Anar Eyvazov: Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiyanın nəzdində əlavə iki səyyar qrup yaradılıb

A- A A+

Səfərbərlikdən tərxis olunmuş vətəndaşlarımızın qəbulu, onların müraciətlərinə obyektiv və operativ qaydada baxılması ilə bağlı müdafiə nazirinin əmri ilə yaradılmış komissiya yanvarın 11-dən etibarən Bakıda Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyətini davam etdirir. Bundan başqa, Füzuli rayonunda da komissiyanın səyyar qrupu da fəaliyyət göstərir. Bakıda fəaliyyət göstərən komissiya tərəfindən bu günə qədər 1751 vətəndaş qəbul edilib. Füzuli rayonunda fəaliyyət göstərən səyyar qrup tərəfindən isə 202 vətəndaş qəbul olunub. Hazırda müraciətlərdə qaldırılan məsələlərin həlli istiqamətində lazımi tədbirlər görülür.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov yanvarın 17-də jurnalistlərə müsahibəsində deyib.

Mətbuat katibi bildirib ki, müsbət fəaliyyətlərdən biri də müraciət edən bəzi vətəndaşlarımızın komissiyaya könüllü şəkildə kömək etmək və vətəndaşlara xidmət göstərmək üçün müraciət etmələridir. Bu təşəbbüs tərəfimizdən müsbət qarşılanıb. Son günlər bəzi vətəndaşlarımız da komissiyaya qoşularaq digər vətəndaşlara xidmət etməyə başlayıblar.

“Fəaliyyətimizin genişləndirilməsi və vətəndaşların gediş-gəlişini nəzərə alaraq, onların rahatlığını təmin etmək məqsədilə komissiyanın nəzdində əlavə iki səyyar qrupun da yaradılması qərara alınıb. Beləliklə, yanvarın 18-dən etibarən Pirəkəşkül qəsəbəsində və Gəncə şəhərində yerləşən hərbi hissələrdə səyyar qruplar fəaliyyət göstərəcək. Bununla da bazar günləri istisna olmaqda hər gün səhər saat 09:00-dan 18:00-dək respublikanın dörd istiqamətində komissiya fəaliyyətini davam etdirəcək. Eyni zamanda, vətəndaşlarımızın rahatlığı üçün onların heç yerə getmədən müraciət etmələri və sorğularının cavablandırılması məqsədilə əlavə “qaynar xətt” nömrələri də açılıb. Həmin “qaynar xətt” nömrələri də eyni istiqamətlər üzrə fəaliyyətə başlayacaqlar. Bakıda fəaliyyət göstərən “qaynar xətt”in nömrələri 012 404-76-34, 050 873-21-85, Gəncədə 050 758-27-34, Füzuli rayonunda 050 706-70-07, Pirəkəşkül qəsəbəsində isə 050 653-16-39-dur.

Komissiyanın veteran adı və ya müvafiq olaraq veteran kitabçasının verilməsi səlahiyyəti yoxdur. Buna görə də vətəndaşlarımızdan xahiş edirik ki, bu məsələ ilə əlaqədar komissiyaya müraciət etməsinlər”, - deyə A.Eyvazov vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: