncləri torpaqlarımızı işğaldan azad etmək üçün hər zaman möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “hücum” əmrini gözləyiblər. Tarixə Zəfər Gününü yazan, ötən il sentyabrın 27-dən başlayıb noyabrın 10-da başa çatan İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi və siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təqdimatı olan üçtərəfli Bəyanatın imzalanması ilə nöqtə qoyulan qalibiyyət yürüşümüz ölkə Prezidentinin “Artıq yetər!” söyləyib “Azərbaycan əsgəri, irəli!” əmrinə verilən dəstəyin, “dəmir yumruq” kimi birliyin göstəricisidir. Şübhəsiz, bütün nəsillərdən olan vətəndaşların bu Qələbədə böyük zəhməti, payı var. Amma əsas yükü, vəzifəni cənab Prezidentin də bildirdiyi kimi, gənc nəsil yerinə yetirdi. Məhz onların vətənpərvərlik ruhunda tərbiyə edilmələri, düşmənə bəslədikləri sonsuz nifrət hissi bizi böyük Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Bu yumruq həm güc, həm də birlikdir. Tarixi təcrübə də göstərir ki, ölüm-dirim savaşında birliyi olan ölkələr, yüksək idarəçilik qabiliyyətinə malik, dövlətinin, xalqının gələcəyini düşünən, iradəli, qətiyyətli, dövlət maraqlarını hər şeydən üstün tutan liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü. Qalib Azərbaycanın, rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı kimi cənab İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza davamlı səfərləri bunun bir daha təsdiqidir”.

Vüqar Rəhimzadə qeyd edib ki, Müzəffər Azərbaycan Ordusunun dünya hərb tarixində bir ilk olan unikal Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq: “Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi Azərbaycanın müharibə taktikasının dünyaya nümayişi oldu. Artıq inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Dövlətimizin başçısının da vurğuladığı kimi, şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. Möhtərəm Prezidentimiz hər zaman bəyan edirdi ki, əgər düşmən torpaqlarımızdan öz xoşu ilə çıxmasa, məcbur edəcəyik onları, qovacağıq torpaqlarımızdan, güc amili öz rolunu oynayacaq. Belə də oldu, 44 günlük müharibənin hər bir günü Zəfər günü kimi tarixə yazıldı. Müharibələrdə hücumlar, geriyə çəkilmələr, manevrlər olduğu halda, Azərbaycan Ordusu Vətən müharibəsində dünyaya demək olar ki, indiyədək hərb tarixində müşahidə edilməyən bir mənzərəni-hər gün irəli getmək, yeni-yeni ərazilər azad etmək kimi nadir nümunəni təqdim etdi. Düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini, 5 şəhəri, o cümlədən Qarabağımızın ürəyi, şöhrət tacı, milli musiqimizin beşiyi olan Şuşamızı işğaldan azad etdik. Bu müharibə tariximizdə əbədi yaşayacaq. Zəfərimizi şəhidlərimizin canı, qanı bahasına, qalib hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Dövlətimizin şəhid ailələrinə, Qarabağ müharibəsi qazilərinə, ümumiyyətlə, hərbçilərimizə diqqət və qayğısı onların bu qəhrəmanlıqlarına verdiyi yüksək dəyərin, onlarla qürur duymasının, hər zaman bu kateqoriyadan olan insanların yanında olmasının təsdiqidir. Bu gün bütün dünya Qələbəmizdən danışır. Dünyanın aparıcı media orqanları bu Qələbə haqqında yazır, reportajlar hazırlayırlar. Azərbaycan Ordusunun dünyanın hərb tarixinə yazdığı yeni səhifə ilə bağlı kitablar yazılacaq, bu tarixi Zəfərimiz dərsliklərə salınacaq, gələcək nəsillər torpaqlarımızın işğaldan azad edildiyi günləri böyük qürur hissi ilə qeyd edəcəklər.”

“Dövlətimizin başçısı İlham Əliyev Şuşada son dəfə 39 il bundan əvvəl olduğunu xatırlayaraq bu dəfə Müzəffər, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəldiyini bildirdi”, - söyləyən baş redaktor ölkəmizin həyatında yeni dövrün başlandığını böyük qürur hissi ilə qeyd edib: “Şuşamız, dağıdılmış bütün başqa şəhər və kəndlərimiz, tarixi abidələrimiz bərpa ediləcək. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı fəaliyyətə başlayıb. Həmin torpaqların bərpası və inkişafı konsepsiyası hazırlanıb. Azad edilmiş bütün şəhərlərdə işğal muzeylərinin yaradılması qarşıya mühüm vəzifə kimi qoyulub. Nəqliyyat infrastrukturunun yaradılması prosesi qarşıdakı dövrdə də diqqət mərkəzində saxlanılacaq. Bu il tikintisinə başlanılan Füzuli Beynəlxalq Hava Limanının elə bu il də istifadəyə verilməsi planlaşdırılır. Bu aeroportun bölgənin inkişafında, turizm infrastrukturunun yaradılmasında, həyata keçiriləcək tədbirlərin, o cümlədən bərpa və yenidənqurma işlərinin reallaşdırılmasında rolu böyükdür. Azad edilmiş torpaqlarda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçında inşa ediləcək. Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməlinin qoyulması, işğaldan azad edilən ərazilərdə beynəlxalq aeroportlar da daxil olmaqla nəqliyyat-kommunikasiya infrastrukturu böyük strateji əhəmiyyətə malikdir. Möhtərəm Prezidentimiz İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən bildirmişdir: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Bu gün xalqımız işğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən milli qürur mənbəyimiz olan gözəl Şuşamızda yeni dövrün-quruculuq və bərpa işlərinin sevincini yaşayır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: