Vüqar Rəhimzadə: Anlaşma Memorandumunun imzalanması Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq
Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb və nüfuz qazanıb. Neft sənayesini iqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1970-1980-cı illər Xəzər dənizində yeni yataqların kəşf olunmasında, ölkəmizin neft emalı, neft-kimya sənayesinin yenidən qurulmasında və modernləşdirilməsində dönüş mərhələsi kimi dəyərləndirilir. Zəngin təbii resurslara, əlverişli coğrafi məkana, eyni zamanda, elmi potensiala malik olan Azərbaycan daim dünyanın diqqət mərkəzində olub. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən, daha dəqiq desək, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra neft-qaz sənayesinin tarixində yeni mərhələnin əsası qoyuldu. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması bir daha bu reallığı təsdiqlədi ki, səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması fonunda hər bir ölkə öz iqtisadi inkişafını təmin edə bilər. “Əsrin müqaviləsi”nin imzalanması Xəzər dənizinin zəngin sərvətlərindən istifadə üçün dünyanın aparıcı neft şirkətlərinin və xarici investisiyaların cəlb edilməsi üzrə çox mühüm siyasi addım olmuş, bu istiqamətdə ilk dəfə olaraq Xəzər dənizində beynəlxalq əməkdaşlığa yol açılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin “Xəzər sülh, əməkdaşlıq dənizi olmalıdır» fikrini önə çəkərək Azərbaycanın xarici siyasətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən sonra ikinci əsas məsələnin Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi olduğunu bildirib: “Keçmiş İttifaqın dağılmasından sonra Xəzər regionunda yeni müstəqil dövlətlərin yaranması Xəzərin hüquqi statusunun müəyyən edilməsi məsələsini gündəmə gətirdi. Xəzəryanı dövlətlərin su sərhədlərinin müəyyənləşdirilməsi və Xəzərdən istifadə məsələsinin həllinin zəruriliyi meydana çıxdı. Xəzərin hüquqi statusu probleminin həll edilməsi ilə bağlı 1992-ci ildən etibarən sahilyanı dövlətlər arasında danışıqlar prosesinə başlandı. Uzun illər ərzində 5 Xəzəryanı dövlətin - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiyanın Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı ümumi razılığa gələ bilməmələri və yekun Konvensiyanın qəbul olunmaması səbəbindən bu problem Xəzəryanı dövlətlər arasında əsas müzakirə mövzusu olaraq qalırdı. Azərbaycan Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak edib. Azərbaycanla Qazaxıstan, eyni zamanda, Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzər dənizindəki milli sektorların sərhədlərini müəyyən edən razılaşma imzalanmışdı. İllər keçdikcə İran və Türkmənistanın da mövqeyinin beynəlxalq hüquq normalarına uyğun formalaşmasına nail olundu. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromisin əldə olunması və mövqelərin yaxınlaşması nəticəsində nəhayət, 2018-ci ildə Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı. Artıq ölkəmizin Xəzəryanı dövlətlərlə ikitərəfli əməkdaşlığının bugünkü səviyyəsi göz önündədir. Prezident İlham Əliyevin hər zaman çıxışlarında yer alan bu fikrini xüsusi qeyd etməliyik ki, Azərbaycanın xarici siyasətində region dövlətləri ilə əməkdaşlıq xüsusi yer tutur. Son illərdə ölkəmizin regional əməkdaşlığa verdiyi davamlı töhfələr bunun bariz nümunəsidir”.
Baş redaktor bildirib ki, bu gün Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur ki, bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır. Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır.
V.Rəhimzadə bu baxımdan 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanmasının tarixi hadisə olduğunu bildirib: “Yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. Bu mühüm addım iki ölkənin münasibətlərində yeni bir səhifənin açılmasına səbəb olacaq. Əvvəldə də qeyd etdiyimiz kimi, birgə səylər qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas yaradır. “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında imzalanan Anlaşma Memorandumu ölkəmizin neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Azərbaycan son illər tranzit ölkə kimi də mövqeyini möhkəmləndirməkdədir. Bu tarixi hadisə ölkəmizin tranzit ölkə kimi rolunun artmasına da öz müsbət təsirini göstərəcək”.
“Hər bir mühüm hadisə Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır” söyləyən baş redaktor bildirib ki, bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan tranzit ölkədir, reallaşdırdığı layihələrlə dövlətlər, xalqlar arasında körpü roluna yeni-yeni əlavələr edir. Nəqliyyat sektoruna çoxmilyardlıq investisiyanın qoyulması Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevirib: “Əlbəttə, imzalanan Anlaşma Memorandumu iki dost ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün yeni perspektivlər açır. Bu fakt bir daha sübut edir ki, regional əməkdaşlığa davamlı töhfələr verən Azərbaycan beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirməklə bölgədə əsl söz sahibinə çevrilib, etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Sənədin imzalanması həm də onu sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə Toplantısı ərəfəsində bu Memorandumun imzalanması sahilyanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin bariz nümunəsi kimi dəyərləndirilir”.