“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun “Azərbaycanda Yanvar hadisələri və Misirdə 1919 inqilabının oxşar cəhətləri” sərlövhəli məqaləsi Misir, Əlcəzair və Səudiyyə Ərəbistanı KİV-lərində yayılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Əl Hərir”, “Sotabaldna”, “Əl Vətən”, “Nəbd”, “Əl Vəsiqə” və digər informasiya portallarında yayılmış məqalədə 20 Yanvar faciəsinin tarixi haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli qırğın törədilib. Bu qanlı hadisənin törədilməsindən əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik arzusunda olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi.
Diaspor sədri o vaxt mövcud olmuş şəraiti 1919-cu ildə Misir inqilabı zamanı ermənilərin misirlilərə xəyanəti ilə müqayisə edərək 20 yanvar hadisəsini oxucuların diqqətinə çatdırıb. Misirli tarixçi alim Əbdül Vəhhab əl-Nəccar “Qırmızı Günlər” əsərində qeyd edir ki, ingilislərin Misir inqilabına dini don geyindirmək səyləri iflasa uğrayandan sonra misirlilər arasında nifaq, iğtişaş və fitnə-fəsad törətmək üçün ermənilərdən istifadə olunub. Müəllif kitabın müxtəlif səhifələrində bir neçə ay davam edən xalq üsyanı ərəfəsində ermənilərin dəfələrlə misirliləri öldürdüklərini sübut edən məqamları qeyd edib. Bu xəyanətdə erməni qadınları da fəal iştirak ediblər. Onların öz evlərinin eyvanından mitinqlərdə iştirak edən misirlilərə atəş açdığı və azadlıq mücahidlərinin həbsi ilə bağlı məhkəmədə şahidlik etdikləri vurğulanıb. Kitabda yoldan keçən bir misirlini öldürən Mari Əmiryan adlı erməni qadının xilas edilməsində ingilis və avstraliyalı əsgərlərin səylərindən də bəhs olunur. Əl-Nəccar qeyd edir ki, ingilislərin himayəsi altında olmalarına baxmayaraq, misirlilər ermənilərdən dəfələrlə öz qisasını almağa müvəffəq olmuşlar.
Dünya ölkələrinin ikili standartlar mövqeyindən çıxış etməsindən yazan misirli alim qeyd edib: “Misirin hər guşəsində kəndlər yandırılır, insanlara qarşı soyqırımı törədilir və buna rəğmən, heç bir ölkə törədilən bu faciəni qınamır. Amma düşmənçilik edərək qətliam törədən ermənilərdən qisas almağa başlayanda, ABŞ dərhal bizi qınayır”.
Məqalədə dünya ölkələrinin 1919-cu ildə Misirlə olduğu kimi, Azərbaycana qarşı da ikili standartlardan çıxış etdiyi, ermənilərə dəstək verdiyi vurğulanır. Otuz il ərzində Qarabağda mədəni abidələrimizi dağıdan və məscidlərimizi təhqir edərək xarabalığa döndərən ermənilərə etiraz etməyən UNESCO bu gün Qarabağda erməni irsinin qorunması adı altında bu cür mövqe sərgiləyir.
Müəllif vurğulayır ki, 31 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan yüzlərlə insan xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə qətlə yetirilib. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar da olub. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi.
Diaspor rəhbəri Azərbaycan xalqına qarşı yürüdülən bu ikili standart siyasətinin misirli alim Şeyx Məhəmməd əl-Ğəzalinin “Əl-Həqq əl-Murr” (“Acı həqiqət”) kitabında da öz əksini tapdığını bildirir.
Yazıda 20 Yanvar hadisələri zamanı misirli deputatların və ölkə mətbuatının Azərbaycan xalqına qarşı törədilən vəhşiliyi pisləməsi xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi qiymətləndirilib, insanlığa qarşı törədilmiş bu vəhşiliklərə dünya birliyinin hələ də göz yumduğu vurğulanıb. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, Azərbaycan xalqı o dəhşətli gecəni daim xatırlayır, faciəni törədənlərin ədalət qarşısına çıxacaqları günü gözləyir.
Məqalənin sonunda ermənilərə müraciət olunur: “Ümidvaram ki, ermənilər bu tarixi hadisələrdən nəticə çıxaracaq və bir daha xarici qüvvələrə güvənərək xalqlar arasında fitnə-fəsad törətməyəcəklər. Qoy, sülh və əmin-amanlıq bütün dünyaya yayılsın, insanlar xoşbəxt yaşasınlar”.